Gecə saatlarından etibarən Bakıya yağan intensiv yağış paytaxtın yollarını yenə bir neçə saata çökdürdü. Sanki illərdir təkrarlanan mənzərə təzədən canlandı: küçələr su altında, qurumlar isə yoxa çıxıb.
Paytaxtın müxtəlif istiqamətlərindən Musavat.com-un çəkdiyi görüntülər göstərir ki, heç bir qurumun operativ reaksiyası yoxdur, icra hakimiyyətləri isə ənənəvi olaraq “müşahidəçi” rolundadır.
Xüsusilə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində vəziyyət dözülməz həddə çatıb. Küçədə yerləşən yaşayış binalarının həyətləri tamamilə keçilməz hala düşüb. Vaxtında təmir olunmayan, çuxura çevrilmiş yollar yağışla birlikdə böyük gölməçəyə dönüb. Sakinlər evdən çıxmaq üçün suyun içindən keçməyə məcbur olublar.
Blokların girişləri su altındadır, yaşlılar və uşaqlar üçün həyətlərdən keçmək belə təhlükəyə çevrilib.
Sakinlər deyirlər ki, illərdir aidiyyəti qurumlara müraciət etsələr də, heç kim maraqlanmır.
“Yağış yağanda buradan çıxmaq mümkün deyil. Nə yol bərpa olunur, nə də su axıdılması üçün normal sistem qurulur. Sanki bu ərazinin sahibi yoxdur”, - deyə bina sakinləri bildirirlər.
Yağış paytaxtı vurub, amma nə kommunal xidmətlərin texnikası görünür, nə də icra nümayəndələri hadisə yerinə gəlir. Şəhər yenə özbaşına buraxılıb, sakinlər isə fəsadlarla üz-üzə qalıb.