İqtidar güc deməkdir. Kim güclüdürsə, çoxluq onun tərəfindədir. Buna görə də insanlar həmişə iqtidara can atırlar. Təkcə Azərbaycanda deyil, Amerikada da belədir.


Tez-tez eşidirik: 20 il müxalifətdə qalan qüvvə siyasi səhnəni tərk etməlidir. Əslində, belə olmalıdır. Amma belə olmadığı üçün mən heç vaxt İsa Qəmbəri və Əli Kərimlini qınamamışam. Bəzən bu ittihamı elə tonda səsləndirirlər ki, sanki AXCP və Müsavat liderləri prezident olmaq istəmirlər. Halbuki hakimiyyətə gəlmək hamıdan çox onların özlərinə lazımdır.

Amma İsa Qəmbər və Əli Kərimlini qınadığım vaxtlar da az olmayıb. Beş dəfə hakimiyyəti tənqid edəndə, bir dəfə də onlardan yazmışam. Həyatda səhvsiz insan yoxdur. Tənqid isə dost üçündür.

Bir neçə gün əvvəl Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bəy bizi bayram süfrəsi arxasına toplamışdı. Səfirliyin həyətində açıq havada baş tutan məclisdə qonaq çox olsa da, Müsavat başqanı İsa Qəmbərin bir neçə ictimai fəalla şirin söhbət etdiyi diqqətimdən yayınmadı. İsa bəylə tanışlığımızın ən azı 20 illik tarixi olduğu üçün yaxınlaşıb, hal-əhval tutmağı vacib saydım. Biz köhnə tanışlar kimi görüşüb, bir neçə dəqiqə ayaq üstdə söhbət edəndən sonra sağollaşdıq və mən yolumu gözləyən jurnalist dostlarımın yanına qayıtdım. Cəmi 3-4 dəqiqə sonra Milli Şuranın sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli və ALP sədri Əvəz Temirxan İsa Qəmbərin beş-altı addımlığındakı masaya təşrif buyurdular. Cəmil bəy sağ, Əli Kərimli isə sol tərəfə keçdi. Əvəz Temirxan isə arxasını İsa Qəmbərə tərəf çevirdi.

Tanınmış müxalifət liderlərinin İsa Qəmbərə salam verməmələri diqqətimdən yayınmadı. Obyektivlik naminə deyək ki, heç İsa Qəmbər də beş addımlığında dayanmış bu adamlara əhəmiyyət vermirdi. Arxasını İsa Qəmbərə çevirmiş ALP sədri Əvəz Temirxanın əlini ölçə-ölçə nəsə danışdığını görəndə, özümü saxlaya bilməyib, "Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın qoluna toxundum: "İsa Qəmbərə salam verməyi özünə sığışdırmayan bu adam 1990-cı ildə 20 Yanvar hadisələrini araşdırmaq üçün Moskva tərəfindən Azərbaycana göndərilmiş istintaq komissiyasının tərkibində fəaliyyət göstərən imperiya müstəntiqi Əvəz Temirxan deyilmi?”

Aqil Camal siyasətdən danışmağa həvəsli olmadığı üçün söhbəti dəyişdi: "Alma şirəsi içirsən, yoxsa şaftalı?” Əli Kərimli ilə şəxsi münasibətim olmasa da, tədbirlərdə qarşılaşanda həmişə hal-əhval tuturuq. Amma bu dəfə özünü imperiya müstəntiqi kimi apardığı üçün ona salam verməyə lüzum görmədim...

İsa Qəmbərlə Əli Kərimli 25 ildi bir yerdə yol gəlirlər. Bunu bildiyim üçün neçə gündür bir sual mənə rahatlıq vermir: doğrudanmı, 25 illik münasibət bi salama dəymədi?

Başa düşürəm, bizim ixtiyarımız yoxdur ki, Əli Kərimlini İsa Qəmbərə salam verməyə məcbur edək. Yaxud İsa Qəmbərə deyə bilmərik ki, mütləq Əli Kərimli ilə görüşməlidir. Amma buna əlahiddə ehtiyac var. Çünki 25 il bir yerdə yol gələn adamlar camaatın gözü qarşısında bir-birilərinə arxa çevirəndə siyasətin pis sənət olduğuna dair qənaət yaranır. Siyasətlə məşğul olmaq isə təkcə bu adamların alınına yazılmayıb. Əgər stajlı siyasətçilər gənclərin bu sahəyə meyllənməsini əngəlləmək istəmirlərsə, xeyirdə-şərdə qarşılaşanda Allahın quru salamını bir-birilərindən əsirgəməməlidirlər...