Təbriz VƏFALI

***

Kəndimizdə İbrahim adlı bir el ağsaqqalı var idi, 110 il ömür sürmüşdü. Kənkan idi. Bel, külünc, balta, yaba, lom, kürək, çəkic və digər dəmir alətlərinin köməkliyi ilə həm bizim kənddə, həm də digər kəndlərdə su quyuları qazar, halal zəhmətiylə, alın təriylə ruzisini qazanardı. Kəndimizdə İbrahim adında çox insan olduğu üçün ona “Quyuqazan İbrahim” deyirdilər…

Azərbaycan iqtisadi cəhətdən inkişaf etməyə başlayandan üzübəri müxtəlif quyuları qazmaq üçün yeraltı avadanlıqlardan, süxurdağıdıcı alətlərdən, quyudibi mühərriklərdən, qazma kəmərlərindən, burğulardan, qaldırıcılardan, müxtəlif növ borulardan, kompressorlardan, su nasoslarından və digərlərindən istifadə olunur…
Amma uzun illərdir sözügedən alətlərdən və avadanlıqlardan istifadə etmədən “quyu qazmağı” bacaranlar, bu sahədə bacarıq və qabiliyyətlərini məharətlə nümayiş etdirənlərə də tez-tez rast gəlinir. Xüsusilə də Azərbaycan mətbuatında “quyuqazan”lar kifayət qədərdir. 

İt itin ayağını basmasa da, sapı özümüzdən olan baltalarımız sayılan bəzi həmkarlarımız bir-birlərinə dibigörünməz “quyu qazmaqda, ”“badalaq vurmaqda” nə qədər mahir olduqlarını nümayiş etdirmək üçün ilan kimi dəridən, qabıqdan çıxırlar. Ayının 1 armud üstündə min oyunu varsa, çirkin niyyətlərinin realladırılması üçün bəzi paxıl, kindar, gözügötürməz media mənsublarının milyon fənddən, hiylədən istifadə edirlər. Heç fələk də onların ağılalmaz oyunlarından baş aça bilmir. 

Peşəkar jurnalistlərin haqlı tənqidlərinə, iradlarına qarşı çıxanların, onların “arxalarına süpürgə bağlayanlar”ın sayı ilbəil deyil, günbəgün artmaqdadır. Vəzifəli şəxslərə yarınmağı, “trolluq etməyi” özlərinə vəzifə borcu və şərəf sayan media nümayəndləri itinə tökdür. Hətta vəzifəli adamların sosail şəbəkələrdəki, xüsusilə də Facebookdakı statuslarında “gecələyənlər” də var. 

Mətbuatımızın “quyuqazan”larının “tarixi xidmət”lərinin bəhrəsidir ki, Azərbaycanda bəlkə də yeganə olaraq yalnız mətbuat sahəsində həmrəylikdən söhbət gedə bilməz. “Quyuqazan” jurnalistlərimizin səyləri nəticəsidir ki, “Jurnalistlər şəhərciyi”ndə jurnalistlər üçün tikilmiş 3-cü bina şəhid və qazi ailələrinə verildi, haqqı çatan həmkarlarımız fəxri adlar, medallar, mükafatlar almaqdan məhrum qaldılar. Bu, beləcə də davam edəcək… 
Yeri gəlmişkən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və SOCAR-ın yerinə olsam, bəzi jurnalistləri “quyuqazan” kimi ən yüksək maaşla işə götürərəm. Çünki bütün dünyada hər hansı bir maşın, qurğu və avadanlıq onlar kimi “dərin quyu qaza” bilməz…

Yadımdan çıxmamışkən, jurnalistlər arasında birlik-bərabərlik, həmrəylik yarandığı gün Bakının ən bahalı restoranında özümə qonaqlıq verəcəm.

Üz vurmayın, qonaq qəbul etmirəm…

MİA.AZ