Bakıda Azərbaycan hökuməti və İordaniya hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra bir sıra sənədlər imzalanıb.

Mia.az xəbər verir ki, həmsədrlər Sahil Babayev və Yarub Qudah tərəfindən Azərbaycan hökuməti və İordaniya hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının nəticələrinə dair Protokol, həmçinin 2025-2027-ci illər üzrə elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrində İcraedici Əməkdaşlıq Proqramı imzalanıb.

Bundan başqa, Azərbaycan və İordaniya hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, Dövlət Turizm Agentliyi ilə İordaniyanın Turizm və Tarixi Əsərlər Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və turizm sahəsində əməkdaşlığa dair İcra Proqramı və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə İordaniyanın Kiçik və Orta Müəssisələrin İnkişafı Korporasiyası (JEDCO) arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb. İqtisadi sahədə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əsas platforma olduğunu vurğulayan həmsədrlər qeyd ediblər ki, Komissiyanın IV iclasında ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri razılaşdırılaraq protokol imzalanmışdır. Həmçinin bildirilib ki, bir çox sahələrdə əldə olunan irəliləyiş münasibətlərin strateji xarakterini təsdiqləyir və mövcud potensial əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.