Deputat Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir. Deputatın Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olması səbəbindən videonun məzmunu və iddialar daha çox müzakirə edilib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Günay Ağamalı yayılan görüntülərin saxta olduğunu bilirib.

Deputat qeyd edib ki, sosial mediada ailə üzvləri haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır:

“Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir”.

G.Ağamalının sözlərinə görə, videodakı qız onun övladı deyil: “Yayılan videodakı şəxs mənim övladım deyil. Bu, sifarişlə hazırlanmış  qara piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi  baxımdan yolverilməzdir”.

“Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir. Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”.

***

Sosial şəbəkədə Milli Məclisin deputatı Günay Ağamalının qızı Nigar Həsənovaya aid olduğu iddia edilən görüntülər yayılıb.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, görüntüləri Şəfəq Ağacan adlı sosial media istifadəçisi yayıb.

O, Nigar Həsənovanın vücudundakı tatuları tənqid edib.

Videogörüntülərdə xanımın boynundakı xaç da sual yaradıb.

Sosial media istifadəçiləri deputatın qızının xristianlığı qəbul edib etmədiyini soruşublar. Məsələ ilə bağlı Lent.az Günay Ağamalı ilə əlaqə saxlamağa cəhd edib.

Deputat zənglərə cavab verməyib, "Whattsap" mesajından sonra isə nömrəni bloklayıb. Lent.az qızın səhifəsi ilə bağlı Tiktok-da araşdırma aparıb. Məlum olub ki, həmin səhifə bütün paylaşımlarını silib.

Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.

O, bundan əvvəl medianın diqqətinə atasının sədri olduğu Ana Vətən Partiyasındakı qalmaqalla gəlmişdi.

Günay Ağamalı qardaşı Elçin Ağamalı ilə partiya sədrliyi postu uğrunda mübarizə, daha sonra isə dava etmişdi.

Nəticədə AVP qurultayı "bacı və qardaş davası" kimi yadda qalmışdı.