"Bildirmək istəyirəm ki, mən və digər həmkarlarımın uzun müddət mətbuatda susmağımızın səbəbi vəzifəli şəxslərin bizə verdiyi söz idi: “Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yeni müqavilə imzalanmayacaq. Xahiş edirik, mövzuya qayıtmayın.” Biz də bu sözə inanaraq gözlədik. Lakin məlum oldu ki, Mehriban Ələkbərzadə onun arxasında dayanan yüksək vəzifəli rəfiqəsinin dəstəyi ilə, nazir Adil Kərimlinin bütün özbaşınalıqlara göz yumması nəticəsində daha 6 ay vəzifəsində saxlanılıb".

Mia.az xəbər verir ki, bu sözləri Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə konfliktdə olan Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında yazıb.

O daha sonra qeyd edib ki, Mehriban Ələkbərzadənin kollektivi alçaltması, şəhid qızına və onun ailəsinə ünvanladığı söyüşlər, 20 Yanvar şəhidlərinin xatirəsini “dəbdən düşmüş” adlandırması, erməni heykəlini səhnədə təbliğ etməsi, həmçinin İkinci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq ölkənin ana teatrında 44 günlük Vətən Müharibəsinin müqəddəs xatirəsinə bircə saatlıq belə sənət əsəri yaratmamasını, əvəzində teatrın baş rejissoru olaraq "AzDrama" üçün deyil, başqa bir dövlət qurumu AzTV üçün, pul müqabilində “sənədli film” adı altında xronologiya hazırlaması, şəhid qanı ilə sulanmış torpaqlarda əli cibində, motivə və ruhuna uyğun olmayan geyimlə kamera qarşısında “stand-up” etməsini rüsvayçılıq hesab edir:

""AzDrama"nın baş rejissoru başqa qurum üçün çalışmalıdımı? Teatra ayrılan vaxt, əməkhaqqı və status niyə başqa yerə sərf edilir? Bu özbaşınalıqların sonu görünmür.

Mədəniyyət Nazirliyi ilə bağlı bildiyim faktları açıqlayacağım üçün işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim.

Cənab Nazir Adil Kərimli, saysız-hesabsız şikayətlərə baxmayaraq, öz imzanızla təyin etdiyiniz Mehriban Ələkbərzadəni vəzifədən azad etməyə əliniz əsdi. Çünki teatr camiəsi və incəsənət adamları kulislərdə danışır ki, Adil Kərimli məhz Fərəh Əliyevadan qorxduğu üçün Mehriban Ələkbərzadəni vəzifəsindən azad etmir.

İnanıram ki, bir otaqlı evdə böyük ailə saxlayan və əlilliyi olan ailə üzvlərinə baxan mən, Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əliniz əsəməyəcək. Çünki arxamda yalnız Allah dayanır və mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm".

Ləman

MİA.AZ