AzTV-də dekabrın 1-dən "Dirilən Adam" serialı nümayiş ediləcək.
Mia.az xəbər verir ki, serial Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında hazırlanıb.
Serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir ailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq üçün yenidən şəhərə qayıdır.
Serialın baş rollarında əməkdar artistlər – Sənubər İsgəndərli, Füzuli Hüseynov, aktrisa və aktyorlar – Günay Həsən, Yasin Həzi yer alırlar.
Serialın ssenari müəllifləri Pərviz Seyidli, Jalə Novruz, Kamal Hüseynli, quruluşçu rejissoru Bəhram Yaqublu, quruluşçu operatoru Aqşin Rzayev, operator Əmrah Mərdanov, aktyorla iş üzrə rejissor Tural Baxış, prodüserlər Nicat Həsənli, Nərmin Xankişiyeva, bəstəkar Vüqar Məmmədli, rəssamlar İlqar Qurbanov, Ayxan Zərgərov, direktor Həmid Əsədzadə, layihə rəhbərləri isə Həmid Əsədzadə, Şövkət Məhərrəmovadır.
Serialın ümumilikdə 150 bölüm olması nəzərdə tutulub. İlk bölüm dekabrın 1-dən etibarən həftə içi 5 gün saat 22:00-da Azərbaycan Televiziyasında yayımlanacaq.
Qeyd edək ki, bu serial AzTV-nin tarixində ilk gündəlik çoxserialı layihədir.