2019-2024-cü illərdə Azərbaycanın illik qeyri-neft-qaz ixracının dəyəri iki dəfə artaraq 3,4 milyard ABŞ dolları olub, ixrac olunan əmtəə sayı isə 15 % artaraq 2 810-a çatıb.

Mia.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, neft-qaz qiymətlərinin və hasilatının azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib: "​2022-2024-cü illərdə xarici ticarət balansında isə, Dövlət Neft Fondunun qızıl, idxal, istisna olmaqla, orta illik hesabla 16 milyard ABŞ dolları məbləğində müsbət saldo olmuşdur. Qeyri-neft-qaz xidmətləri ixracı 45%-ə qədər artaraq 6,5 milyard ABŞ dollarını ötüb.

​2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb. Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40 %-dən, 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52 %-ə yüksəlib. Və 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57 % nəzərdə tutulub".