İstanbulun 50 günlük su ehtiyatı qalıb - Rəsmilər həyəcan təbili çalır
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin müvafiq təşkilatı açıqlama yayıb.
Bildirilib ki, vəziyyət bu şəkildə davam edərsə, İstanbulda su problemi ciddi hala çevrləcək: "Hazırda İstanbulu su ilə təmin edən nəhəng su anbarlarındakı ehtiyat ümumilikdə 25 faizdən aşağı düşüb. Bəzi göllər qurumaq üzrədir..."
Meteorologiya üzrə professor Orhan Şen rəsmi açıqlamaya münasibətdə deyib ki, vəziyyət hər keçən gün pisləşir: "Rəsmi qurumlar hələ bir az ehtiyatlı açıqlama verirlər. Fakt budur ki, qış bu şəkildə davam edərsə, fəlakət olacaq"
Professor İzmir və Bursadakı su böhranından sonra İstanbuldakı vəziyyətin çox təhlükəli xarakter aldığını təsdiqləyib: "Oktyabr və noyabr aylarında yağış gözlənildiyi kimi yağmadı. Bəli, həyəcan zəngləri artıq çalınır. Çünki yağış kifayət deyil. Təəssüf ki, qarşıdakı 5-8 gün ərzində də yağış olmayacaq. Baxın, İstanbulun dörd əsas su anbarı - Ömerli, Terkos, Büyükçekmece və Sazlıderedəki duruma, bu göllərdə də istifadəyə yararlı suyun miqdarı çox azalıb. Keçən həftə 185 milyon kubmetr olan istifadəyə yararlı su bu həftə 150 milyon kubmetrə düşüb. Bu, gündəlik 3 milyon kubmetr su istehlakı ilə İstanbul üçün təxminən 50 günlük su ehtiyatı deməkdir"
Firudin Səfərli
MİA.AZ