UEFA Çempionlar liqası liqa mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Qarabağ” Futbol Klubu (FK) və İngiltərənin “Çelsi” klubu arasındakı qarşılaşma saat 21.45-də T.Bəhramov adına Respublika stadionunda başlayır.
Mia.az xəbər verir ki, “Çelsi” 23 nəfərlik heyətlə artıq Bakıdadı və onlar oyuna bizim stadionda məşq etmədən çıxır.
Təbii ki, öz ölkəsində “zadəganlar” ləqəbi ilə tanınan klubun Bakıda məşqinə ehtiyac yoxdu. Onlar öz ölkəsində yerli çempionatda “Tottenham”ı məğlub edərək gəliblər. Bundan yaxşı məşq?
Amma görəsən niyə mətbuat konfransını “zadəgan”lar burada keçirmək istəmədi?
Bizim medianı “rəiyyət” hesab etdiyini düşünməsək də, istər-istəməz belə yozulur baş verənlər. Zənnimizcə, belə halları “Qarabağ” gərək gələcəkdə nəzərə alsın.
“Çelsi” ilə “Qarabağ”ımızın həm futbol təcrübəsi, həm də maliyyəsi baxımından müqayisəsini apara bilmərik, əlbəttə. Amma futbol həm də sürprizlərlə doludu. Heç kim meydanda baş verəcəkləri dəqiq proqnoz edə bilməz. “Qarabağ”a bundan əvvəl də yuxarıdan aşağı baxan, havalı rəqiblər vardı: onları başıaşağı Bakıdan yola saldığımızı xatırlayır hər kəs.
“Qarabağ”ın bu axşam məncə, ən azı bir qol borcu var “Çelsi”yə. Bundan əvvəl, 2017/18-ci illərdə iki dəfə “Çelsi” ilə qarşılaşan Ağdam klubu böyükhesablı məğlubiyyət yaşayıb. Tarix təkrar olunmaz bu dəfə məncə. Buna inanan çoxdur bu axşam.
Bu arada “Çelsi”nin rəqibləri də bu gecə bizimlədi.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld sosial şəbəkədən etdiyi paylaşımında “Qarabağ”ı dəstəkləyəcəyini bildirib: "Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm".
Səfir, göründüyü kimi, "Mançester Yunayted" (“qırmızı şeytanlar”) azarkeşidi və bu səbəbdən “Qarabağ”ın qələbəsini arzulayır. Olsun. Bizə, necə deyərlər, bütün azarkeşlərin qələbə niyyəti xoşdur.
Qeyd edək ki, rəqibin 23 nəfərlik heyətində 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu var.
Zülfiyyə Mustafayeva
Mia.az