Çempionlar Liqasında "Ayaks"ı səfrədə 3-0 hesabı ilə məğlub edən "Qalatasaray"ın Baş məqşçisi Okan Buruk hədəflərinin ilk 8-lik olduğunu deyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qarşıdakı iki oyunda da qalib gəlmək istədiklərini bildirib: "Bu oyunlarda da qalib gəlsək, ilk səkkizlikdə hədəfimiz daha da böyüyəcək!"
"Ayaks"la bağlı matçı qiymətləndirən Okan Buruk deyib ki, əgər ilk hissədə qol vursaydılar, durum daha da fərqli olacaqdı: "Daha sonra Barış Alper Yılmazı meydana çıxardıq və onu mərkəzdə Osimhenlə yanaşı oynatdıq. Sonra Barışı cinahda hərəkət etdirdik. Və qol gəldi. Rəqibimizə çox şans vermədik. Gənc bir komandaya qarşı oynadıq. Onları da təbrik edirəm. Oyunçularım matçı həqiqətən çox istəyirdilər. Böyük qələbə qazandıq.
Keçən mövsüm UEFA Avropa Liqasının ilk səkkizliyində yer almaq üçün buraya gəldik. "AZ Alkmaar"la matçlar da pis keçdi. Ciddi şəkildə uğursuzluğa düçar olduq. "Sparta Praqa" ilə qarşılaşmada məğlubiyyətimiz isə tamamən mənim günahımidi. Bu mövsüm isə Çempionlar Liqasına "Ayntraxt Frankfurt" matçı ilə yaxşı başlamadıq. "Liverpul" matçında qazanmaqla çıxışa keçdik. Oyunçu keyfiyyətimiz çox yüksəkdir. Bəzən transferlər gec gəlir, ona görə də vaxta ehtiyacınız var. Oyunçularımla işləməkdən çox məmnunam. Avropada 9-cu yerə yüksəlmişik. Oyunçularıma təşəkkür etmək istəyirəm. Mənim üçün ən vacib prioritet "Qalatasaray"ın uğurudur. "Qalatasaray" uğur qazandıqca, mən də xoşbəxtəm"
Buruk "Qalatasaray"ın oyundakı 3 qoluna imza atan nigeriyalı hücumçusu Viktor Osimhendən də danışıb: "Bizim kimi komandalar üçün mərkəz hücumçusu çox vacibdir. Bizim iki əsas mərkəz hücumçumuz var. Həmçinin Mauro İkardi də var. Osimhen komandanın uğuru üçün çalışan hücumçudur. O, eyni zamanda, yaxşı müdafiə də qurur. Qolları ilə "Qalatasaray"a nə qədər vacib oyunçu olduğuu sübut edib. Onu transfer etmək xəyal idi, bunu yazın. Bəli, Osimhenlə müqavilə imzalamaq "Qalatasaray" azarkeşləri üçün bir xəyal idi. Bu xəyalı gerçəkləşdirən insanlar var. Prezidentimiz Dursun Özbekə, Abdullah Kavukçuya və bütün idarə heyətinə təşəkkür edirəm. Bu transfer "Qalatasaray"ın hədəflərini və çatdığı səviyyəni nümayiş etdirir. Osimhenlə Çempionlar Liqasında uğur qazanmaq istəyirik."
Fərid ASLAN
MİA.AZ