Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir.

Mia.az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ETN daxilindəki mənbələr bildirib.

İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib, lakin hələlik rəsmi məlumat açıqlanmır.

MÜTDA-nın mətbuat xidmətinin rəhbəri Zemfira Sevdimalıyeva qeyd edib ki, müraciətə baxılıb və dəqiqləşdirəndən sonra cavab veriləcək.

Qeyd edək ki, son iki həftə ərzində Elm və Təhsil Nazirliyində bu, artıq üçüncü böyük kadr dəyişikliyidir. Belə ki, oktyabrın əvvəlində Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Belə qısa müddətdə ardıcıl böyük üç dəyişiklik, təsadüfən baş vermiş proses təsiri bağışlamır. Bu, nazirliyin daxilində gərginliyə işarə edə bilər.