Elvin Cəfərquliyev təkcə millinin oyununda can qoymur. Premyer Liqanın (PL) oyunlarında da meydanda 90 dəqiqə can yandırır. Azərbaycan-Ukrayna oyununun əslində qəhrəmanı odu.
Aşağıda sizə PL-in sıradan bir oyunundan video hazırlamışam, onu göstərəcəm. Özünüz qərar verin, o boyda komandada cani-dildən oynayan kimdi.
Yeri gəlmişkən, mia.az xəbər verir ki, futbol üzrə Dünya çempionatının mərhələ turları çərçivəsində dünən öz evində Azərbaycan millisi Ukraynanı qəbul edib və görüş 1-1 hesabıyla başa çatıb. Bəlkə də oyunda qonaqlar daha çox qol vura bilərdi və Elvin kimi oyunçuların sayəsində böyük hesablı məğlubiyyətlərin önünə keçə bilirik.
Bəlkə də Elvin emosionaldı, tələsir hər şeyə. Təbii ki, biz ondan Bəhlul Mustafazadə, Musa Qurbanlı kimi soyuqqanlılıq gözləyə bilmərik. Amma futbol oturub fikirləşmək və diplomatiya məkanı deyil ki. Taktikanı yerinə yetirmək lazımdı, amma ruhunu yüksək tuta bilmirsənsə, heç bir taktikaya uya bilməzsən. Elvinin içindəki üsyan onu 90+ dəqiqə meydanda saxlayır. Qurban Qurbanov deyir ki, indi Elvin kimi meydanda uzunmüddət dözüm göstərən oyunçu tapmaq çox çətindi.
Ukrayna ilə 1-1 hesabı da çox da şey eləməyin deyəcəkdim bu arada. Sadəcə penalti ilə şansımız gətirdi, unutmayaq bunu. Rəqib son dəqiqəyə qədər bizi öz qapımızın önündə gərgin saxladı. Təhlükəli anlar yaşandı. Bizi müdafiədə oturmağa məcbur elədi. İslandiya ilə oyunda Abbas Hüseynov birinci hissədə rəqib qapısının qarşısında nəydisə, Anatoli Nuriyev də dünənki oyunun ikinci hissəsində elə ondan idi.
Bu arada Şevçenko da xoş gəlib, səfa gətirib.
Ay nə bilim, yeni məşqçi, yeni ruh, zad-zud. Həmin adamlar, həmin oyun. Sadəcə, müdafiədə çadır qurub oturdular Şahruddinin yanında ki, qolların sayı çox olmasın. Bir günə motivasiyamı olur, siz Allah? Özümüzünkü gəldi-filan? Milli komanda oyun-oyuncaqdı məgər? Burada işlər ümumi strategiya, ümumi prinsiplər, taktika, nizam-intizamla yürümürmü yəni? Millidə oynamaq hissindən böyük motivasiya varmı? Belə çıxır, bizimkilər Santuşa acıq edib uduzurdular indiyə qədər?
Mən bir dəfə Bədavidən soruşdum ki, siz öz klublarınzda qol vurursunuz, amma milliyə gələndə ayağınız topa çatmır, niyə millinin bayrağına və formasına hörmətsizlik edirsiniz? Bədavi mənimlə razılaşmamışdı. Onun sözlərinə görə, millidə məşqlər gec-gec olur, oyunçular bir-birini az görür, ona görə də koordinasiya yoxdu. Bəhlul da dünən deyir ki, yerli məşqçi ilə motivasiyamız var, bizə rəqib komanda barədə ətraflı məlumat verərək hazırlaşdırdı. Rəhmətliyin oğlu, rəqib barədə məlumatı sizə elə Santuş da verirdi də. İslandiya ilə oyundan öncə Emin Mahmudov demədi ki, Santuş rəqibi bizə tanıdıb? Santuşun sözünə niyə qulaq asmırdınız? Nə oldu, Emin da İslandiyada deyirdi ki, “komandada ab-hava, motivasiya çox böyükdü”. Nəyiniz çatmadı əlavə olaraq?
Oyunçuların heç bir nizam-intizam olmadan hərənin öz daxili atmosferi ilə gününü keçirdiyinə də ən azı təəccüblənirsən.
Bunun nəticəsidi ki, penalti ilə ovunan millinin kapitanı Emin Mahmudov Elvini də özünə qoşaraq azarkeşlərə canlı “ələm” işarəsi göstərir və Qədri-Xumu, şiəliyni, imam Əlini reklam edir. Milli futbol dəyərləri ilə bunu nə əlaqəsi var, deyə bilərsinizmi? Bu nə məzhəbpərəstlikdi? Milli motivasiya deyəndə, bunumu nəzərdə tutublar görəsən? Bu saat bütün məzhəbpərəstlər Eminin “ələm”ini paylaşıb altında “Ya sahibəzzaman, ya Əli” və daha nələr yazır, xəbəriniz varmı, ey mərtəbəyi-möhtərəm AFFA?
Hələ Abbas Hüseynov. Emin əlini ələm edəndə, o, da qaçıb şəhadət barmağını o “ələm”in yanına qoyub əhli-sünnə, səlafi mesajı verir. Biz də varıq burada, - deyə.
Nə gündədi bu milli, ey AFFA?
Mən də deyirəm, milli niyə uduzur. Günah Santuşda deyilmiş. Bunlar məzhəb üzündən yola getmirmiş. Sən indi gəl Əli şiəsi ilə əhli-sünnəyə de ki, pas versinlər bir-birinə, topu çıxarsınlar cərimə meydançasından. Bunun hələ rusu, bəlkə elə ateisti də var. Məsələn, Eminlə Elvin ələm qaldıranda Toral Bayramovun gözü kəlləsinə çıxmışdı. Məzhəbini bilən var onun? Xətrinə dəyən bir söz deməyək. Sonra penaltini kosmosa göndərər.
Bir düz-əməlli, salamat işimiz yoxdu. Sevinəndə də bir əmma çıxarıb qursağımızda qoyurlar.
Bizi deyəsən, axırda ya Eminin ələmi xilas edəcək, ya da Abbasın şəhadət barmağı.
Şəkk eləməyim. Ağzım əyilər.
Zülfiyyə Mustafayeva
Mia.az