“Azərbaycan yerləşdiyi coğrafi mövqeyi, eyni zamanda, malik olduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsi məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrini reallığa çevirməklə dünya siyasətində mühüm yer tutur. Ümumilikdə ölkəmizin inkişaf modeli daim  beynəlxalq səviyyədə təqdim edilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir”. 

Mia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır:

“Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində dünyanın fövqəldövləti olaraq həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən, dünyada siyasi nüfuzu artan Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev avqustun 30-dan bu ölkədə işgüzar səfərdədir. Səfər çərçivəsində Çinin Tiencin şəhərində  Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi “Mənim əziz dostum” deyərək salamlaması ölkələrimizlə yanaşı, liderlərin də  səmimi, qarşılıqlı etimada söykənən münasibətlərinin olduğunu və əlaqələrimizin inkişafında əsas faktora çevrildiyini bir daha təsdiqlədi. Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirdi. O,  Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırladı, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxundu”.

Millət vəkili qeyd edib ki, bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir:

“Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirdikdə iqtisadi əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirildi. Bu xüsusda “Energy China”nın yaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda Günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulandı. “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşdə isə  Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu. Vurğulandı ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur. "CETC" (“China Electronics Technology Group Corporation”) korporasiyasının baş direktoru Cu Pen ilə görüş də mühüm müzakirələrlə yadda qaldı. Rəqəmsal texnologiyalar vasitəsilə milli idarəetmə sistemi və idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşən dövlət başçısı İlham Əliyev  ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını bildirdi. Həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparıldı. Təbii ki, əlaqələrimizin gələcək inkişafına xidmət edən belə görüşlərin sayı bununla məhdudlaşmır. Prezident İlham Əliyevin bir sıra ölkələrin rəhbərləri ilə görüşü də oldu. Bu sırada qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifi, Ermənistanın baş naziri Nikol  Paşinyanı qeyd edə bilərik. Keçirilən görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin, dövlət başçısı İlham Əliyevin artan nüfuzunun göstəricisidir. Tarixi Zəfərimizdən sonra yeni yaradılan əməkdaşlıq formatlarından biri Azərbaycan-Türkiyə-Pakistan birliyidir ki, bu ilin 28 may tarixində Laçında hər üç ölkənin liderlərinin iştirakı ilə Zirvə görüşü keçirildi”.  

Vüqar Rəhimzadə qeyd edib ki, Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirildi və Prezident İlham Əliyev tədbirdə çıxış etdi. 

“Prezident İlham Əliyevin tədbirdəki çıxışı mühüm çağırışlarla zəngin oldu. “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır” söyləyən dövlətimizin başçısı bildirdi ki, biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikası Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir. O da əlavə edildi ki, Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib.Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanması tarixi hadisədir   və bu, Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdı. Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.  Azərbaycan, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayır”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, fəal çoxtərəfli xarici siyasət yürütməsi, beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması, dünyada artan nüfuzu, coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevirib. Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı bunun bariz nümunəsidir. Dövlətimizin başçısının Səmərqənd, Astana sammitlərindən sonra Tiencin Zirvə görüşündə də iştirakı  Azərbaycanın artan nüfuzunun üzv ölkələr tərəfindən qəbul edilməsinin təsdiqidir.