Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən “Siyasi partiyalar haqqında” qanuna və digər normativ hüquqi aktlara əsasən, Azərbaycan parlamentində nümayəndəsi olan siyasi partiyalar dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Həmçinin, “Siyasi partiyalar haqqında” qanuna edilmiş son düzəlişlərə əsasən, artıq parlamentdə təmsil olunmayan müəyyən siyasi partiyalar da dövlət büdcəsindən maliyyə dəstəyi ala bilirlər.

Mia.az xəbər verir ki, Modern.az mövzuyla əlaqədar olaraq məlumat əldə etmək üçün parlamentdə təmsil olunmayan siyasi partiya rəhbərləri arasında sorğu keçirib.

Ağ Partiya sədri Tural Abbaslı saytımıza açıqlamasında bildirib ki, əldə olunan dövlət yardımı ümumilikdə simvolik xarakter daşıyır. Onun sözlərinə görə, AĞ Partiya sonuncu parlament seçkilərində parlamentə düşməyən partiyalar arasında ən çox səs toplayan ikinci partiya olub:

“Bu nəticəyə əsasən, cari ildə maliyyələşməyə haqq qazanan partiyalardan biri də biz idik. Hesablamalara görə, ay ərzində təxminən 3000-3500 manat həcmində maliyyə vəsaiti ayrılmalı idi. Lakin qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmayan partiyalara dövlət tərəfindən verilən vəsait onların topladığı üzvlük haqları və ianələrin cəminin iki mislindən artıq ola bilməz. AĞ Partiyası ötən il bu baxımdan kifayət qədər üzvlük haqqı və ianə toplamadığı üçün, qanunvericiliyə uyğun olaraq, bizə nəzərdə tutulan maliyyə vəsaiti bu il ayrılmadı. Nəticədə, bu il üçün AĞ Partiyasına dövlət tərəfindən 0 AZN maliyyə yardımı ayrılıb”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli də öz növbəsində bildirib ki, bu il partiyaya yalnız yanvar ayında 1100 manat vəsait köçürülüb:

“Qanuna əsasən, partiyanın əvvəlki ildəki rəsmi xərclərinin iki mislindən artıq maliyyə yardımı ala bilməsi mümkün deyil. Əvvəlki il çox cüzi rəsmi xərclər olduğundan, bu il üçün faktiki olaraq maliyyələşmə təmin olunmayıb”.

Müsavat Partiyasının sədri Arif Hacılı söyləyib ki, partiyanın fəaliyyəti üçün bu il ayda təxminən 3000 manata yaxın dövlət vəsaiti ayrılıb.

Azad Vətən Partiyasının rəhbəri Akif Nağı da cari ildə partiyaya maliyyə yardımı ayrıldığını deyib:

“Ötən il hesabda maliyyə hərəkətliliyi mövcud olduğundan, qanunvericiliyə əsasən partiyanın fəaliyyətinə illik 7000 manat vəsait ayrılıb. Bu isə aylıq olaraq təxminən 583 manata bərabərdir. Ayrılmış vəsait əsasən dəftərxana, kirayə və kommunal xərclərin ödənilməsinə yönəldilir”,- deyə o bildirib.