2025-ci il avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a səfəri ikitərəfli münasibətlərin tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, səfər zamanı – avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilməsi nəzərdə tutulan görüşün əhəmiyyəti baxımından da maraqla izlənilir.

D.Trampın cəmi 6 ay yarımlıq prezidentliyi dövründə Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə töhfə verdiyi Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərdən də aydın olur:  “…Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır”.

Buradan aydın olur ki, hazırda iki dövlət arasında sülh müqaviləsinin imzalanması prosesində vasitəçilik təşəbbüsü tamamilə ABŞ-ın əlinə keçib və Tramp Administrasiyası həm fəallığı, həm də praqmatik tərəfsizliyi ilə tamamilə real müsbət nəticələr istiqamətində fəaliyyət göstərir.

ABŞ-ın hazırkı liderinin vasitəçiliyinin nə qədər əhəmiyyətli və real olması ilə bağlı detalları daha aydın təsəvvür etmək üçün münaqişənin həllindən sonra sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyin tarixinə qısa nəzər salmaq faydalı olardı.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq, öz torpaqlarını 30 illik işğaldan xilas etdi. 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda erməni terrorçularına qarşı bir günlük antiterror əməliyyatı nəticəsində bütün ölkə ərazisi üzərində tam dövlət suverenliyi bərqərar edildi. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyannaməyə, yəni Ermənistan özü üçün kapitulyasiya sənədinə imza atsa da, 30 illik münaqişədə qalib gələn tərəfin Azərbaycan olmasına baxmayaraq, məğlub Ermənistan deyil, məhz bizim dövlətimiz ilk olaraq qarşı tərəfə sülh müqaviləsi imzalamağı təklif etdi. Hətta bu məqsədlə Azərbaycan tərəfindən Ermənistana 2022-ci ilin martında sülh müqaviləsinin imzalanması və iki dövlət arasında münasibətlərin yaradılması üçün 5 baza prinsipini təqdim olunaraq bəyan edildi ki, “…iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”.

Qeyd edək ki, müharibənin bitməsindən sonrakı ilk dövrdə iki dövlət arasında 30 illik münaqişə dövründə vasitəçilik etmiş “ənənəvi” aktorlar hələ də səhnədə idi – Rusiya, Fransa, ABŞ, eləcə də bu üçlüyün birləşdiyi bədnam Minsk qrupu. Hətta Azərbaycan sülh müqaviləsinin ilk mətnini məhz Minsk qrupu vasitəsilə Ermənistana göndərmişdi. Lakin Ermənistanın “Dağlıq Qarabağ” məsələsini yenidən gündəliyə daxil etmək səyləri və bunun üçün yalnız Minsk qrupunun dəstəyindən istifadə cəhdləri Azərbaycanın bu ermənipərəst qrupun ləğvi ilə bağlı qəti mövqe ortaya qoyması ilə nəticələndi. Bu zaman Rusiya 10 noyabr Bəyannaməsinin imzalanmasında etdiyi vasitəçilikdən, erməni terrorçularının nəzarəti altında olan ərazilərə dərhal “sülhməramlı qüvvələr” yerləşdirməsindən həvəslənərək, sülh müqavailəsi ilə bağlı sonrakı danışıqlarda özünün dominant vasitəçi rolunu təmin etməyə çalışır, digər tərəfdən öz maraqlarını bu “vasitəçilik” missiyasında əsas yerə qoyurdu. Məsələn, təsadüfi deyil ki, 10 noyabr Bəyannaməsi imzalanandan bu günədək Zəngəzur dəhlizi ilə bağlı məsələdə Rusiya tərəfindən nə real bir təklifin səsləndirildiyinin, nə də hansısa bir addımın atıldığının şahidi olmadıq.

Nəticədə ortaya Azərbaycanın da optimist yanaşdığı yeni bir vasitəçi çıxdı – Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel. Lakin 2023-cü ilin sentyabrındakı uğurlu antiterror əməliyyatından sonra onun da missiyasının erməniyönümlülük maskası cırıldı və nəticədə Ş.Mişelin vasitəçiliyi iflasa uğradı. Belə ki, 2023-cü ilin oktyabrın əvvəllərində İspaniyanın Qranada şəhərində “Azərbaycan, Ermənistan, Aİ, Fransa, Almaniya” formatında nəzərdə tutulan görüş ölkəmizin iştirakı olmadan keçirildi. Bu görüşdə Ermənistanın baş naziri N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını da özündə ehtiva edən bəyanatı imzalasa da, rəsmi Bakı bəzi aparıcı Qərb dövlətlərinin qərəzli mövqeyini və militarizasiya siyasətini, eyni zamanda Azərbaycanın Türkiyənin də masada təmsil olunması təklifindən imtinanı əsas göstərərək, Qranada görüşündən imtina etdi. Beləliklə, bu hadisə Azərbaycanla Aİ və digər aparıcı Qərb dövlətləri arasında müşahidə edilən gərginliyə, Aİ vasitəçiliyinin nəticəsiz qalmasına və Bakı ilə İrəvan arasında aparılan danışıqlarda fasilə yaranmasına səbəb oldu.

2024-cü il fevralın 17-də, Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan və Ermənistan liderləri Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə görüşdülər. Ardınca fevralın 28-29-da Berlində Almaniya xarici işlər nazirinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin müzakirə olunduğu görüşü keçirildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2024-cü il mayın 10-11-də Qazaxstanın Alma Ata şəhərində baş tutan görüşdə iki ölkənin xarici işlər nazirləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müzakirəsini davam etdirdilər.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüş NATO sammiti çərçivəsində, 2024-cü il iyulun 10-da Vaşinqtonda ABŞ dövlət katibi E.Blinkenin təşəbbüsü ilə keçirildi. Ardınca Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında növbəti görüş imkanı Böyük Britaniyanın baş nazirinin təklifi ilə Avropa Siyasi Birliyinin iyulun ikinci yarısında Londonda keçirilən toplantısında yaransa da, Ermənistan baş nazirinin imtinası səbəbindən keçirilməli olan görüş baş tutmadı. Paşinyanın London görüşündən imtinası normallaşma prosesinə mənfi təsir etdi. Görünür, bu imtina ABŞ-dakı preezident seçkilərində demokratların qələbəsinə, ermənipərəst C.Baydenin, sonradan isə antiazərbaycan mövqeyi ilə tanınan K.Harrisin prezident seçiləcəyinə olan ümidlə bağlı idi. Çünki Bayden administrasiyası dövlət katibi E.Blinkenin simasında Azərbaycanla münasibətlərə böyük zərbə vurmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə 2025-ci il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyirdi: “Bilirsiniz, əvvəlki ABŞ Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla bir daha işlər adi qaydada gedə bilməz və bu, suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən bərpa olunması ilə bağlı idi”.

Əlbəttə, məhz vasitəçi donuna girmiş havadarlarının dəstəyi ilə Ermənistan sülh müqaviləsinə “Dağlıq Qarabağ”la bağlı məsələni salmaq, onun mətnindən Zəngəzur dəhlizi ilə bağlı müddəanı çıxarmaq, eyni zamanda bədnam Minsk qrupunun fəaliyyətini davam etdirməsinə nail olmaq, nəhayət, öz konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına baxmayaraq, hər hansı dəyişiklik etmək istəmirdi.

Beləliklə, hələ bundan əvvəl Azərbaycan vasitəçilik təşəbbüsü ilə çıxış edən Qərb dövlətlərinin sülh prosesinə qərəzli, maraqlı və birtərəfli yanaşmasını əsas gətirərək Ermənistana birbaşa, vasitəçilərsiz danışıqlar aparmaq təklifini irəli sürmüşdü. 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikası Baş nazir Aparatı arasında vasitəçilərsiz aparılan danışıqların, diplomatik təmasların nəticəsi olaraq hər iki ölkənin hərbiçilərinin qarşılıqlı olaraq azad edilməsini, müəyyən beynəlxalq platformalarda hər iki ölkənin bir-birini dəstəkləməyi nəzərdə tutan razılaşma əldə edildi. Bu razılaşma Bakı və İrəvan tərəfindən iki ölkə arasında etimadın yaranması istiqamətində atılan ciddi addım oldu. Eyni zamanda, hər hansı vasitəçilər olmadan birbaşa keçirilən danışıqların daha səmərəli və nəticə yönümlü olduğunu göstərdi. Təsadüfi deyildir ki, məhz 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və Azərbaycanın hazırladığı layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı.

2024-cü il dekabr ayının son günlərində Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səması üzərində hərbi hədəf seçilməsi və ardınca Rusiyanın, bütün sivil dünyanın da gözlədiyi kimi, beynəlxalq hüquq normalarına uyğun olan addımları atmaq əvəzinə, Azərbaycana qarşı aqressiyasını sürətlə artırması Rusiyanın iki dövlət arasında sülh sazişinin imzalanmasındaki vasitəçilik səylərinə dair cəhdlərini heçə endirdi və Rusiya faktiki olaraq, özünü bu prosesdən kənarda qoydu.

Bu, həm də o fonda baş verdi ki, ABŞ-da bütün müharibələri dayandırmaq təşəbbüsü ilə çıxış edən respublikaçı Donald Tramp qələbə qazanmışdı. 2022-ci ilin fevralından davam edən Rusiya-Ukrayna, 2023-cü ilin oktyabrında başlayan İsrail-Fələstin münaqişəsi ilə bağlı gərgin fəaliyyətinə rəğmən, Cənubi Qafqaza da ciddi maraq göstərən Tramp və administrasiyası artıq ABŞ-ın Azərbaycanla Ermənistan arasındakı danışıqlarda öz ölkəsinin maraqlarını ön sıraya qoymadığı aydındır. ABŞ-Azərbaycan arasındakı Bayden dövrü böhranından sonra, Azərbaycan Prezidentinin də ABŞ liderinin ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin çox müsbət olduğunu vurğulayaraq, qeyd etdiyi kimi, “…hazırda Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Biz normal münasibətlərə qayıdırıq”.

Ümumiyyətlə, qeyd edək ki, Azərbaycan-Ermənistan sülh sazişi danışıqları, ABŞ-ın vasitəçiliyi, şəxsən Prezident Donald Trampın prosesə töhfəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirilən suallara verdiyi cavablarda açıq-aşkar detallar, tezislər və işarələr vardır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara gəldikdə, Trampın sadəcə və təkcə ABŞ Prezidenti seçilməsi faktının belə bu danışıqlara, daha doğrusu, Ermənistanın daha konstruktiv mövqe tutmasına təsirini Azərbaycan Prezidentinin Xankəndində səsləndirdiyi aşağıdaki fikirlər də sübut edir: “Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər”.

Burada söhbət ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Qeyd edək ki, hələ bu ilin mart ayında hər iki ölkənin xarici işlər nazirləri tətərindən iki dövlət arasında imzalanacaq sülh sazişinin 17 maddəsinin hamısının razılaşdırıldığı bəyan edildi. Bu da özlüyündə Ermənistanın həmin iki məsələ üzrə də Azərbaycanın haqlı mövqeyini qəbul etdiyini sübut edirdi.

Bu müsbət xəbərin ardınca, bu il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmasında da ABŞ-ın əsas rol oynadığı şübhəsizdir. Kifayət qədər uzun, lakin eyni zamanda konstruktiv şəraitdə keçən Əbu-Dabi danışıqları ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın öz mövqelərini qarşı tərəfə diktə və qəbul etdirdiyi, eyni zamanda bu görüşün baş tutmasının əsas təşəbbüskarı olan ABŞ tərəfindən də dəstəkləndiyi aydın olur. Azərbaycan Prezidentinin 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlər də bunu sübut edir: “İndi biz özümüzə məxsus olanı qaytarmışıq və hamı bununla barışıb, bəli, mən ciddi ziddiyyətlər görmürəm. Amma erməni həmkarımla uzun diskussiya zamanı müzakirə etdiyimiz mövzulardan biri də tərəflər arasında etimadın çox aşağı səviyyədə olması idi. Bu, tamamilə başadüşüləndir. Bizə gəlincə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm.

Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir zəmanət var?

Etimologiyanı, şüurun təkamülünü nəzərə alsaq, mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb”.

Yeri gəlmişkən, Prezident özü paraflanmaq məsələsinə aydınlıq da gətirib: “…bu iki məsələ, – Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, – həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır”.

“Paraflamaq” – fransızca “parafe” sözündən götürülüb, “qısaldılmış imza”, “möhür” deməkdir və beynəlxalq müqavilənin işlənib hazırlanmasında iştirak etmiş şəxslərin ad və soyadlarının baş hərfləri ilə ilkin imzalanmasını, baş hərflərin müqavilə layihəsinin razılaşdırılmış mətninin hər səhifəsində yerləşdirilməsini nəzərdə tutur. Paraflama beynəlxalq müqavilənin bağlanmasının tərəflərin mülahizəsinə əsasən həyata keçirilən, məcburi öhdəlik yaratmayan mərhələsidir. Paraflamanın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, müqaviləni imzalayan tərəflər üzərinə konkret hissələr və ya bütövlükdə mətn üzrə danışıqları tamamlanmış hesab etmək öhdəliyi qoyur və onları artıq razılaşdırılmış mətndən yayınma imkanından məhrum edir. Bununla belə, paraflama dövlətlər üçün hüquqi cəhətdən məcburi razılaşdırılmış mətn yaratmır. Tərəf dövlətlərin hökumətləri öz mülahizələri əsasında paraflanmış müqavilə layihəsinə (və ya onun hissələrinə) baxdıqdan sonra ona hər hansı dəyişiklik və ya əlavələr edə bilərlər. Paraflanmış müqavilə – “ad referendum” (yekun qərardan əvvəl) imzalanmış müqaviləyə yaxındır ki, bu da müqaviləni bağlayan dövlətləri qarşılıqlı öhdəliklərlə bir-birinə bağlamır.

Ölkəmiz üçün sülh sazişinin imzalanmasından sonra həllini gözləyən əsas strateji məsələlərdən biri, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Bir müddət əvvəl Azərbaycanın bu məsələni sülh sazişi layihəsindən çıxarmağa, sazişdən kənar müstəvidə həlli üçün danışıqlar aparmağa razılaşdığı bildirilirdi. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi aydın olsa da, Xankəndində ilk dəfə dəhliz haqqında çox açıq və birbaşa detalla çıxış etməsi istənilən halda ölkəmiz üçün Zəngəzur dəhlizinin prioritetliyini prinsipal şəkildə qoruduğunu bir daha aydın sübut etdi: “Bizim üçün isə ən başlıca məsələ odur ki, – mən Əbu-Dabidə həmkarıma dedim, – bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır… Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin”.

Bütün bunlardan sonra Azərbaycan lideri qətiyyətli və prinsipal şəkildə bəyan edir ki, “…biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik”.

Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanla sülh sazişi prosesinin müxtəlif məsələləri üzrə son zamanlar səsləndirdiyi fikirlərdə daha aydın müsbət çalarların artması sülh müqaviləsi üzrə işlərin yekunlaşdığı, tərəflərin mövqelərinin uzlaşdırıldığı və yaxın zamanlarda müqavilənin imzalanması ilə bağlı nikbinliyi xeyli möhkəmləndirir.

Zənnimizcə, bu nikbinliyi arqumentləşdirən daha bir amilə diqqətlə yanaşmaq lazımdır. Aydındır ki, D.Tramp ABŞ-da seçkiqabağı kampaniyasında olduğu kimi, prezidentlik fəaliyyətinə başladıqdan sonra da müxtəlif regionlardakı müharibələrin, qanlı münaqişələrin dinc yolla həllinə çalışır. Bu istiqamətdə xüsusilə Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrində qısa müddətdə nəticəyə nail olmaq üçün göstərdiyi təşəbbüslər nə qədər diqqətəlayiq olsa da, hələ ki uğurla nəticələnmədiyi kimi, həmin müharibələrin yaxın perspektivdə danışıqlar yolu ilə başa çatdırılması da inandırıcı görsənmir. Digər tərəfdən dünya mətbuatında Trampın Nobel sülh mükafatı almaq iddiasının olduğu da tez-tez vurgulanır və ABŞ prezidentinin yaxın ətrafı və administrasiyası da bu iddianı doğrulayır. Bu il iyulun 8-də Vaşinqtonda ABŞ Prezidenti ilə görüşdə İsrailin Baş naziri B.Netanyahunun “dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq” səylərini yüksək qiymətləndirdiyi üçün Trampın sülh mükafatına namizədliyinin irəli sürüldüyü Nobel Komitəsinə göndərilən məktubu ABŞ liderinə təqdim etməsi bu məsələnin ciddiliyini sübut etdi.

Lakin Trampın bu mükafatı alması üçün real sülhyönümlü fəaliyyət, konkret sülhə nail olmaqda nəticə verən təşəbbüskarlıq faktı olmalıdır. Hesab edirik ki, bu mərhələdə ABŞ dövlət başçısını bu arzusuna çatdıracaq ən real fakt Azərbaycanla Ermənistan arasında məhz onun da ciddi səyləri artıq razılaşdırılmış sülh müqaviləsinin imzalanması (minimum nailiyyət kimi paraflanması) ola bilər. Bu baxımdan avqustun 8-də Vaşinqtonda Trampın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin paraflanması (və ya imzalanması) kifayət qədər real görünür.

Biz yazımızın əvvəlində haqqında danışdığımız məsələlərlə (Azərbaycan-Ermənistan sülh müqaviləsi, Trampın vasitəçiliyi ilə) bağlı Azərbaycan dövlət başçısının məlum Xankəndi görüşündə səsləndirdiyi fikirlərdə xeyli şifrələrin olduğunu qeyd etmişdik.

Sonda bu ənənəmizi pozmayaraq, yenə bu fikirlərimizi Prezident İlham Əliyevin sözləri ilə arqumentləşdirək: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.

Nəhayət, məhz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflandıqdan (və ya imzalandıqdan) sonra prosesin uğurla nəticələnməsindəki xidmətlərinə görə 2025-ci ildə ABŞ Prezidenti D.Trampın Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi və bu mükafatı qazanması daha realdır, nəinki digər, hələ də bitməyən iki müharibəyə (Rusiya-Ukrayna, İsrail-Fələstin) görə. Bu, müqavilə tərəflərinə, xüsusən Azərbaycana da sərf edir: çünki o zaman sülh müqaviləsinin yekun imzalanması, hüquqi qüvvə alması və müddəalarının icrası geri dönüşü olmayan prosesə çevriləcək.

P.S. Bu halda Trampın Nobel sülh mükafatına namizədliyinin Azərbaycan, ola bilsin ki, Ermənistan tərəfindən də, yaxud iki dövlətin birlikdə irəli sürülməsi və sülh mükafatının məhz bu müraciət(lər) əsasında verilməsi də “daha çox yaxşı xəbərlər”dən biri kimi təəccüblü olmayacaq.

P.S.S. Fikirlərimiz həddindən artıq optimist səslənə bilər, lakin sülh müqaviləsi üzrə danışıqlar bir də müzakirə olunmayacaq şəkildə bütün müddəalar üzrə yekunlaşıbsa, D.Tramp da Nobel sülh mükafatı almağını bu qədər çox istəyirsə, – niyə də olmasın?!

Elman Cəfərli,

tarix üzrə fəlsəfə doktoru, dosent