Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb.
Mia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə 1 iyul 2025-ci ildə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasını, həmçinin Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı olan “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlərlə bağlı məsələlərin müzakirə olunmasını jurnalistlər üçün şərh edib.
Qeyd olunub ki, iyulun 1-də Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyindəki görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycanın etiraz notası qarşı tərəfə təqdim olunub:
“Notada, bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib.
Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb”.
Azərbaycan XİN sözçüsü, Rəhman Mustafayevin, bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğunun bildirdiyini ifadə edib:
“Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib.
Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub”.
A.Hacızadə həmçinin qeyd edib ki, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlərlə bağlı səfir öz növbəsində Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb:
“Azərbaycan hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur”.
Xarici İşlər Nazirliyinin sözçüsü onu da bildirib ki, cari ilin 12 fevral tarixində “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib:
“Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hal-hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.
Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb. Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib. Ümumilikdə, Rusiya tərəfindən həyata keçirilən qeyd edilən fəaliyyət və hərəkətlərin iki ölkə arasında ikitərəfli münasibətlərə zidd olduğu xatırlanıb”.