Tanınmış həkim, professor Adil Qeybulla həbsxanada aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublunun sağlamlıq durumu ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
Mia.az-ın məlumatına görə, professor bildirib ki, bu gün saat 13:00-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus Umbakı Penitensiar Kompleksində Tofiq Yaqublunun növbəti tibbi müayinəsi aparılıb.
Müayinə zamanı Penitensiar Kompleksin rəhbərliyi və Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak ediblər:
"• Hemodinamik göstəricilər kompensator stabildir;
• Aclıq nəticəsində çəki itkisi davam edir;
• Ümumi vəziyyəti keçirdiyi aclıq aksiyasına uyğundur – halsızlıq, ümumi zəiflik, yuxu pozuntuları müşahidə edilir;
• Huşu aydındır;
• Su-elektrolit balansının dəstəklənməsi və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparılıb və infuziya ağırlaşmasız keçib".
Professor Adil Qeybulla bildirib ki, Tofiq Yaqublunun aclığın 26-cı günündə olması, yaşı və yanaşı xəstəlikləri nəzərə alınaraq, daha ətraflı müayinə aparılması məqsədilə onun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə keçirilməsi tövsiyə olunub.
Artıq Tofiq Yaqublu müalicə müəssisəsinə yerləşdirilib və sabahdan etibarən ətraflı tibbi müayinələr davam etdiriləcək.