Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ kapitallı “Kellogg Brown & Root Services B.V.”nin (KBR) birgə müəssisəsinin direktoru dəyişdirilib.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, Elnur Qulamov Nurəddin oğlu “SOCAR-KBR” MMC-nin baş icraçı direktoru təyin edilib. Buna qədər müvafiq vəzifədə Rəşad Şabanov Firudin oğlu idi.

Xatırladaq ki, “SOCAR-KBR” 2015-ci ildə 500 000 manat nizamnamə kapitalı ilə SOCAR və “Kellogg Brown & Root Services B.V.” tərəfindən yaradılmış birgə müəssisə hüquqi şəxsdir.

“SOCAR-KBR” ilk növbədə Respublikada yerləşən neft-qaz layihələri üçün layihələndirmə, mühəndislik, texniki dəstək, satınalma, tikintiyə nəzarət və layihənin idarə edilməsi daxil olmaqla geniş spektrli xidmətlər təqdim edir. Şirkət layihənin idarə edilməsi, müqaviləyə nəzarət, planlaşdırma və xərclərə nəzarət daxil olmaqla, bütün layihə mərhələləri üçün texniki tələblərin işlənib hazırlanmasında iştirak edir. Bundan əlavə, şirkət yerli işçi qüvvəsini öyrətməyə və inkişaf etdirməyə, eyni zamanda layihənin bütün mərhələlərində – işə salınmadan və tikintidən tutmuş performans testinə qədər podratçılara nəzarət edir.

Niderlandda qeydə alınmış “Kellogg Brown & Root Services B.V.” — “KBR, Inc.” şirkətinin törəmə müəssisəsidir və bu şirkət ABŞ-də, yəni Hyuston, Texasda yerləşən mühəndislik, təchizat və tikinti şirkətidir. KBR əsasən enerji, dövlət xidmətləri və müdafiə sektorlarına xidmət göstərir.

Şirkət yarandığı gündən ona rəhbərlik etmiş şəxslər:

1. Tərlan Məmmədov Sahib oğlu – 2015 iyul, 2016 iyul
2. Alp Kurum Togay- 2016 iyul-2020 avqust
3. Rəşad Şabanov Firudin oğlu – 2020 avqust- 2025 fevral