“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru bəlli olub.

Mia.az xəbər verir ki, bu vəzifəyə türkiyəli Cenk Sümer gətirilib.

Bildirilir ki, “Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuşdu. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdəniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

Bundan baqşa, "Neftçi" Peşəkar Futbol Klubunun yeni Müşahidə Şurası təsdiqlənib.

Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.