"Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlər də digərləri ilə baxımlı və uğurlu olsun. Sərf olunan məbləğ geri qayıda bilsin. Onda kinematoqrafçıların da film çəkməyə marağı olar. Peşə sahibləri işlə təmin olunar".
Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib. Aktrisa son günlər film sahəsində baş verənlərdən danışıb.
O bildirib ki, rejissorları xaricə təcrübə yığmağa göndərmək lazımdır:
"Biz qonşu dövlətlərin, dünya kinosunun nümunələrində hansı proseslər getdiyini öyrənməliyik. Onda həvəslənərik. Kino festivalları çoxaldılmalıdır, biz getməliyik. Təkcə İncənət Universitetində tədrislə bunlar bəs etmir. Kinematoqrafçılarımızı xaricə təhsil almağa göndərməliyik. Türkiyədə rejissorlar xaricdə təhsil alıb, gəlib film sahəsini inkişaf etdiriblər. Biz kino sahəsindəki texnikadan nə qədər geri qalmışıq".
H.Ömərova aktyorların qazancdan şikayətlənməsi məsləsinə toxunub:
"Sovet aktrisasıyam, biz dözürük. Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, 4, 5 yerdə işləmişəm. Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən 1 yerdə 4 yerdə işləməyimin maaşını alsaydım, niyə ordan ora, burdan bura qaçım? Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim... Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Aktyorlar Gildiyasının sədri kimi etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdi"