Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.
Mia.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanın qonağı olub.
Nur-Sultan şəhərindəki "Astana Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.
Matçın ilk yarım saatı ərzində meydanda bərabər mübarizə getsə də, fasiləyə doğru Azərbaycan millisi pressinq hesabına təşəbbüsü ələ alıb. Ən real qol vəziyyəti 31-ci dəqiqədə qeydə alınıb. Renat Dadaşovun rəqib cərimə meydançası xaricindən endirdiyi qüvvətli zərbəni qapıçı İqor Şatski dəf etməyi bacarıb. Bir dəqiqə sonra Şatski Azər Salahlının fərqlənməsinə imkan verməyib. 35-ci dəqiqədə isə Salahlının qapıya doğru qüvvətli zərbəsindən sonra top Emin Mahmudova dəyərək, istiqamətini dəyişib.
İlk yarıda qol vurulmasa da, fasilədən sonra meydan sahibləri daha inamlı təsir bağışlayıblar. 50-ci dəqiqədə Aymbetovun uzaq məsafədən zərbəsindən sonra top tora daxil olub. Tezliklə Qazaxıstan millisi ikinci qolu vurub. Lakin macarıstanlı referi İştvan Vad VAR sisteminə müraciət etdikdən sonra qolu qeydə almayıb. 60-cı dəqiqədə Aymbetov yenidən fərqləndikdə də VAR-a baxılıb. Bu dəfə qolun qaydalar çərçivəsində vurulduğu təsbit olunub.
Qalan dəqiqələrdə Azərbaycan millisinin ən azı təsəlli qolunu vurmaq üçün cəhdləri səmərə verməyib. 68-ci dəqiqədə Aleksey İsayevi Anatoli Nuriyevin, Renat Dadaşovu Namik Ələskərovun, 79-cu dəqiqədə Bədavi Hüseynovu Tural Bayramovun, Emin Mahmudovu Dmitri Nazarovun və Mahir Emrelini Ramil Şeydayevin əvəzləməsi də səmərəsiz olub.
Beləliklə, Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başlayıb. Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.
***
Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.
Mia.az xəbər evrir ki, ilk hissə 0-0 hesabı ilə başa çatıb.
***
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda üz-üzə gələcək Qazaxıstan və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Qazaxıstan: 12 Shatskiy (GK) 3 Alip 6 Ahmetov 7 Darabayev 8C Tagybergen 10 Baytana 11 Vorogovskiy 13 Kairov 17 Aimbetov 22 Marochkin 23 Astanov
Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Salahli 4 Mustafazade 5C Medvedev 6 Haghverdi 8 Makhmudov 9 Ren. Dadaşov 10 Emreli 14 Eddy 15 B. Hüseynov 22 Isayev
"Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.