Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak olub.

Mia.az xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və o, hərbi əməliyyat zamanı ölüb.

Belə iddia edilir ki, general-leytenant Rüstəm Muradovun özü də Ukraynada aldığı yaralardan sonra hospitalda müalicə alırmış. Bildirilir ki, Salman Süleymanovun nəşi doğulduğu Dağıstana aparılıb. R. Muradov isə dəfndə iştirak etmək üçün hospitaldan icazə istəyib.

Xatırladaq ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağdakı rusiyalı sülhməramlılara komandirlik edib.

***

General-leytenant Rüstəm Muradov haqqin.az-la telefonla əlaqə saxlayıb və bacısı oğlunun Ukraynada ölməsi ilə bağlı məlumatı təsdiqləyib.

Eyni zamanda, Muradov Ukraynadakı döyüşlər zamanı xəsarət alması ilə bağlı xəbərləri təkzib edib.