"Zelenski tez-tez fikrini dəyişir, ancaq buna baxmayaraq, rəsmi Moskvanın Ukraynadakı rejimi dəyişmək niyyəti barədə deyilənlər doğru deyil".

Mia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “India Today”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Zelenskinin bəyanatlarını ciddi qəbul etmirlər: "Onun açıqlamalarını şərh etmək niyyətində deyiləm, çünki o, öz mövqeyini tez-tez əks istiqamətlərdə dəyişir.

Lavrovun sözlərinə görə, Rusiyanın Kiyev iqtidarını dəyişmək planı yoxdur: “Biz Ukraynada rejimi dəyişmək fikrində deyilik. Bu barədə dəfələrlə danışmışıq, istəyirik ki, ukraynalılar necə yaşamaq istədiklərinə özləri qərar versinlər".

Lavrov Ukrayan savaşında nüvə silahı tətbiq etməyəcəklərini də deyib: "Rusiya Ukraynada xüsusi əməliyyatın hazırkı mərhələsində yalnız adi silahlardan istifadə variantını nəzərdən keçirir".

Mia.az-ın məlumatına görə, Lavrov Ukrayna ilə bağlı hədəflərinə nail olacaqlarını da deyib: "Hazırda Ukraynadakı “xüsusi əməliyyat”ın növbəti fazası başlayıb”.

Lavrov əlavə edib ki, İstanbuldakı danışıqlardan sonra Rusiya xoşməramlı jest olaraq Ukraynadakı qoşunlarının konfiqurasiyasını dəyişib: "Lakin Ukrayna tərəfi bu jesti layiqincə qiymətləndirmədi. Biz sadəcə Ukraynadakı hərbi mövcudluğumuzun konfiqurasiyasını dəyişdik. Bu, İstanbuldakı görüşdən dərhal sonra açıqlandı. Biz dedik ki, Ukrayna tərəfinin təqdim etdiyi təkliflərə baxılması üçün xoşməramlı jest olaraq Çerniqov və Kiyev vilayətlərində hərbi mövcudluğumuzun konfiqurasiyanı dəyişirik. Lakin bilirsiniz, bu, layiqincə qiymətləndirilmədi. Əvəzində dərhal Buçada səhnələşdirilmə baş verdi”.

Mia.az