Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) ümumi yığıncağı keçirilib.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib.
Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.
Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.