UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.

Məlumata görə, C qrupunda Türkiyə "Beşiktaş"ı pley-offa vəsiqəni ötən turda rəsmiləşdirmiş Niderland "Ayaks"ını qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qara qartallar" 22-ci dəqiqədə Raşid Gezzalın penaltidən vurduğu qolla fasiləyə üstün yollansa da, ikinci hissədə qapısında 2 top görüb. 54-cü və 69-cu dəqiqələrdə fərqlənən Sebastyen Allye qonaqlara qələbə qazandırıb. Bu nəticədən sonra "Beşiktaş" 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offuna düşmək şansını itirib və avrokuboklarda mübarizəni dayandırıb. "Ayaks" isə qələbə sayəsində qrup liderliyini təmin edib.

D qrupunda İtaliya "İnter"i evdə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri hələlik liderliyə yüksəlib. Qrupun digər matçında İspaniya "Real Madrid"i Moldovada "Şerif"i üstələyərsə, həm özü, həm də Milan təmsilçisi 1/8 finala vəsiqə qazanacaq. Tiraspolda mümkün heç-heçə də "İnter"i pley-offa çıxaracaq. "Şaxtyor" isə bu məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.

C qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland) - 1:2

Qollar: Raşid Gezzal, 22 (pen). - Sebastyen Allye, 54; 69

00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Ayaks" - 15 (5 oyuna), "Borussiya" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0 (5).

D qrupu

21:45. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0

Qollar: Edin Ceko, 61; 67

00:00. "Şerif" (Moldova) - "Real Madrid" (İspaniya)

Xal durumu: "İnter" - 10 (5 oyuna), "Real Madrid" - 9, "Şerif" - 6, "Şaxtyor" - 1 (5).

Qeyd edək ki, hələlik "Ayaks"la yanaşı, Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Liverpul", "Mançester Yunayted" və "Çelsi" klubları 1/8 finala yüksəlib/Report.