"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan klublarının Kipr təmsilçiləri ilə görüşlərdə üzləşdikləri təxribatlardan danışıb.

O bildirib ki, azarkeşlərin çılğınlığını normal qarşılayırlar və belə hallar futbolçuların mübarizəsini daha da artırır: "Meydana su şüşəsi və ya başqa yad əşyalar atmaq azarkeşlərin çılğınlığından irəli gəlir. Fransa çempionatında “Lion” – “Marsel” oyununun əvvəlində bu tip hadisələr yaşanıb və hətta matç yarımçıq dayandırılıb. Bunlar normal hallardır".

Qurbanovun sözlərinə görə, azarkeşlərin çılğınlığı ilə təxribatlar fərqli anlayışlardır: "Bizə qarşı bəzən başqa təxribatlar olub. Belə hallar futbolçularıma, əksinə, daha da güc-qüvvə verir. Deməsəm belə, daha da istəkli olurlar, yaxşı mübarizə aparmağı düşünürlər. Amma belə bir fikir yoxdur ki, mütləq udmalı, 3-5 qol vurmalıyıq. Bu cür düşüncə bizə mane ola bilər".