KTN-də dövlət vəsaiti necə mənimsənilib? - İclas

10-07-2019 [17:26]
Bakı Ağır Cinayətlər Məhkəməsində Kənd Təsərrüfatı Nazirliyinin layihələrinə ayrılmış pulların nağdlaşdılaraq mənimsənilməsi ilə bağlı cinayət işi üzrə daha bir məhkəmə prosesi davam etdirilib.  

"Report"un xəbərinə görə, cinayət işinə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır. 

Nazirliyin maliyyə menecerinin assistenti olmuş Sevinc Zeynalova və Emil Bağırov barəsində həbs qətimkan tədbiri seçilib, digər təqsirləndirilən Pərvanə İsmayılova isə ev dustaqlığındadır.

İttihama görə, Sevinc Zeynalova 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyində maliyyə menecerinin assistenti olan zaman Pərvanə İsmayılova, Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq layihələrə ayrılan pulları ayrı-ayrı hesablara köçürərək ələ keçirib.

Bu əməliyyatlar Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin icrası zamanı baş verib. Təqsirləndirilən P.İsmayılova İFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidmət müqaviləsi əsasında satınalma üzrə analitik vəzifəsində çalışıb.

Pul köçürmə əməliyyatylarında iştirak etrmiş digər şəxslərlə bağlı ayrıca cinayət işləri açılıb.

Digər şahid isə bu işlə bağlı digər cinayət işində təqsirləndirilən Mehrəliyev İlahim Əlövsət oğlu olub. Hazırda istintaq təcridxanasında saxlıanılan şahid prosesə konvoyun müşayiəti ilə gətirlib.

O suallara cavab olaraq bildirib ki, təqsirləndirilən şəxsləri əvvəldən deyil, istintaq dövründə tanıyıb. İ.Mehrəliyev bu işlə bağlı yalnız Esmira Əliyevanı əvvəldən tanıdığını bildirib. Orta təhsilli olduğunu deyən şahid bildirib ki, adına 10-dan çox şirkət açılıb, həmin şirkətlərin hüsablarına ümumilikdə 212 min manat pul köçürülüb: "Həmin məbləğin 1 faizi mənə çatıb, yerdə qalanını isə Esmira Əliyevaya vermişəm". 

Vəkil bildirib ki, Esmira Əliyeva şahid ifadəsində pulların 8 faizinin firma sahibləri tərəfindən götürldüyünü, yerdə qalanının ona qaytarıldığını bildirib. O, ziddiyyətlə bağlı şahidlərin çarpaz dindirilməsini təklif edib.

Qeyd edək ki, Esmira Əliyeva da bu əməliyyatlarla bağlı başqa cinayət işi üzrə təqsirləndirilən şəxsdir və bu işdə şahid qismində dindirilib. O, "AFB bank"ın "Nərimanov" filialında mühasib işləyib və təqsirləndirilən Emil Bağırovla dostluq münasibəti olub. O, pulların köçürülməsini Emilin xahişi ilə təşkil etdiyini bildirib.

Prosesdə şahid qismində "Kapital Bank"ın Səbail filialının əməkdaşı olmuş Ələkbərova da ifadə verərək bildirib ki, şöbə rəisinin göstərişi ilə Kənd Təsərrüffatı Nazirliyindən daxil olan ödəniş tapşırıqlarını qəbuul edib və pullar köçürülüb. O bildirib ki, pulların nə məqsədlə hara köçürülməsindən xəbəri olmayıb.

Proses iyulun 17-də davam edəcək.

İttihama görə, layihələrə ayrılan vəsaitlər vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif banklarda olan hesablar köçürülərək nağdlaşdırılıb. İttihamda ümumi dəymiş zərər 420 min manat göstərilib. Kənd Təsərrüfatı Nazirliyi də bu məbləğlə bağlı mülki iddia qaldırıb.

Bu məsələ ilə bağlı Kabulov Əşrəf Rafael oğluna qaldırılan cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Təqsirləndirlənlərə cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma və mənimsəmə əməli ilə bağlı ittiham verilib.


SON XƏBƏRLƏR