Təxribatçı kimdir: AQTA, sahibkar, yoxsa minlərlə insanı şübhəyə salan vətəndaş?

05-04-2019 [23:09]
İlham MƏMMƏDZADƏ

***

Dünən, 04 aprel tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özünün "Çağrı Mərkəzi”nə "Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan vətəndaş şikayət əsasında bir açıqlama yaydı. 

Açıqlamada bildirilirdi ki, müxtəlif satış şəbəkələrində "Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxışın keçirildiyi və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Eyni zamanda sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər "Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş edildi.


1-Cİ AÇIQLAMA

Qısa zaman ərzində araşdırma aparılaraq bu gün, yəni 05 aprel tarixində AQTA özünün bu məsələ ilə bağlı növbəti açıqlamasını yaydı. 

Açıqlamada qeyd edilir ki, aparılan araşdırma nəticəsində sözügedən məhsulun qablaşdırmasının tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub. Məhz, məqsədyönlü şəkildə pozulduğu..! 

Adıçəkilən məhsulda hər hansı bir radiloji və toksoloji bir təhlükə olmadığı, həmçinin 11 nümunə üzrə ekspertizaya cəlb edilərək istehlak üçün hər hansı uyğunsuzluğun aşkar olunmadığı bildirilir. 

İndi diqqət yönəlir bir istiqamətə ki, bəs bu məsələ haradan çıxdı və nə baş verdi? Elə bununla bağlı da bildirilir ki, "Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.”


2-Cİ AÇIQLAMA

Doğrusu buna çox sevindim.

Lakin bir vətəndaş olaraq məni bir məsələ daha çox narahat edir. Prossesin 3 iştirakçısının olduğu bəllidir. Ölkədə insanların ərzaq təhlükəsizliyinə məsul dövlət qurumu olaraq AQTA, bu məhsulu ölkəyə idxal edən şirkət və bu məhsulu AQTA-ya təqdim edən vətəndaş. 

Bir vətəndaş olaraq məni bu məsələdə 4 məqam narahat etdi:

Birincisi: AQTA özünün "Çağrı Mərkəzi”nə daxil olan vətəndaş şikayəti üzrə heç bir geniş labororator araşdırma aparmadan açıqlama verməsi;

İkincisi: Bu prossesə qarşı tərəfİn cəlb edilmədən bəyanatın verilməsi.

Üçüncüsü: İlkin müşahidlərə istinad edilərək insanları bu məhsulu almaqdan çəkindirməyə və sahibkarların bu məhsulun yığışdırılmasına çağırış edilməsi. 

Dördüncü: Məsuliyyətini və fəsadını düşünmədən şəxsi yanaşmadan çıxış edən vətəndaşın şikayəti və ya bunu edən tərəf.

Hər bir məsələ üzərində geniş və ətraflı dayana bilərəm. Ancaq görünəni odur ki, bir dövlət qrumu olaraq AQTA-nın bir vətəndaş şikayəti üzərindən bəyanat verməsi və bu bəyanatla məhsul və o məhsulu ölkəyə idxal edən şirkətin işgüzar nüfuzunu ləkələməsi və küllü miqdarda maddi zərər vurması. 

Hansı ki, səhərisi günü bu məsələ ilə bağlı bir gün öncə verdiyi məlumatı sanki təkzib edir və qablaşdırmaya müdaxilə ilə bağlı növbəti iddianı irəli sürür. Bəlkə də elə ən doğru olanı budur. 
Bir məsələni isə diqqətdən qaçırmaq lazım deyil ki, ölkəyə idxal olunan məhsul dövlət gömrük postundan keçərək vitrinə gələnə qədər müvafiq dövlət qurumları tərəfindən çoxsaylı laborator müayinələrdən keçir və təsdiqlənir. 

Bunun bir adı var TƏXRİBAT. 

İnsanlar arasında bir çaxnaşma salınaraq istehlak olunan məhsullara qarşı etibarsızlıq yaradılması ilə vətəndaşlara qarşı təxribat. Bu sahəyə məsul dövlət qurumlarına qarşı təxribat və ölkə iqtisadiyyatına yatırım edən sahibkara qarşı təxribat. 

Təxribatçı kimdir?

AQTA-mı, sahibkarmı, yoxsa minlərlə insanı şübhəyə salan vətəndaşmı? 

İndi siz deyin: onu bağışlamaq olarmı?

Mia.az


Digər Xəbərlər

SON XƏBƏRLƏR