Şriftin ölçüsü / 1581 dəfə oxunub

22 manatlıq maşın nömrəsi 200 min manata satılır - Bəs, DYP-nin 7 ildir əməl etmədiyi qanunda nə deyilir?

06 Aprel 2018 [12:53]
Azərbaycan Dövlət Yol Polis İdarəsi 7 ildir ki, Azərbaycan Respublikası "Yol Hərəkəti Haqda” Qanununu pozmaqdadır. 2011-ci ildə təsdiqlənən qanuna görə Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında nömrə nişanlarının siyahısı və müvafiq qiymətləri göstərilməklə yerləşdirilməlidir. 

DYP-nin saytında yerləşdirilən və icrası 7 ildir ki, gerçəkləşdirilməyən Qanunun "Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı” adlanan 29-ci maddəsinin II-I bəndində oxuyuruq:

II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Bəli qanun bunu tələb edir. Amma DYP-nin rəsmi internet səhifəsində ötən 7 il ərzində belə məlumatlarla tanış olmaq mümkün olmayıb. Səbəb isə sadədir. Bu, DYP-də çalışan və nömrə nişanlarının verilməsi ilə məşğul olan şöbə əməkdaşlarına sərf etmir.

Qanunun tələbi də 7 ildir ki, DYP rəsmilərinin biznes maraqlarının qurbanına çevirilib. Belə olmasaydı, vətəndaşlar maşınlarına dövlət qeydiyyat nişanlarında rəqəm və ya hərf kombinasiyalarını seçmək azadlığına sahib olardılar. Qanunun tələb etdiyi kimi DYP-nin saytına daxil olub istədikləri rəqəm və ya hərf kombinasiyaları olan dövlət qeydiyyat nişanını seçib rüsumu keçirməklə əldə edə bilərdilər.

Məsələn kimsə Az 10 PP 100, Az 10 TT 100 və s bu kimi rəqəm və ya hərf kombinasiyaları olan dövlət qeydiyyat nişanını seçib rüsumu ödəməklə əldə edə bilməli idi. Bunun əvəzində DYP-də kimlərinsə bığının altından keçməklə belə dövlət qeydiyyat nişanları almaq olur. Qonşu Gürcüstanda isə illərdir ki, oxşar qanun qüvvədədir və işlək vəziyətdədir. Vətəndaş müvafiq qurumun saytına daxil olur, dövlət qeydiyyat nişanında istədiyi rəqəm və ya hərf kombinasiyalarını sifariş edir, rüsumu ödəyir və alır.

Azərbaycanda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dövlət nömrə nişanının ən bahası 2500 manatdır. Bunu Avtolent.az-a açıqlamasında ötən il Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirmişdi. Vurğulamışdı ki, heç kim özbaşına dövlət nömrə nişanını sata bilməz: 

"Hər bir avtomobilə dövlət tərəfindən qeydiyyat nişanı verilir. Kimliyindən asılı olmayaraq bu nömrələri heç kim sata bilməz. Dövlət nömrə nişanı yalnız nəqliyyat vasitəsi satışa çıxarıldığı halda avtomobillə bir yerdə satıla bilər”.

Şöbə rəisi qeyd etmişdi ki, sıralamadan asılı olaraq ən ucuz dövlət qeydiyyat nişanının qiyməti 22 manatdır. 

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda satılan ən bahalı avtomobil nömrələrinin siyahısı da yayılıb. 

Avtosfer.az xəbər verir ki, bununla bağlı David Xamelenko adlı şəxs sosial şəbəkələrə elan yerləşdirib. 

Elanda qeyd olunur ki, aşağıdakı avtomobil nömrələri satılır. Ən bahalı nömrə Az 99 TT 999-dur – 230 min manat.

Satışda olan digər nömrələrin siyahısı ilə belədir:

Az 99 LL 999 – 200 min AZN
Az 99 VV 999 – 200 min AZN
Az 99 UU 999 – 200 min AZN.

Maraqlıdır, DYP rəsmisi ən bahalı dövlət qeydiyyat nişanının rəsmi qiymətinin 2500 manat olduğunu açıqlayır, deyir ki, heç kim özbaşına nömrə nişanı sata bilməz. 

Bəs bu astronomik qiymətli nömrələri satanlar kimlərdir? Həmin şəxslərlə "Yol Hərəkəti Haqda” Qanunun 29-ci maddəsinin II-I bəndi 7 ildir icra etməyən DYPİ rəhbərliyi arasında əlaqə varmı? 

criminal.az


SON XƏBƏRLƏR