Suraxanıda 72 minə yaxın vətəndaş müayinədən keçirilib - Açıqlama

img

28-03-2017 [15:21]


Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Suraxanı rayonunda da uğurla icra olunur. Rayonda fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada sakinlərin tibbi müayinəsi həyata keçirilir.

Mia.az xəbər verir ki, mayın 1-dək Suraxanıda 216 min 280 nəfər sakinin və rayonda məskunlaşan 20 min 247 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.

 İndiyədək rayon üzrə 72 minə yaxın vətəndaş və 90-dan çox müəssisənin kollektivi tibbi müayinədən keçib, sakinlərdən 2500 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 63 nəfər stasionar müalicəyə cəlb edilib, 147 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahinin verdiyi məlumata görə, poliklinika şöbəsi uşaqların hərtərəfli müayinə edilməsi üçün tam hazır vəziyyətə gətirilib:

"Müayinə tərtib edilmiş qrafikə əsasən aparılır. Əvvəlcə terapevt uşaqları müayinə edir, sonra ehtiyac olduğu təqdirdə onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin baxışından keçirlər. Müəssisə 19 minə yaxın uşağa xidmət edir. Martın son günlərinə qədər 3200-dən çox uşaq tibbi müayinədən keçib və onlardan 161 nəfərində xəstəlik aşkar olunub, 3 uşaq stasionar müalicəyə götürülüb və 28 uşaq müayinə üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib. Xəstəlik aşkar edilən uşaqların müalicəsi üçün tədbirlər görülür. Poliklinikada işləyən həkimlərdən ibarət yaradılan səyyar briqadalar uşaq bağçaları və məktəblərdə, hətta evlərdə də tibbi xidmət göstərirlər".

Əmircan qəsəbəsində yaşayan valideynlərdən Gülər Həsənova və Aytən Əliyeva 8 nömrəli uşaq xəstəxanasındakı xidmət və şəraitdən razılıq edərək övladlarının sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR