Şriftin ölçüsü / 1773 dəfə oxunub

"Heydər Əliyev məni, Vəfa Quluzadə və Eldar Namazovu kiminsə "baltalamağına” icazə vermədi" - Tofiq Zülfüqarov

11 Mart 2017 [17:57]
Şöbə müdiri, idarə rəisi, nazir müavini və 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər Xarici İşlər naziri vəzifəsində çalışmış Tofiq Zülfüqarov müsahibə verib. 

Mia.az-ın məlumatına görə, sabiq nazir unikal.org-a verdiyi müsahibədə Azərbaycanın xarici siyasəti, səfir olduğu müddətdə əldə etdiyi təcrübə, mərhum eks prezident Heydər Əliyevin ona göstərdiyi etimad və digər məsələlər barədə maraqlı fikirlər səsləndirib.

-Tofiq müəllim, necə oldu ki, Siz nazir vəzifəsinə kimi yüksəldiniz?

-Mən 1993-cü ildə Xarici İşlər Nazirliyində İdarə rəisi vəzifəsində çalışırdım. Amma, ümumilikdə Azərbaycanının xarici siyasəti ilə bağlı danışıqlarda iştirak edirdim. O vaxtlar Azərbaycanda diplomatik təcrübəsi olan insanlar da az idi. Bu səbəbdən gənc olsam da, bu danışıqlarda iştirak edirdim. 1994-cü ildə nazir müavini vəzifəsinə yüksəldim. 1997-ci ilə kimi Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak edirdim. 1998-ci ildə özüm də gözləmədən nazir təyin edildim. Məni mərhum eks prezident Heydər Əliyev nazir vəzifəsinə təyin etdi. Həqiqətən bu, mənim üçün gözlənilməz oldu. Mərhum Vəfa Quluzadə zəng edərək məni təcili Prezident Administrasiyasına çağırdı və mən getdim. Mərhum eks prezident Heydər Əliyev bizi kabinetində qarşıladı və bu vəzifəni mənə həvalə etdi. Bildirdi ki, "siz gəncsiniz, amma mən sizə etimad göstərərək bu vəzifəyə təyin edirəm. Amma siz də öz üzərinizdə ciddi çalışmalı və diplomatik təcrübənizi artırmalısınız”. Mən Heydər Əliyevi tutduğum vəzifədə bacardığım qədər iş görəcəyimə əmin etdim.

-Bəs Heydər Əliyevə Sizin təqdimatınızı kim vermişdi?

-İnandırım sizi, mən bu məsələni bu gün də fikirləşirəm. Düşünə bilmirəm ki, təqdimatımı Heydər Əliyevə kim edib. Amma bütün hallarda Heydər Əliyev mənim fəaliyyətimlə 1993-cü ildən tanış idi. Bu gün kimsə desə ki, Tofiq Zülfüqarovu nazir postuna o gətirib buna heç vaxt inanmayacağam. Çünki çox adam bu sözdən istifadə edə bilər.

-Nəyə görə nazir postundan istefa verdiniz?

-Bu, böyük sualdır. Bunun dərinliklərinə getmək istəmirəm. Hesab edirəm ki, belə məsləhət idi.

-Sizi tənqid edənlər çox oldumu?

-Maraqlı sualdır. Bizdə biri yıxılan kimi onu baltalamaq istəyənlər çox olur. Bunu mənə də şamil etmək olardı. Amma Heydər Əliyev məni kiminsə "baltalamağına” icazə vermədi. O, iclasda tapşırdı ki, "kimsənin Tofiq Zülfüqarovun fəaliyyətini tənqid etməsini eşitməyim”. Həmçinin, Vəfa Quluzadə və Eldar Namazovla da bağlı eyni tapşırığı verdi.

-Latviya və Estoniyadan səfir vəzifəsindən geri qayıtdıqdan sonra işssizlik sizi narahat etmir ki?

-Hesab edirəm ki, mən işsiz deyiləm. Çünki öz mövqeyimi təyin etmişəm. Hazırda Dağlıq Qarabağla bağlı məsələni şərh edirəm. Bilirəm ki, bu mövzuda hər kəs kimi mənim fikirlərimin də xeyri ola bilər.

Təəssüflər olsun ki, Xarici İşlər Nazirliyi və onun tabeçiliyində olan qurumlar daxili ictimaiyyətlə işini lazimi səviyədə qura bilməyiblər. Dağlıq Qarabağ mövzusuyla bağlı daxili ictimaiyyət arasında yaranan boşluğu hesab edirəm ki, azacıq da olsa, doldura bilirəm. Fikrimcə, mən bu işimlə doğma Xarici İşlər Nazirliyinə kömək edirəm. Bu normal ictimai bir vəzifədir və bunu görmək lazımdır. Bir məqamı də xatırlatmaq istəyirəm ki, ictimaiyyətin rəyi bu məsələdə çox vacibdir.

-Necə dolanırsınız?

-Mən dövlətdən hər hansı bir maddi yardım almıram. Digər mənbələr var ki, bundan istifadə etməklə normal yaşamağa imkanım var. Zəngin deyiləm və amma bəzi imkanlarım var. Böyük bir maaşla 10 il səfir vəzifəsində çalışmışam. Həmçinin, bizneslə məşğul olan dost-tanışım da var. Mən Latviya və Estoniya biznes mühitinə yaxşı bələdəm. Bu mühitdən istifadə etmək istəyənlərə yaxından köməkliyimi göstərirəm.

-Biznesiniz varmı?

-Xeyr. Demək olar ki, biznesim yoxdur.

-Bəs məmur dostlarınız necə ?

-Əlbəttə var. Mənim çox yaxın məmur dostlarım var. Onların bəziləri ilə məmur olmamışdan əvvəl dostluğum olub. Açıq deyim ki, həmkarlarım arasında da dostluq etdiyim şəxslər var. Bu şəxslərin adlarını açıqlamaq istəmirəm. Bu nəyə lazımdır?

-Sizin təcrübənizdən gənc diplomatlar yararlanırlarmı?

-Bilirsiniz, bizdə belə bir misal var. Deyir, Allaha dua edənlər yaradandan biri pul, biri maşın istəyir. Amma Allahdan ağıl istəyən yoxdur. Ona görə bu çox incə məsələdir. Kiməsə məsləhət versən belə, gərək əmin olasan ki, bunu səndən həqiqətən istəyirlər. Mən də onun tərəfdarıyam ki, lazım olmayan məsləhətləri heç kəsə verməyim.

-Xarici İşlər Nazirliyinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Hər bir təşkilatın yaxşı və mənfi cəhəti var. Xarici İşlər Nazirliyinin kadr siyasətində ciddi problemlər var. Bu ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, kadrlar düzgün şəkildə istifadə olunmur. Fikrimcə, insanlar peşəkarlığa görə istifadə olunmalıdır. Xoşuna gəlib-gəlməmək əsasında deyil. Yəni, bu mənim ümumi baxışımdır.

-Bəs bu sahədə günahkar kimdi?

-Təbii ki, sonuncu günahkar nazirdir. O, hər şeyə cavabdehdir. Hesab edirəm ki, nazir müavinləri də daha aktiv olmalıdır. Kadrların təyinatında subyektiv baxışa deyil, peşəkarlığa üstünlük verilməlidir.

-Xarici İşlər Nazirliyində vəzifədə olan fəhlə balası varmı?

-Bəli, var.

-Amma bu qurumda fəaliyyət göstərən kifayət qədər məmur balaları da var...

-Bu, prestij məsələsidir. İki əsr bundan əvvəl İngiltərə kraliçası rəsədxanaya ulduzlara baxmağa gedir. Kraliça rəsədxanada alimlərin işindən razı qaldığı üçün onların əmək haqlarını qaldırmaq fikrinə düşür. Alimlərdən biri kraliçanı bu fikrindən daşındırmağa çalışır. Alim deyir ki, əgər, siz əmək haqlarını qaldırsanız, burada elmlə məşğul olmaq istəyən adamlar yox, digər adamlar bura gəlib dolacaqlar. İndi də Xarici İşlər Nazirliyi prestijli bir yerdir. Buraya müxtəlif adamlar yol tapıb gəliblər. Çalışırlar ki, burada işləsinlər. Türkiyədə səfir vəzifəsinə yüksəlmək üçün azı 15-20 il bu sistemdə çalışmaq tələb olunur. Amma, biz gənc ölkəyik. Bizdə səfir vəzifəsinə daha gənc təyinat olur. Mən Xarici İşlər Nazirliyinə gəldikdən 2 ay sonra danışıqlarda iştirak etmişəm. Bu anormal bir hal idi. Amma bizim ayrı yolumuzda yox idi. Hazırda isə təcrübəsiz şəxsləri kənara qoymaq lazımdır. Çünki bu, 1993-cü ildə fövqəladə vəziyyət üçün bir təcrübə idi. Hesab edirəm ki, bu gün digər ölkələrdə olduğu kimi peşəkarlar yetişdirmək lazımdır. Onlara aid bir proqram olmalıdır.

-Bəzi ölkələrdə fəaliyyət göstərən səfirlərimiz Azərbaycan hökumətinə qarşı çıxdılar. Bu barədə nə deyə bilərsiniz?

-Əgər sən dövlət işçisisənsə, gərək hansısa çərçivədə fəaliyyət göstərəsən. Yox, əgər istəyirsənsə, azad-siyasi fəaliyyətlə məşğul olasan, onda sistemdən çıxmağın vacibdir. Hesab edirəm ki, bu yeganə yoldur. Mənim bu adamlara iradım odur ki, ya bu sistemin içində ol, ya da bu sistemdən çıx.

-Bəs siz özünüzü harada görürsünüz?

-Mən hələlik ictimai fəaliyyətlə məşğulam. Bu sistemdə deyiləm.

-Prezident İlham Əliyev 2005-ci ildə sizə etimad göstərərək səfir vəzifəsinə təyin etdi. Bəs hazırda necə, yenidən səfir kimi fəaliyyət göstərmək istəyərsinizmi?

-Bəli. Təbii ki, gedərəm. Bizdə qayda var ki, səfir vəzifəyə iki dəfə, 5 il olmaqla seçilə bilər. Sonra o geriyə qayıdıb mərkəzdə bir müddət işləməlidir. Əgər mən Xarici İşlər Naziri vəzifəsində olmasaydım, geriyə qayıdan kimi bu qurumda hansısa vəzifədə çalışardım.

- Xarici İşlər Nazirliyində hər hansı bir vəzifəyə dəvət etsələr, qəbul edərsinizmi?

- Əgər mən nazir olmuşamsa, indi bu qurumda hansı vəzifədə çalışa bilərəm? Dünyada elə bir təcrübə yoxdur. Amma mənim nazir olmayan səfir həmkarlarım ölkəyə geri döndükdən sonra nazirliyə qayıdıblar. Orada müxtəlif vəzifələrdə çalışırlar. İstər-istəməz nazir xüsusi bir vəzifədir. Mən necə orada adi işçi kimi çalışa bilərəm? Bu gün Xarici İşlər Nazirliyində rəhbər vəzifələrdə çalışan insanların bir müddət rəhbəri olmuşamsa, indi onların yanında işçi olmağı düzgün hesab etmirəm. Yəni, bu baxımdan maraqların konflikti yarana bilər. Bu həm mənim onlarla işləməyimə, həm də onların mənimlə işləməyinə biraz çətinlik yaradacaq. Təbii getmərəm və getməmişəm də. Qeyd edim ki, təklif də gəlməyib. Kimsə qapını döyüb demir ki, gəl hansısa vəzifədə işlə. Mən təkliflərin qarşısını almaq üçün qabaqcadan öz fikirlərimi açıqlamışam.

-Tofiq müəllim, bəs Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Diaspora böyük bir təşkilatdır. Buna bir sözlə qiymət vermək olmaz. Azərbaycan diasporası formalaşma dövrünü yaşayır. Bəzi məqamlarda yaxşı tədbirlər keçirir və bəzən isə zəiflik göstərirlər. Təşkilatlanma prossesləri hələ davam edir.

-Səfir olduğunuz müddətdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edirdinizmi?

-Təbii ki, edirdim. Mən səfir olanda onlarla hər zaman əməkdaşlıq etmişəm. Bəzi məqamlarda bizim tədbirlərimiz onlarla üst-üstə düşürdü. Komitə sədri Nazim İbrahimov da bizim təşkilatın yetirməsidir. O, səfir işini çox yaxşı bilir. Onunla əməkdaşlıq etmək hər zaman mənim üçün rahat idi və bir-birimizi yaxşı başa düşürdük. Əlbəttə, hər bir işdə problem olur. Misal üçün, diasporda təmsil olunan hər bir insan lazimi səviyyədə təşkilatı işlərə hazır olmalıdır. Amma təəssüflər olsun ki, bəzi diaspor təşkilatlarə öz ambissiyalarına xidmət edirlər. Yəni, bu iş çox mürəkkəbdir.

-Tofiq müəllim, bəzi diaspor təşkilatlar öz ambissiyalarına xidmət edirlər fikrini səsləndirdiniz. Amma bəzi ölkələrdə diaspor təşkilatlar səfirliklərin işindən narazıdırlar. Bu barədə nə deyə bilərsiniz?

-Mən problemi dərin bilmirəm ki, bu haqda hansısa fikir söyləyim. Səfir olanda mən də bəzi Azərbaycan diaspor təşkilatların tədbirlərinə qatılmırdım. Çünki onların digər məsələlərdə fəaliyyəti mənim tərəfimdən dəstəklənmirdi. Hətta, onlar bəzən Latviya və Estoniyada səfir olduğum müddətdə , fəaliyyətimə də maneə olurdular. Belə deyə bilərəm ki, hətta bəzi diaspor təşkilatlar yerli qurumlara tabeçilik göstərir, nəinki Azərbaycanın maraqlarına. Bunu açıq etiraf etməliyik. Xaricdə yaşan hər bir soydaşımızı da vətənpərvər hesab etmək düzgün deyil. Yəni müxtəlif hallar mövcuddur. Səfir üçün bu vəziyyət yerində daha aydın görsənir.

-Sonda bir sualım var. Bildirdiniz ki, sizin günahınız olmadan maşınınız cərimə meydançasına aparıldı. Bu məsələni necə çözə bildiniz?

-Vəzifəsindən, varından, sürdüyü avtomobildən asılı olmayaraq, hər kəs şəxsi avtomobili ilə yola çıxırsa, o sürücüdür. Varlı adam avtomobilin yolda elə sürür ki, elə bil hamı ona borcludur. Hesab edirəm ki, başıma gələn son hadisədə bu amillər üst-üstə düşüb. Əlbəttə, mətbuatımıza, ictimaiyyətimizə minnətdaram ki, mənə belə bir dəstək verdilər. Fikrimcə, mən də bu dəstəyə cavab olaraq çalışacam ki, hansısa fikirləri ortaya qoyum.





SON XƏBƏRLƏR