Deputatlar Bahar Muradovanı niyə alqışladılar?

img

14-11-2013 [15:00]


Milli Məclisin bugünkü iclasında vitse -spiker Bahar Muradova millət vəkillərinə əlavə imtiyazların verilməsi barədə təkliflə çıxış edib.


"Qafqazinfo” xəbər verir ki, vitse-spiker qeyd edib ki, Milli Məclisin özünün balansında olan ofislər olmalıdır. İcra orqanları deputatları xidməti telefonla təmin etməlidir: "Bəziləri deyə bilər ki, millət vəkilləri tutduğu vəzifəyə görə imkanları var. Onlar özləri bunu həll edə bilərlər. Təklif edirəm ki, icra hakimiyyəti orqanları vasitəsi ilə razılaşdırılmış mülkiyyət olmalıdır. Deputatın yerlərdə ofisi olmalıdır. Bu gün rayonlarda inkişaf var. Bunu həyata keçirmək olar”.

Bahar Muradova ölkə prezidentə müraciət edərək ki onlara dəstək verməsini xahiş edib: "Biz millət vəkillərinə işləmək üçün müvafiq qərargahların verilməsini təmin etməliyik. Millət vəkilinin nəqliyyat vasitəsi yoxdur. Onun sürücüsü var. Amma sürücünün əmək hüquqları pozulur. Sürücülərin sosial təqaüd məsələləri həll olunmur. Onların qəza keçirdiyi təqdirdə sığortası yoxdur. Bu təkliflər mənim öz təşəbbüsümdür.

Deputat otağında telefon ödəmələrinin pulu ödənilmir. Bu bizi pis vəziyyətdə qoyur. Deputatın köməkçisi qovluqla küçədə gözləməli olur. Bu qədər inkişaf varsa cüzi problemi həll edə bilmirikmi? Mən bunu öz üzərimə götürərək məsələni qaldırdım. Bizim sürücülərimiz təkcə maaş alır. Ezamiyyət xərcləri də var. Azərbaycan hökuməti, Maliyyə Nazirliyini qarşıdakı illərdə bu problemləri həll etməkdə kömək etməyə çağırıram”.

Bahar Muradovanın təklifləri millət vəkilləri tərəfindən alqışlanıb.

***

Millət vəkili Elmira Axundova Bahar Muradovanın deputat köməkçilərinin maaşları barədə dediklərini təsdiqləyib: "Biz hər zaman həkim, müəllimlərin maaşından danışırıq. Amma biz Milli Məclisin əməkdaşlarının əmək haqqından danışmırıq, bundan utanırıq. Eləcə də, bu dediklərim deputat köməkçilərinə də aiddir. Biz onları işə götürərkən diqqətlə araşdırırıq və işə götürürük. Onların arasında əla universitet bitirmiş, bir neçə xarici dil bilən, hətta professor elmi dərəcəsi olan şəxslər var. Bahar xanımın dediklərinə qoşularaq və irəli gedərək deyirəm ki, deputat köməkçilərinə xüsusi status verilməlidir. Biz onlara 550 maaş veririk. Dövlət də hər bir köməkçiyə 30-40 min manat pul xərcləyir. Onları əla kadr kimi yetişdirir, xarici ölkələrə göndərir. Amma deputat gələn seçkidə seçilməyəndə bu köməkçilər işsiz qalırlar. Heç olmasa onları Milli Məclisə işə götürsünlər. Mən təklif edirəm ki, gələn seçkilərdə onlara dövlət qulluqçusu statusu verilsin. Mən xahiş edirəm ki, deputat köməkçilərinin və Milli Məclis əməkdaşlarının maaşına heç olmasa gələn il baxaq.”

Millət vəkil Fazil Mustafa da Bahar Muradovanın təklifinə münasibət bildirib. O, qeyd edib ki, yerlərdə deputat ofislərinin olmaması problemlər yaradır: "Bir çox hallarda biz seçicilərimizi Milli Məclisin qəbul otağına çağırırıq. Bu isə uzun yol qət edilməsi deməkdir”.

Eyni zamanda o, deputat sürücüləri məsələsinə də münasibət bildirib. Fazil Mustafa bdeyib ki, o özü maşını idarə edir: "Onlara heç pensiya da yazılmır. Onların gələcəyi bəs necə olacaq? Biz onların da hüquqlarını müdafiə etməliyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA