Əli Oruclu: “Əsəs məsuliyyət Azərbaycan hakimiyyətin üzərindədir”

img

08-11-2013 [16:23]



AMİP Mərkəzi Şura üzvü, politoloq Əli Orucov MİA-ya müsahibə verib.

-Əli bəy, Rusiyada getdikcə millətçilik əhval-ruhiyyəsinin artması daha təhlükəli hal almaqdadır. Xüsusən də, soydaşlarımıza qarşı göstərilən kəskin münasibət narahatlıqla izlənilməkədəir. Sizcə, bütün bunlar nədən qaynaqlanır və prosesin gedişini necə proqnozlaşdırırsız? 

-Rusiyadan gələn həyacanlı xəbərlər hər bir azərbaycanlını təbii ki, narahat etməkdədir. Təkcə ona görə yox ki, orda yaşayan, işləyən, alın təri ilə hər cür aşağılamalra dözərək ailəsinə çörək pulu qazanan soydaşlarımızı deportasiya edirlər, onları, döyür, söyür, incidirlər. Təhlükənin arealı daha böyük və dərindir. Burada siyasi amillər, imperiya maraqları, xalqları yenidən əsarət altına alma niyyətləri əsas məqsəd daşıyır. Sovet İmperiyası dağılandan sonra Rusiyanın özü də ilkin etaplarda çox ciddi problemlərlə üz-üzə qaldı. Yeltsin dönəmində mərkəzi hakimiyyətin mövqeyi zəifləmiş, inzibati subyektlərin rolu artmış, paytaxtla əyalətlər arasında subardinasiya qaydaları xeyli zədələnmişdi. İdarəçilikdə xaos, anarxiya höküm sürürdü. Hətta, belə hallar o qədər dərinə işlədi ki, Şimali Qafqaz, Tatarıstan və digər federasiya subyektləri mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıraraq müstəqilliklərini elan etdilər. İqtisadi cəhətdən də Rusiya xeyli sıxıntılar keçirdi. Şimal qonşumuzun özünə gəlməsi üçün təxminən 20 ilə yaxın vaxt lazım oldu. İndi-indi Rusiya ayaq üstə dayanmaq istəyir. Lakin görünən o ki, bu dövlət hələ də beynəlxalq sülh və təhlükəsizlik üçün problem olaraq qalır. Bu problem nədən ibarətdir? Putinin təkrar hakimiyyətə gəlişi "rus şovinizmi” və "rus ağalığını” bir qədər canlandırdı. Putin hökümətinin "Rusiyanın xarici siyasətinin konsepsiyasi” adlı 18 fevral 2013-cü ildə qəbul etdiyi sənədində Kremlin nələri hədəflədiyi tam öz əksini tapıb. Əsas məqsəd Rusiyanı dünyanın hegomon dövlətindən birinə çevirmək, beynalxaql arenada ABŞ, NATO, AB kimi nəhəg güclərin rolunu azaltmaq, iki qütblü dünya siyasətinin formalaşdırılmasına nail olmaqdır. Bunun üçünsə ilk növbədə mövqelərini möhkəmləndirmək, təsir dairəsini genişləndirmək, itirdiklərini qeyri qaytarmaq vacib şərtlər sırasında gəlir. İndiyədək Azərbaycan iqtidarı böyük güclər arasında manevir etmək imkanlarından geninə-boluna öz maraqları üçün bəhrələnə bilirdilər. Amma dünyanın siyasi qütbləşməyə doğru sürət götürməsi rəsmi Bakını da getdkcə çətin duruma salmaqdadır. Əvvəlki dönəmlərdən fərqli olaraq konkret seçim edilməlidir; ya Rusiya, ya da Avroatlantik məkana inteqrasiya. Rusiyadakı soydaşlarımıza da sərgilənən belə xoşagəlməz münasibətin kökündə də məhz Azərbaycana təzyiq vasitəsi olma etimalı da mümkündür. 

 -Niyə məhz ehtimal? 

-Bunu kəsin dəyərləndirmək bir qədər çətindir. Ən azından ona görə ki, biz aysberqin görünən tərəfıni görə bilirik. Dərinliklərdə hansı oyunların qurulduğundan xəbərsizik. Hər halda şübhə doğuran məqamlar kifayət qədərdir. 9 oktyabr prezident seçkiləri ərəfəsində Azərbaycan iqtidarı Rusiyaya qarşı total hücuma keçdi. Elə görüntü yaratmağa çalışıldı ki, güya Əliyev hakimiyyətinə Rusiyadan ciddi təhlükə var. Eyni ssenari İranla da oynanıldı. Doğrudur, bir sıra analitiklər bunu ciddiyə almadılar. Lakin çox keçmədi bir daha aydın oldu ki, Şimal qonşimuzun mövcud hakimiyyəti dəyişdirmək barədə uydurulan təbliğatın heç bir əsası yoxdur. Bəs nə oldu "Milyardelər İttifaqı”, Milli Şura, Rüstəm İbrahimbəyov, Abbas Abbasov, Söyün Sadıqov? İlham Əliyevə seçilməmişdən öncə ilk xeyir-duanı verən də, təbrik edən də Putin oldu. Rusiyada anti-azərbaycanlı təbliğatının yaradılmasında iki versiyanı irəli sürmək mümkündür. Birici versiya, ondan ibarətdir ki, həqiqətən də, Kreml belə davranış sərgiləməklə Azərbaycana Avrasiya İttifaqına qoşulması üçün təzyiq göstərir. Özünü bu regionun "ağası” olduğunu xatırlatmağa və öz təsiri altına salmağa, yaxud da, daha böyük güzəştlər və imtiyazlar qoparmağa çalışır. Bunlar Azərbaycanın müstəqilliyi və suverinliyi üçün ciddi təhlükə sayılmalıdr Eyni zamanda rəsmi Bakının Rusiyanın maraqlarına zidd enerji siyasəti yürütməsinin qarşısını əngəlləmək da planın tərkib hissəsi ola bilər. Bunlar Azərbaycanın müstəqilliyi və suverinliyi üçün ciddi təhlükə sayılmalıdr. Burda artıq söhbət dövlətçilyimizin qorunmasından gedirsə, bu zaman millət olaraq vahid mövqe ortaya qoymalıyıq. İkinci versiyaya gəlincə, bu imitasıya xarakteri daşıya bilər. Bildiyiniz kimi 9 oktyabr seçkilərindən sonra ABŞ və Qərb Azərbaycana qarşı sərt mövqe bildirdi. Hətta, seçkilərin nəticələri şübhə altına alındı. Bu həm də İlham Əliyevin 3-cü dönəm prezidetliyinin legitimliyinin şübhə altına alınması demək idi. Azərbaycan iqtidarı yaxşı anlayırdı ki, Əliyev soyadının uzun müddət hakimiyyətdə qalmasına Qərb və ABŞ o qədər də sıcaq yanaşmır. Ona görə də sünii Rusiya və İran xofu yaratmaqla Qərbdə və Birləşmiş Ştatlardan bu dəstəyi almağı düşünürdülər. "Milyarderlər İttifaqı” da, Milli Şura da, Rüstəm İbrahimbəyov da Rusiya və Azərbaycan hakimiyyətinin Qərbi şantaj etmək, qorxutmaq üçün birgə hazırladığı və həyata keçirdiyi layihə idi. Amma bu layihə uğurlu alınmadı. Çünki ssenarinin qurluşunda da, aktyorların oyunlarında da qeyri-təbiilik aydın hiss olunurdu. Rusiyada azərbaycanlı "ovu”nda da eyni dəst-xəttin olması istisna deyil. Orxan Zeynalov məsələsindən başlanan rus millətçilərinin etiraz dalğasının ardından Almanıya Kansleri Angela Merkelin, ardınca Böyük Britaniyanın Baş naziri Devid Kemeronun İlham Əliyevə gec də olsa təbrik məktubları göndərmələri təsadüf sayıla bilməz. Rusiyada yaşayan və çalışan soydaşlarımıza qarşı həyata keçirilən qeyri-insani rəftarın arxasında Kremlin dayanması şübhəsizdir. Lakin həmvənlərimizin Azərbaycan-Rusiya iqtidarlarının birgə hansısa siyasi oyunlarda alət kimi istifadə etmələrini də istisna etmirəm. İstənilən halda belə münasibətə səbrlə yanaşmaq çox müşküldür. Yeri gəlmişkən, onu da vurğulayım ki, Orxan Zeynalov məsələsi və Pokrov bazarə ətrafında baş verən hadisələrin şişirdilməsi heç Rusiyanın özünə də xeyir vermədi və Azərbaycan tərəfinin əks-reaksiyası təqdirəlayiq oldu. 

 -Sizcə millətçilik Rusiyanı hara aparır? 

-Rusiyada heç vaxt ifrat millətçilik olmayıb. Zatən bunun olması da mümkün deyil. Çünki Rusiyanın özü çoxmillətli, müxtəlif dini konfessiyalı, fərqli mədəniyyətli və sivlizasiyalı dövlətdir. Bu ölkədə özlərinin rəsmi statistikalarına görə 180 millət və etnik qrup yaşayır. Federasiyanın Şimali Qafqazdakı subyektlərində Çeçenistan, İnquşetiya, Dağıstan, Kabarino-Balkarda ümumi əhalinin cəmi 5%-i, Başqırdıstan, Tatarısatn və digər respublikalarında isə 10-15 % -rusdur. Burada eyni zamanda Putinin söylədiyi "hər rusda bir tatar bağılığı vardır” kəlməsini təkrarlamaq yerinə düşərdi. Bu o deməkdir ki, Rusiyada neofaşizm və ifrat millətçilik bu dövləti çökdürər. İndi göstərilən millətçilik və irqçilik Kreml tərəfindən başladılaraq idarə edilən və müəyyən siyasi məqsədlərə hesablanmış kampaniya, post-sovet məkanına, Avropaya hədə-qorxu gəlmək üçün hazırlanan tamaşadır. Əgər Putin hakimiyyəti bu tamaşanı bu cür də göstərisini çox davam etdirsə artıq, Rusiya üçün əsil faciəyə çevriləcək. Hərbçilərin siyasət yapmalarının sonucu həmişə faciə ilə bitir. 

-Bayaq siz vurğuladınız ki, dövlətçilik məsələsində millət olaraq eyni mövqe sərgilənməlidir. Bir müddət əvvəl rusiyalı yüksək rütbəli hərbçisinin Azərbaycanı yenə hədəlməsinə müxalif düşərgədən münasibət bildirilmədi.

 - Əvvəla, qeyd etmək istərdim ki, Ermənistanda dislokasiya olunmuş Rusiyanın 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin oktyabrın 10-da "Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibəsində Azərbaycana qarşı açıq təhdidlərın geniş yer alması onu bir daha sübut etdi ki, işğal faktorunun arxasında rəsmi Moskva dayanır. İkincisi, Rusiyanın beynəlxalq hüquq normalarına və prinsiplərə sayğısızlığın da bir nümayişi oldu. Üçüncüsü, bu onu göstərdi ki, hələ də rus hərbi-siyasi dairələrində xam xəyallarla yaşayanlar var. Belələri hələ də başa düşə bilmirlər ki, tarix yerində saymır, dünya sürətlə dəyişir, zaman da köhnə zaman deyil. Lakin bu bəyanatların özünü belə qorxulu sayıram. Hərbçilərin siyasət yapmalarının sonucu həmişə faciə ilə bitir. Müxalifətin rus hərbçisinin sayıqlamalarına müsaibət bildirməmələrinə gəlincə isə, konkret nəsə deməkdə çətinlik çəkirəm. Bəlkə də ortada hər hansısa bəyanat-filan olub, ancaq bu bizim diqqətimizdən qaçıb. Yaxud da bəzilərinin başları o qədər daxili didişmələrə və "razborkalara” qarışıb ki, belə vacib məsələlər yada düşməyib. İstər Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən vandalizm, istərsə də hansısa hərbçinin tədid dolu fikirlərinə qarşı əsas məsul şəxs kimi Azərbaycan hakimiyyətini görürəm. Əvvəla ona görə ki, dövlət aparatı və dövləti təmsil etmək onların ixtiyarındadır. İknicisi də, azərbaycan iqtidarının yürütdüyü daxili-xarici siyasətin səbatsızlığındadır ki, yüz minlərlə soydaşımız ölkədən bir qarın çörək pulu qazanmaq xatirinə didərgin düşüb. Mərhum prizident H.Əliyev pencəyini çiyninə atıb bir həftəyə Qarabağı işğaldan azad edəcəyinə söz verərək 1993-cü ildə hakimiyyətə gəlməyinə baxmayaraq, mənfur ermənilərdən indiyədək bir qarış torpaq da təmizlənməyib. Azərbaycanın daxili və xarici siyasəti ancaq mövcud hakimiyyətin maraqlarının təmininə yönədib. Bu məqsəd reallaşdırılarkən şantajdan, hədə-qorxudan tutmuş, rüşvətə, hər cür dövlət mənafelərini güzəşt getməyə kimi çeşidli vasitələrdən istifadə olunur. Xarici siyasətə yanaşma profossional deyil. 

-Dünyanın siyasi qütbləşdiyi bir vaxtda Azərbaycan özünü sizcə, necə aparmalıdır ki, qarşıdurmalardan xətasız ötüşsün? 

- Azərbaycan iqtidarının indiyədək sistemli xarici siyasət yürütməməsi, ümumiyyətlə xarici siyasət konsepsiyasını ortaya qoymaması ən böyük qəbahəti və problemidir. Biz indiyədək xarici siyasətdə qeyri-müəyyənlik və pərakəndəlik müşahidə etməkdəyik. Biz müəyyən etməliyik ki, dostlarımız kimlərdir, düşmənlərimiz kimlər, kimlə stareji müttəfiq ola bilərik, kiminlə hərbi, iqtisadi, siyasi sahədə əməkdaşlıq etməliyik, kiminlə məsafə saxlamalıyıq və v.s. Regiona baxışlarımız necə olmalıdır, hansı qonşu ilə necə davranmalıyıq, siyasətin ümumi və paraqafik konturları necə müəyyənləşməlidir kimi vacib detallar da məlum deyil. Məlum olan odur ki, kimin Əliyevlərlə ortaq maraqları varsa, ona yaşıl işiqdır, kim Əliyevlərlə deyil, sivil dəyərlərə önəm verirsə o zaman əks təbliğatın, gözdən salmanın düyməsi basılır. Azərbaycanın xarici siyasətini dəyərlədirmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Çünki xarici siyasəti layiqincə aparacaq diplomatlarımızın, mütəxəsislərimizin olmasına rəğmən, xarici siyasətə yanaşma profossional deyil. Mən hesab edirəm ki, Azərbaycan qütbləşən dünyadan az xətasız çıxmasının yeganə yolu Avroatlantik məkana inteqrasiyasıdır. Bu inteqrasiya həm müstəqillyinin və suverenliyinin qorumnasının, həm Rusiya və İran kimi təhlükəli qonşularımızın etkisini azaltmağın, həm də olkənin demokratik inkişafının stimulu və qarantiyası olardı. Üç Cənubi Qafqaz ölkəsindən artıq ikisi Gürcüstan Avrointeqrasıyanı, Ermənistan isə Rusiyanın proyekti olan Avroasiyanı özünə seçim etdi. Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatı yuxarıda sadaladığım təminatı Azərbaycana vermir və verə də bilməz. Hesab edirəm ki, rəsmi Bakı nə qədər tez mövqeyini dəqiqləşdirərək qəti və konkter addımlar atsa, o qədər faydalı olacaq. İsənilən halda itkisiz ötüşməyi mümkün hesab etmirəm. Amma ortada qalmaq daha çox itikər deməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA