“Elə bir iş gördünüz ki...” – Əli Kərimli

img

04-11-2013 [10:26]



AXCP Ali Məclisinin sessiyasında ictimai-siyasi durum və partiyanın qarşısında duran vəzifələr müzakirə olunub. 

Partiya sədri Əli Kərimli çıxışında prezident seçkisindən sonrakı durumu təhlil edib, saxtakarlığa xalqın və beynəlxalq birliyin olduğu kimi qiymət verməsi ilə hakimiyyətin çətin vəziyyətə düşdüyünü vurğulayıb: "AXCP durumu olduqca dəqiq qiymətləndirərək düz bir il əvvəl ölkədə demokratik seçki şəraiti olmadığını bəyan etmişdi. Biz bilirdik ki, ölkədə seçki yolu ilə hakimiyyəti dəyişmək imkanları qapadılıb. Belə şəraitdə yalnız bir halda seçkidə iştirakın mənası ola bilərdi: birləşək və vahid namizəd irəli sürək. Bu baş vermədən seçkidə iştirakın imitasiyadan başqa mənası olmayacaq.

Sonrakı proseslər də bizim haqlı olduğumuzu göstərdi. Bizim səylərimizlə ölkədə müxalifətin birləşməsi ideyası həlledici reallığa çevrildi. Yadımdadır, biz vahid namizədlə seçkiyə getmək ideyasını səsləndirəndə bəziləri deyirdi ki, bu, müxalifəti parçalamaq üçün hökumətdən ötürülmüş ssenaridir. O dövrlər artıq arxada qalıb, bəlkə də indi çoxları üçün çevrilib onları xatırlamaq xoş olmaz. Sağdan-soldan vurulan zərbələrə baxmayaraq heç bir tərəddüd etmədən Milli Şura ideyasına dəstək olduq, ictimai rəyin düzgün seçim etməsinə şərait yaratdıq və bu ideya həyata keçdi”.

Əli Kərimli Milli Şuranın yaradılmasında, vahid namizədin müəyyən edilməsində və Cəmil Həsənlinin seçki kampaniyasında cəbhəçilərin önəmli rol oynadığını deyib: "Məhz digər müxalif qüvvələrlə birgə fəaliyyət, vahid namizəd ideyası Cəmil Həsənlinin hakimiyyətə mənəvi-siyasi məğlubiyyət yaşatması ilə nəticələndi. Elə bir iş gördünüz ki, milyonların hesabına o işi görmək olmazdı. Seçkinin monitorinqini aparan hər kəs gördü ki, Cəmil Həsənli uğur qazandı”.

ATƏT-in və demokratik dünyanın Azərbaycandakı seçkiyə verdiyi obyektiv rəy verdiyin vurğulayan AXCP sədri deyib ki, son günlər bəzi Qərb ölkələrindən prezident İlham Əliyevə gələn təbriklər heç kimin çaşdırmamalıdır: "Həmin dövlətlər faktiki vəziyyəti nəzərə alaraq, bəzən də praqmatik maraqlar, eləcə də Azərbaycandakı demokratikləşmə prosesində yer almaq üçün hakimiyyətlə müəyyən diplomatik əlaqələr saxlayacaqlar. Bu, sizləri çaşdırmamalıdır. Bu gün də dünya dövlətləri ən qəddar diktator Bəşər Əsədlə tərəf-müqabildir. Çünki o, hələ də kürsüdədir. Kürsüdə oturan adamla hesablaşmaq siyasətin acı reallıqlarındandır.

Əsas odur ki, bütün dünya bizimlə birgə Azərbaycanda seçkinin saxtalaşdırıldığını, İlham Əliyevin qeyri-legitim olduğunu, xalqdan mandat almadığını, sadəcə, hakimiyyəti zəbt etdiyini bəyan etdi. İlk dəfədir, nəhayət, ona nail olduq ki, hakimiyyətin puluna, əlaqələrinə baxmayaraq demokratik dünya seçkinin saxtalaşdırıldığını bəyan etdi. Bundan sorası Azərbaycan xalqına aid məsələdir. Bu rejimdən nə qədər tez xilas olmağımız xalqımızdan asılıdır”.

Əli Kərimli qeyd edib ki, müxalifətin gücü etiraf olunmalıdır: "Amma biz birləşəndən sonrakı gücümüz də hələlik ölkədə köklü dəyişiklikləri başa çatdırmağa kifayət etmədi. Məlum oldu ki, dinamika olduqca müsbətdir. Son bir neçə ildə müxalifət bir neçə dəfələrlə güclənib. Apardığımız təşkilatlanma işləri, gəncləşmə, internet rejimi mənəvi-siyasi cəhətdən məğlub etmək imkanı verdi.

Bu seçkidə bir məsələ də öz həllini tapdı. Xeyli müddətdir ki, hakimiyyətin "radikal siyasət” adlandırdığı siyasət xalqdan mandat aldı. Çünki konstruktivizm adı ilə insanlara sırınan, amma Azərbaycanda rejim dəyişikliyinə xidmət etməyən, əslində, xəstə rejimin ayaqda qalmasına xidmət edən siyasət iflasa uğradı. Azərbaycan xalqı, nə qədər bəlağətli təqdim olunsa da, özünün neqativ münasibətini ortaya qoydu, həmin siyasətə yox, prinsipial siyasətə isə "hə” dedi. Cəmil Həsənli uzun illərdir apardığımız siyasi kursla səsləşən çıxış etdi və Azərbaycan xalqı buna dəstək verdi. Bu seçki AXCP-nin israrla apardığı prinsipial siyasətə mandat verdi. Azərbaycan xalqı bu siyasəti görmək istəyir. Hər hansı formada rejimlə oyun oynayan siyasəti rədd edir.

Onu da vurğulamağa ehtiyac var ki, biz bu seçki kampaniyasının sonunda Azərbaycan cəmiyyətində xüsusi məyusluq müşahidə etmədik. Baxmayaraq ki, əldə etdiyimiz qələbə hüquqi təsdiqini tapmayıb, İlham Əliyev hələ də hakimiyyətdədir, amma cəmiyyət, müxalifət özünü məğlub hiss etmir. Başqa sözlə, özünü qalib edən tərəf heç də özünü qalib kimi hiss edə bilmir. Eyni zamanda, seçkinin rəsmi nəticəsinə görə, məğlub elan edilən tərəf də özünü məğlub hiss etmir. Çünki seçkinin nəticələrindən hər iki tərəf tamamilə başqa mesajı alıb. Hökumət düşünür ki, hansı müddətə olacağı bilinməsə də, bu dəfə də kürsünü qoruyub, amma xalq onu istəmir. Eyni zamanda müxalifət düşərgəsi də onun fərqindədir ki, bu qədər qeyri-bərabər şəraitə, məhdud imkanlara baxmayaraq xalq bu hakimiyyəti ifşa edən müxalifət namizədinə səs verdi”(qafqazinfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA