Miranşah mirzə bədii obraz kimi...

img

01-11-2013 [16:02]


Böyük fateh Əmir Teymurun üçüncüoğlu Miranşah mirzə hər bir azərbaycanlının yaddaşında necə qalıb? Onu necə tanıyırıq? Miranşah mirzə şərin timsalı olmuşmu? Miranşahı Azərbaycanda hər bir adam "Nəsimi” bədii filmindən tanıyır – qəddar, əyyaş, arvadbaz, səbirsiz, üzündən nur tökülən filosof qoca Fəzlullah Nəimini edam etdirən qaniçən kimi. (Doğrudan da, Fəzlullah Nəimi rolunun ifaçısı – məşhur aktyor İsmayıl Osmanlının bu filmdə zahiri görünüşü, üzünün ifadəsi hər bir tamaşaçının qəlbində ona qarşı məhəbbət, mərhəmət, rəğbət hissləri oyadır). Azərbaycanın bədii ədəbiyyat tarixində Miranşah mirzə kimi tarixi şəxsiyyətin surəti ən az işlənilmiş bədii obrazlardandır. Miranşah mirzə (1366-1408) 1380-ci ildən – 14 yaşından atasının yürüşlərində iştirak etmişdir. Əmir Teymur "Miranşah mirzəni bir neçə müqtədir və mümtaz sərdarla bərabər Xorasanın zəbtinə göndərmiş, bir azdan bu cəsur və şəci oğlunun silahı ilə acılan yollarla özü səfərə cıxmışdı...” Əmir Teymurun öz salnaməçilərinin, Teymurilər sülaləsinin tarixçilərinin yazdıqlarından görünür ki, Miranşah bəxt ulduzu sönənədək – atdan yıxılan zamana qədər onun ağlına və şücaətinə heç kəsin bir sözü ola bilməzdi. Şərafəddin Əli Yəzdi "Zəfərnamə” əsərində yazır: "Əmirzadə Miranşah 798 h. ilinin payızında (1395. Payız) Xoy ətrafında Pir Ömər Nəxçirbanın məzarı yanında ova cıxmışdı. Ov ardınca çapanda bir qoça rast qəlir, atın yəhərindən kəmənd çıxarır, istəyir ki, qoçu diri tutsun. At çapmağda yer üzündə tayı-bərabəri olmayan şahzadə başı və boynu üstə yerə yıxılır, həmin zərbin təsirindən bir müddət ağlını itirir. Bir müddətdən sonra azca hərəkətə gəlir və onda həyat əlamətləri üzə çıxır, üç sutka ərzində dəfələrlə vəziyyəti dəyişilir, təbibi də müalicədə xətaya yol verir və o iqbal çırağının səhhətində naqislik qalır...” . Əmir Teymurun yanında diplomatik səfərdə olan ispan səfiri Rui Qonsales de Klavixo "Səmərqəndə – Teymurun sarayına səyahətin gündəliyi (1403-1406)” salnaməsində də Miranşahın tarixdə dağıdıcı kimi qalmaq istəməsini, atasının – böyük Teymurun tikdirdiyi neçə-neçə qalaları, qəsrləri, nəhəng binaları yerlə-yeksan etdiyini göstərir. Klavixo yazır: "Bütün bunları o, bəzilərinin dediyinə görə, ruhi xəstəliyi ucbatından edirdi, bəziləri də söyləyirdi ki, Miranşah tez-tez deyirmiş: "Məgər mən ən dahi insanın oğlu deyiləm? Mən özümdən sonra bir iz qoymaq üçün bu şəhərdə nələr etməliyəm?” Müxtəlif üsullar fikirləşərək, nəhayət, görür ki, etdiyi əməllərdən gözəl bir şey düşünə bilməz və öz-özünə deyir: "Məgər mən bununla bir iz qoyub getmirəmmi?” Beləliklə, əmr edir ki, bir çox tikililəri dağıtsınlar, çünki sonra insanlar deyə bilsinlər: "Miassa Miraxa (Miranşah) heç nə yaratmadı, amma dünyadakı ən gözəl abidələri dağıtdırdı”. Bütün bu hərəkətlərinə görə Əmir Teymur Miranşahı taxt-tacdan məhrum edir, onu Reyə göndərir, yasavulunu ona atabəy olaraq goşur. Miranşahın oğlu babasının ona vermək istədiyi taxt-tacı qəbul etmir. Atasını çox sevən, hər zaman ona ehtiramla yanaşan Əbubəkir babasından onun əfv edilməsini diləyir. Rus yazıçısı, tarixi romanlar müəllifi Sergey Borodin "Səmərqənd üzərində ulduzlar” romanında Miranşahın sədaqətli oğlu Əbubəkiri belə xarakterizə edir. Əmir Teymur : – Atan rüsvay oldu. Daha ondan hakim çıxmaz. Sən onun böyük oğlusan, işə giriş. Səni bütün Hülaku şahlığının hakimi təyin edirəm. – Yox, baba! – Nə? – Teymur nəvəsinin onun sözundən cıxmasına təəccüb etdi. – Bacarmaram. – Niyə? – Bəs atam? – Ona verəcəyin kiçik şəhəri idarə edəcək. Əbubəkir: "Atamdan mənə itaət etməsini tələb edə bilmərəm”,- deyə babası ilə razılaşmır. Əmir Teymur: "Rədd ol burdan” – deyə nəvəsini qovur. "Mənin nəvəmdir! – deyə Teymur düşündü. Buna nə bütün şahlıq, nə qoşun, nə şöhrət lazımdır, təkcə öz ailəsi. Ağıllı sayırdım, amma axmaqdır”. S. Borodin "Səmərqənd üzərində ulduzlar” romanında Miranşahı taleyin ondan üz döndərdiyi maraqlı, həm də, bədbəxt bədii obraz kimi göstərmiş, həyat yoldaşı Sevinbəyin şikayətindən sonra hökmdarın onu sərt cəzalandırmasını tarixdən məlum olduğu kimi təsvir etmişdir. S. Borodin romanın Miranşaha aid hissələrini dramatik planda, çox maraqlı, oxucunu cəlb edəcək təhkiyəci dili ilə vermişdir. Azərbaycandan Səmərqəndə – qayınatası Əmir Teymurun yanına şikayətə gələn Sevinbəy ona deyir : – Sultaniyyədə sizin xoşunuza gələn gözəl sarayı dağıtmağı əmr etmişdi. Mən soruşdum : "Nə üçün?” Dedi : "Orada xəzinə basdırılıb, onu axtarıram”. Heç bir xəzinə tapılmadı. Birdən əmr etdi ki, tarixci Rəşidəddinin Təbrizdəki məqbərəsini dağıtsınlar, sümüklərini çıxarıb yəhudi qəbristanlığında basdırsınlar. Mən yenə soruşdum : "Nə üçün?” Cavab verdi : "Bu əbləh müsəlmanlar haqqında nalayiq sözlər yazıb”. Beləliklə, S. Borodin bu əsərdə Miranşahın ruhi xəstə vəziyyətini göstərərək, onu mənfi obraz kimi təqdim etmişdir. İsa Hüseynovun "Məhşər” romanında Miranşah surəti əxlaqsız, əyyaş, tez özündən çıxan, ağılsız bir hökmdar kimi qələmə alınıb. Yazıçı atası tərəfindən alçaldılıb təhqir olunan Miranşahın aldığı sərt cəzanı tarixi salnamələrdə olduğundan daha qabarıq verərək onun rəzil sonluğa layiq birisi kimi təqdim etmişdir. Özbəkistanın tarixindən məlumdur ki, Əmir Teymur və Miranşah Mirzənin İngiltərə və Fransa ilə diplomatik yazışmaları vardır. İngiltərə tərəfindən bu məktublar latın, Teymur tərəfindən tacik dilində yazılirdı. İngilis kralı IV Henrixin (1399-1413) biri Əmir Teymura, digəri Miranşaha ünvanlanmaqla iki məktubu göndərilmişdir. Hər iki məktubun üzü İngiltərə arxivlərində saxlanılır. Miranşaha: "Miassa Amirassa” deyə müraciətlə başlanan məktubda xristian tacirlərinin təhlükəsizliyini təmin etdiyinə, katoliklərə nəcib münasibətinə görə kralın ona təşəkkür etməsi öz əksini tapmışdır. Miranşah mirzə Heratda xalqın üsyanından sonra kürdlərin xanədanlığına son qoymuş, Heratın süqutunu təşkil edərək 1393-cü ildə suyurqal(1) şəklində Qərbi İranı, İraqı, Azərbaycanı da tabeçiliyinə almışdır. Yeniyetməlik yaşlarından atasi ilə bərabər yürüşlərdə olub ölkələr fəth edən Miranşah mirzə tarixdə iz qoymaq istədi, Əmir Teymurun onu Hindistan yürüşünə aparmaması onun qəlbini incitdi, lakin bu yürüşdə oğlu Xəlil Sultan iştirak etdi. Allah-taala Miranşah mirzəyə gözəl övladlar bəxş etmişdi. Görünür, Əmir Teymurun bədbəxt hadisə nəticəsində ruhi sarsinti keçirmiş bu oğlunun əcdadından irsən ona keçmiş istedad və bir çox gözəl əxlaqi keyfiyyətləri olmuşdur ki, bu da onun bütün övladlarında özünü büruzə vermişdir. Hindistanda Böyük Moğol İmperiyasının əsasını qoymuş tarixi şəxsiyyət, hökmdar, yazıçı, şair Zahiriddin Məhəmməd Babur (1483-1530) Miranşah Mirzənin nəticəsidir. Baburun atası Ömər Şeyx Mirzə Əbu Səid Mirzənin oğludur. Əbu Səid Mirzə sultan Məhəmməd Mirzənin oğlu, Miranşahın nəvəsidir. Miranşah mirzənin ikinci oğlu Xəlil Sultan cəsur, mərd, igid oğul, gözəl bir insan olmuşdur. Xəlil Sultanın bu qədər mətin və əxlaqı təmiz gənc olması böyük fatehdə ona qarşı dərin rəğbət hissi yaratmışdır. Əmir Teymur kimi müdrik bir hökmdarın nəvələrinin içərisində ən çox məhəbbət bəslədiyi məhz o olmuşdur. Gənc olmasına baxmayaraq, babasının Hindistan yürüşündə o qədər şücaət göstərmişdir ki, hökmdarı yürüşdə müşayiət edən baş hakim Nəsirəddin Ömər Əmir Teymurun arzusu ilə bu tarixi hadisəni əks etdirən gündəliyin əvvəlini Xəlil Sultana ithaf etmişdir. Miranşahın qızı da Teymurun çox sevdiyi nəvəsi olmuşdur. Əmir Teymur "Ağ və parlaq xalis Təbriz mərmərindən süni bir təpə üzərində inşa edilmiş, dərin kanalla əhatə olunmuş və bir çox körpülər vasitəsilə geniş parkla birləşdirilmiş, istər memarlıq cəhətdən, istərsə də mənzərəsinə görə insani heyrətə salan gözəl bir bağı Miranşahın qızına bağışlamışdı”. Miranşah mirzə 1408-ci ildə oğlu Sultan Əbubəkirin qisasını almaq üçün Acıçay (Sərdrud) yaxınlığında Qara Yusiflə döyüşə atılır, məğlub edilərək öldürülür. Pirkişiyeva Xalidə Hüseyn qızı " Zaman və Biz” qəzetinin redaktoru.

Digər xəbərlər
SON XƏBƏRLƏR