"Media belə işləyə bilməz" - Elçin Şıxlı Prezidentin köməkçisi ilə görüşdən danışdı, mətbuatla bağlı müsbət anonslar verdi
01-08-2020 [11:57]
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytının və AynaTV-nin təsisçisi Elçin Şıxlı Teleqraf.com-un suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
– Elçin müəllim, iyul ayı bir sıra hadisələr baxımından çox qaynar keçdi. Ondan başlayaq ki, bu ayda Prezidentin köməkçisi Anar Ələkbərov bir sıra ictimai xadim və ziyalılarla görüşdü. Görüş sizi qane etdimi?
– Qane etdi. O mənada ki, bundan əvvəl bu formatda görüşlərdə olmamışdım. Tam səmimi bir atmosfer idi və həmin görüşdə kifayət qədər tənqid də səsləndi. Bu tənqidlərə reaksiya normal idi. Anar Ələkbərov izah etmək mümkün olan məqamları izah edirdi, olmayan məqamları isə qeyd edib deyirdi ki, bu barədə məlumatı ölkə başçısına çatdıracaq və yaxud onu həll etməyə çalışacaqlar.
Görüşdə heç bir şəxsi xahiş səsləndirilmədi. Söhbətin əsas mövzusu pandemiya ilə bağlı idi. Mətbuatda pandemiyanın işıqlandırılması, mətbuat necə olmalıdır və digər məsələlər müzakirə olundu. Bütün fikirlər normal qəbul olundu.
– Sizcə, koronavirus dövrü necə idarə edilir?
– Azərbaycan gerçəkliyinə uyğun idarə olunur. Xeyli səhvlərimiz də olur. Operativ Qərargahın verdiyi qərarların heç də hamısı müsbət deyil. Sonradan səhvlər düzəldilir. Ən böyük problem bundan ibarət idi ki, əhalinin bir xeyli hissəsi koronavirusun doğrudan da mövcudluğuna və belə təhlükəli olduğuna nədənsə inanmaq istəmirdi. İndi yavaş-yavaş inanırlar. Çünki hamının tanış-bilişi bu və ya digər şəkildə bu problemlə üzləşir.
– Hansı səhvləri nəzərdə tutursunuz?
– Səhvlərdən biri şənbə-bazar günü hər yerin bağlanması, heç kimin heç yana buraxılmaması, amma bazar ertəsi camaatın işə getməsi idi. Metro işləmir, insanlar ayrılmış xüsusi ictimai nəqliyyatdan istifadə etməklə işə çatmağa çalışırdı. Bakının mərkəzində yox, ətrafında yaşayan adam adətən işə getmək üçün saat 6-da avtobus gözləyir, amma marşrut saat 7-də gəlib çıxırdı. Nəticədə böyük sıxlıq əmələ gəlmişdi.
Xüsusən şənbə-bazar günləri lokal tədbirlərin heç bir mənası olmadı. Yəni camaat iki gün evdə oturur, bundan sonra qələbəliyə çıxır. Nə maska taxan, nə də məsafə saxlayan oldu. Bundan sonra xəstəlik birdən-birə artdı. Hesab edirəm ki, bu, ən böyük səhvlərdən idi. Lokal karantin tədbirləri tətbiq ediləndən sonra xəttə buraxılan marşrutların sayı artırılmalı idi.
Bilirsiz, bu iş cavan bir adama tapşırılıb. Təbii ki, o adam tək qərar qəbul etmir, amma hər halda onun sözü keçərlidir. İnsan nə qədər bacarıqlı olsa da, onun həyat təcrübəsi də olmalıdır. Belə məqamlarda həyat təcrübəsi olmayan insanlar qərar verməməlidir. Hər halda burada təcrübə rol oynamalı idi.
– Elçin müəllim, diqqəti Tovuz istiqamətində baş verən erməni təxribatına yönəltmək istərdim, sizcə, cəbhədəki olaylar fonunda media adekvat fəaliyyət göstərdimi?
– Döyüş bölgəsindən kim nə gördü birbaşa reportaj verə bilməz. Doğrusu, belə də oldu, yəni reportaj verən olmadı. Müdafiə Nazirliyinin rəsmi məlumatları verildi. Bu, normaldır. Buraxdığımız ən böyük səhvlərdən biri iyulun 12-də insanların kütləvi şəkildə küçəyə çıxdığı vaxt oldu. Həmin gecə heç bir rəsmi televiziya kanalı birbaşa yayım aparmadı. Kimin əlində telefon var idi, onlar çəkib göstərdi. Heç bloggerlər də deyildilər, adi vətəndaşlar əllərinə telefon almışdılar.
Bəzi internet televiziyaları çəkilişlər aparırdı, amma bu da yenə telefon vasitəsilə idi. Heç də normal reportaj saymaq olmazdı.
Amma televiziya kanalları bu izdihamı birbaşa yayımlasa və normal reportajlar hazırlasaydılar, mənə belə gəlir ki, baş verən hadisələr bu şəkildə olmazdı, bəlkə də heç olmazdı. Bilmirəm… Burada media, xüsusilə televiziya rəhbərləri “komanda”nı gözləyirdilər. Bu göstəriş də gəlmədi. Ümumiyyətlə, media göstərişlə işləməli deyil, öz işini görməlidir, peşəkar olmalıdır.
Anar Ələkbərovla olan görüşdə də söylədim, ANS televiziyası 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdini türk milli kanalları ilə yanaşı birbaşa yayımladı. Peşəkarlıq belə olar. Hazırda Azərbaycan mediasında bunu çəkə, edə bilən jurnalistlər var. Amma asılılıq var, yuxarıdan göstəriş olmalıdır. Media belə işləməməlidir və belə işləyə bilməz.
Jurnalistikanın, peşəkar medianın öz qanunları var və həmin qanunlara görə biz informasiyanı ötürməliyik. Bu da baş vermədi. Problem bundadır. Amma ümumi işi pis qiymətləndirmək istəmirəm.
– Həmin günlərdə milli mətbuatın 145 illiyi tamam oldu. Ölkə başçısı KİV nümayəndələrini mükafatlandırdı. Mükafat alanlardan da biri siz idiniz. “Vətənə xidmətə görə” ordeninə layiq görüldünüz. Gözləyirdinizmi?
– Gözləmirdim, amma layiq gördülər. “Vətənə xidmətə görə” – bu adın özü mənim üçün böyük bir şeydir. Ona görə böyük məmnuniyyətlə bu ordenlə təltif olunmağımı qəbul etdim. Bu, Vətəndir, başa düşürsüz?! Söhbət ondan gedir ki, biz də, iqtidarlar da, hökumətlər də gəldi gedərdi, amma dövlət və Vətən qalır. Bu, onun mükafatıdır, mən belə qavrayıram.
– Bu ordeni haqq etdiyinizi düşünürsünüzmü?
– Ümumiyyətlə, mənim üçün mükafat həyatımın məqsədi deyil. Mən işimi görürəm və adam kimi yaşamaq istəyirəm. Layiq bilib mükafatlandırıblar, çox sağ olsunlar. Yəni bu, mənim üçün heç bir məqsəd deyil. İndi bir çox insanlar təəssüf ki, məni yaltaq adlandırırlar, mənim kiməsə yarındığımı söyləyirlər. Bu da onların fikirləridir.
Doğrudur, adamı incidir, amma nə etmək olar?! Mənim üçün bu, dövlətin və Vətənin mükafatıdır. Bunu boş sözlər saymayın.
– Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun vaxtında Azərbaycan mediasının durumunu bəyənmirdiniz, tənqid edirdiniz. Nə dəyişib mediamızda Əli Həsənovdan sonra?
– Əli Həsənovdan sonra hələlik heç nə dəyişməyib. Çünki Əli Həsənov və onun ətrafındakılar o qədər bataqlıq yaradıblar ki, hazırda bu bataqlıqdan çıxmaq prosesi gedir və bunun nə qədər çəkəcəyi hələ məlum deyil. Həm də onun özünü bu bataqlıqdan kənarlaşdırsalar da, o qədər səhvlər buraxılıb ki, onları tapıb təmizləmək lazımdır. Hələ ki bu proses gedir. Ona görə deyə bilmərəm ki, heç nə baş vermir, yaxud hər şey düzəldi. Hazırda onun məhv etdiyi medianı diriltməyə çalışırlar.
– Aparılan təmizlik işləri sizi qane edirmi?
– Təmizlik işləri aparılır. Sadəcə olaraq hələ üzdə görünəcək qədər bir şey yoxdur. Məsələn, indi köhnə ənənə gedir və onunla bir yerdə işləyən adamların bir çoxu hələ də çalışır. Hazırda proseslər bir çox hallarda həmin adamların yanaşması ilə gedir. Yəni bütün bunlar üzə çıxarılmalı və təmizlənməlidir. Amma müsbət işartılar var. Bunu ictimaiyyət üçün açıq olmayan bir sıra görüşlərdən bilirəm.
– Dostunuz Arif Əliyev hökumətdən medal alan jurnalistlərə yönəlik tənqidi status paylaşdı. Onunla bu barədə danışdınızmı, mövqeyinə münasibətiniz necədir?
– Onun mövqeyi, münasibəti məlum idi. Bu, təzə deyil, həmişə münasibəti belə olub. Onunla danışırıq, elə bir problem yoxdur. Əslində bir çox məqamlarda mən də onun kimi düşünürəm. Mən bu ordeni mənzil bağışlanma kimi qəbul etmirəm. Yəni bunları tərəzinin eyni gözünə qoymuram.
Təkrar edirəm, əgər mənə mənzil təklif olunsaydı, mən ondan imtina edərdim. Çünki bu, maddiyyatdır, amma ordendə heç bir maddiyyat yoxdur, bu, mənəvi bir şeydir.
– Arif Əliyev sizi təbrik elədimi?
– Bizim öz zarafatlarımız var. Bəli, özünəməxsus şəkildə təbrik etdi.
– Press-klub yaratmısız. Fəaliyyətini bəyənirsizmi ?
– Press-klubun geniş fəaliyyəti üçün mediadakı bataqlığın təmizlənməsi prosesləri bitməlidir. Hərçənd proseslər bitmir, elə davamlı olaraq gedir. Fəaliyyət normaldır, sayt işləyir, yazılar gedir. Bundan əlavə, Press-klub internet televiziyası da açılıb, ona rəhbərliyi Qulu Məhərrəmli edir. İşlər yavaş-yavaş gedir. Birdən-birə heç nə dəyişəsi deyil. Bilirsiniz, mütəmadilikdən çox şey asılıdır.
– Əli Kərimli ilə müsahibəni müstəqillik görüntüsü kimi yozanlar oldu. Sizcə, həqiqətən müstəqillik görüntüsüydü?
– Mən bilən Əli Kərimlidən bu şəkildə müsahibə alan olmayıb. Bu, müstəqillik görüntüsü deyil, müstəqillikdir. Arif Əliyev müstəqil hərəkət etdi və gedib o müsahibəni aldı. Bu, görüntü deyil. Mən bunu belə qəbul edirəm.
– Sizcə, müstəqil media nə deməkdir?
– Müstəqillik elə bu sözün özündə var. Media müstəqil olmalıdır. Media hansısa qrupa, hakimiyyətə, müxalifətə tabe olmamalı, onlara qulluq etməməlidir. Medianın əsas məqsədi informasiya ötürməkdir, baş verən hadisələrə izah verməkdir. Ola bilsin ki, həmin izahları kimsə bəyənsin, kimsə yox. Medianın öz qayda-qanunları var, buna uyğun olaraq da işləməlidir.
Təsəvvür edin ki, Amerika kimi ölkədə 200 ildən artıq tarixi olan dünya çapında nəhəng bir qəzeti “New York Times”ı (Nyu-York tayms) ABŞ Prezidenti Tramp bəyənmir. Onları öz mətbuat konfranslarına heç də həmişə dəvət etmir. Dəvət edəndə deyir ki, “Nyu-York Tayms” başdan ayağa saxta xəbərlər verir.
Medianın işi elədir ki, dünyanın hətta özünü ən demokratik sayan ölkələrində belə tənqidə məruz qala bilir. Bu da normal şeydir. Çünki mediaya əbəs yerə dördüncü hakimiyyət demirlər. Əgər dördüncü hakimiyyət gücü olmasaydı, jurnalistlərə qarşı bütün dünya üzrə tənqidlər, təqiblər, həbsə atılmalar, hətta qətl hadisələri baş verməzdi.
Amma bunlar var. Tək bizdə deyil, bütün dünyada belədir. Tutaq ki, Cənubi Amerika ölkələrində jurnalisti yox edə bilərlər və heç kim də onu axtarmaz. Amerikada jurnalist ölümü olsa, bütün ölkə çalxalanar. Slovakiyada tənqidçi bir jurnalisti qətlə yetirdilər, millət ayağa qalxdı, Baş nazir istefaya göndərildi. Yəni hər şey dövlətdəki demokratiyanın səviyyəsindən, ictimaiyyətin keyfiyyətindən asılıdır.
– Vətən və müstəqil media arasında seçim etməli olsanız, hansını seçərdiniz?
– Təbii, Vətəni seçərdim. Burada artıq peşə qalır kənarda. Çünki Vətən deyilən bir şey olmayandan sonra müstəqil media da olası deyil. Müstəqil medianın olması üçün bir meydan lazımdır. Bu meydan, bu alan da Vətənimizdir. Vətən olmayanda müstəqil media mənə lazım deyil. Əgər Vətən əldən gedirsə, təbii, mən Vətəni seçərəm.
– “Ayna” qəzetinin fəaliyyətini bərpa etməyi düşünürsüzmü?
– Yox. İndiki şəraitdə qəzet kimi fəaliyyətimizin bərpa olunmasından söhbət belə gedə bilməz. Çünki qəzetin fəaliyyəti üçün iki gəlir mənbəyi olmalıdır. Ümumiyyətlə, media mənim üçün ilk növbədə müstəqil olmalıdır. Bu o deməkdir ki, media özünü maddi cəhətdən təmin etməlidir. Amma bizdə yayım şəbəkəsi darmadağın olub, normal qəzet satışı adına bir şey yoxdur və nəhayət, reklam da problemdir. Bunlar olmayandan sonra qəzeti bərpa etmək olmaz.
Hətta KİVDF-nin qəzetlərə ayırdığı yardımla qəzet saxlamaq mümkün deyil. Ümumiyyətlə, birbaşa yardım ayrılmasının əleyhinəyəm, belə olmamalıdır. İlkin mərhələdə yayım mühiti bərpa olunmalı, ondan sonra reklam məsələləri müzakirə olunmalıdır. Reklam birbaşa əmrlə həll olunan bir məsələ deyil, bu, iqtisadiyyatdır.
İqtisadiyyatda gedən proseslər də cilovlanmır, tamam fərqli bir məsələdir. Bunlar bərpa olunandan sonra KİVDF ilkin mərhələdə qəzetlərə özünə gəlməyə yardım etməlidir. Amma bu, birbaşa yardım şəkilində olmamalıdır.
Məsələn, çap kağızına 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur. Bu vergi mətbəə xərclərinə daxil olduğu üçün KİVDF xərclərin tamam yox, bir hissəsini öz üzərinə götürə bilər. İlkin mərhələdə daha böyük bir hissəsini tutaq ki, 70 faizini KİVDF ödəyir, amma qəzetə yox, mətbəənin özünə. Bu zaman xərclərə nəzarət də edə biləcək. ƏDV-nin yerdə qalan 30 faizini isə qəzet özü ödəyir. Bir müddət keçəndən sonra ƏDV-nin 60 faizini KİVDF, 40 faizini qəzet ödəyir. Daha sonra mətbəə xərcinin 50 faizini KİVDF, 50 faizini qəzet ödəyir.
Beləliklə mühit düzəldikcə, KİVDF-nun yardımı azalar və Fond daha başqa işlərlə, tutaq ki, medianın inkişafı ilə bağlı hansısa gələcək layihələrlə məşğul olmağa başlayar.
Qəzetlərə özü-özünü maliyyələşdirə bilməsi üçün şərait yaradılmasa, öz payıma deyirəm, nə “Ayna”nın, nə də “Zerkalo”nun qəzet şəkilində bərpası mümkün olan şey deyil.
– KİVDF-yə yeni icraçı direktor təyin olundu. Gözləntiləriniz nədən ibarətdir?
– Müsbət gözləntilərim var. Çünki dəqiq bilirəm və tam məsuliyyətimlə deyirəm ki, sizinlə barəsində danışdığımız KİVDF və mediaya aid olan məsələlər istiqamətində iş gedir. Bu işdə nə yardım, nə kömək, nə məsləhət qəbul etmək istəsələr, bu problemlər yığınının içindən çıxmaq üçün köməyimizi edəcəyik və çıxacağıq da.
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTOLAR
Ərdoğandan Öcalanla bağlı açıqlama: "Baxçalı həqiqətən cəsarətli və oyunu dəyişən bir təklif irəli sürüb"
Britaniyanın baş naziri deputatın suallarından yayınıb - "İsrailin İranın hücumundan qorunması üçün..."
Azərbaycanda bu gün yenə zəlzələ olub
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
Avropa Liqası: "Fənərbağça"nın heyəti müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş"ın prezidenti istefa verdi
"Yelo Bank"ın əməkdaşı saxlanılıb
Bərdədə avtomat silahını satmaq istəyən şəxs həbs olunub
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bu sahələrdə işləyənlər vergidən azad olunur - SİYAHI
5 maşına 455 min manat? - Dövlət Xidməti qanunu pozan BŞİH-in departamentinin tenderini ləğv etdi
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Oğurlanan tarixi əsər Ankarada tapılıb - FOTO
Sabiq deputata 3 otaqlı mənzil verildi - Açıqlama
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 İL UZANAN SƏFƏR
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
Gömrük tarifləri dəyişib
"Trabzonspor" "Şalke 04"ün futbolçusunu alır
DSMF-nin 2025-ci il üçün büdcə layihəsi qəbul olunub
Sabahın hava proqnozu açıqlandı
“Azərbaycanlıların ənənəvi xalq təbabəti” adlı kitab işıq üzü görüb
Sədr müavini Hikmət Məmmədov niyə vəzifədən azad olunub? - QHT sədrinin siyasi iddiası, yoxsa...?
Deputatdan xanımını vəzifəyə təyin etməsinə - Reaksiya
"Yapı Kredi Bank" Bakıda bir ailəni evsiz qoydu - Ali Koça məxsus bank xəbərsiz bunu necə edib? (Rəylər)
Vasif Talıbovun oğlu özü geri çəkilib? - Nazirlikdən açıqlama
İvanişvili Gürcüstanın prezidenti kimi onu görmək istəyir - Namizədin adı açıqlandı (FOTO)
"Qurtuluş 93”ün rəhbərinə 12 il 8 ay həbs cəzası kəsilib
Türkiyənin 11 bölgəsində FETÖ əməliyyatı: 22 saxlanılıb
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb
Yazar Zümrüd Yağmur axtarışa verildi - Səbəb
Azərbaycan nefti bahalaşdı
Əli Əsədov qərar imzalayıb
İSRAİLLƏ LİVAN ARASINDA ATƏŞKƏS SAZİŞİ İMZALANDI: şərtlər bəlli oldu - Bu gün saat 6-dan razılaş.ma qüvvəyə minib
Bakıda 21 yaşlı qız dəm qazından boğularaq ölüb