Ali Məhkəmə Əli İnsanov, Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Rauf Arifoğlunun işinə baxacaq

img

28-10-2013 [11:00]


Ali Məhkəmə Plenumu müxalifətçilər Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Rauf Arifoğlu və keçmiş səhiyyə naziri Əli İnsanov haqda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlara baxmalıdır. 

Qeyd edək ki, əvvəlcə həmin iclas bu günə - oktyabrın 28-nə təyin edilmişdi. Ancaq sonradanPlenumun toplantısının vaxtı dəyişdirilib və noyabrın 15-nə təyin edilib.
Ötən həftə "Media forum” saytına danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ali Məhkəmə Plenumundan yaxşı gözləntiləri olmadığını bildirib: "Əvvəla, bu, Azərbaycan dövlətinin konstitusion öhdəliyidir, Ali Məhkəmənin şəxsi təşəbbüsü deyil. Avropa Məhkəməsinin qərarı 2 il bundan qabaq verilib, ancaq bu günə qədər icraya yönəldilməyib. Bu, çox ciddi qanun pozuntusudur. Avropa Məhkəməsi qərar çıxaran andan Ali Məhkəmə Azərbaycan məhkəmələrində qəbul edilmiş bütün qərarları ləğv etməli idi, 2003-cü ilin 16 oktyabr hadisələri ilə bağlı aparılan iş yenidən başlanmalı, ədalətli qərar çıxarılmalı idi.
Bizim bir çox iddiamız məhkəmələrdə qəbul edilməmişdi. Məsələn, mənim evimə silahlı basqın zamanı yoldaşımın, qızımın və gəlinimin bütün qızıllarını oğurlamışdılar. Yoldaşım bununla bağlı məhkəməyə müraciət etmişdi, mən özüm də məhkəmə prosesində bu məsələni qaldırmışdım. Amma bunu araşdırmaqdan imtina etdilər. 1 il 6 aydan artıq həbsxanada qaldıq, imicimizə ziyan dəydi. Məhkəmə ədalətli aparılsa, bizi qanunsuz həbs edənlər məsuliyyətə cəlb olunmalıdır.
Bundan əvvəl də Ali Məhkəmədə mənim Avropa Məhkəməsinə şikayətimlə bağlı bir işə baxılıb, mənə işgəncə verilməsi sübuta yetirilib. Ali Məhkəmənin qərarı ilə bu hallarla bağlı sübutlar Nəsimi Rayon Məhkəməsinə, oradan da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərildi ki, günahkarlar tapılıb cəzalandırılsın. Amma bu günə qədər həmin idarə işlə bağlı heç bir addım atmayıb.
Bu dəfə də eynən elə olacaq. Dövlət sadəcə təzminat ödəməklə Avropa Məhkəməsinin qərarını icra etdiyini düşünür. Halbuki Avropa Məhkəməsinin qərarında əsas məqam bilavasitə şikayətə səbəb olan hüquq pozuntusunun aradan qaldırılması və dövlətin qanunvericilik sisteminin təkmilləşdirilməsidir. Qanunvericilikdə də indiyə kimi heç bir dəyişiklik baş verməyib, əksinə, Azərbaycanda yüzlərlə insana işgəncəyə verilib. İqtidar guya çox ağıllı yol tapıb: vətəndaşa 5 min dollar verir, o da gedib oturur evində ki, hüququm bərpa olundu. Halbuki bu maddi təzminat hüquqların bərpası deyil, mənəvi ziyana görə ödənən kompensasiyadır”.
Məsələ ilə bağlı "Media forum” saytı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynə də müraciət edib. Pənah Hüseyn deyib: "Düşünürəm ki, hüquqla bu işə xitam verilməlidir. Ölkədəki real vəziyyəti və işin mahiyyətini nəzərə alanda isə ən azı iş əlavə istintaqa göndərilməlidir”.
Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir Pənah Hüseyn və "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu 2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs olunmuşdular. Keçmiş məhbuslar qanunsuz saydıqları bu həbslə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdilər. 26 iyul 2011-ci ildə Avropa Məhkəməsi Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun məhkum olunmasını qanunsuz sayaraq, onların məruz qaldıqları ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələmişdi. Qərara görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməli idi. Təzminatlar ödənsə də, qərarın qalan bəndləri yerinə yetirilməyib.
Keçmiş nazir Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA