Avropa seçkinin nəticələrini tanımadı, həbsləri dayandırmağı tələb etdi

img

24-10-2013 [10:22]


Avropa Parlamenti Azərbaycanda keçirilən preizdent seçkiləri, həbslər və Qarabağla bağlı yekun qərarını açıqlayıb.

Mia.az xəbər verir ki, qərar dünən Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qəbul olunub. Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul olunub. Qətnamədə deyilir ki, Avropa Parlamenti rəsmi Bakının Şərq Tərəfdaşlığı ilə bağlı konkret siyasətinin olmaması səbəbindən məsələyə şübhəli yanaşır.


"Avropa Parlamenti iqtisadi əməkdaşlıqda əldə olunan inkişafa baxmayaraq, xüsusən insan haqlarının, demokratiyanın və fundamental azadlıqların boğulmasından, sərbəst toplaşmaq və ifadə azadlığı başda olmaqla, demokratik müxalifətin fəaliyyətinə yaradılan əngəllərdən dərin narahatlıq keçirdiyini və Azərbaycanla hər hansı bir sazişin bağlanmasının müxalifətin, jurnalistlərin, hüquq müdafiəçilərinin birdəfəlik rahat buraxılmasından, vətəndaşların və müxalifətin konstitusiya ilə təyin olunmuş azadlıqlarının toxunulmazlığından asılı olacağını bəyan edir.

Bundan əlavə, 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.

Avropa Parlamenti Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşür və seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirir. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırır", - deyə qətnamədə bildirilir.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da müddəa yer alıb. Bildirilib ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həlli vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA