Deputatlarımızdan Rusiyaya sərt etiraz

img

22-10-2013 [13:32]


Milli Məclisin iclasında cari məsələlərə vaxt ayrılmasa da, bəzi deputatlar gündəliyin müzakirəsi zamanı Rusiyada baş verən olaylara münasibət bildirdilər.

Türkdilli ölkələrin sammiti ilə bağlı danışan deputat Fazil Mustafa Rusiyadakı hadisələrdən danışdı: "Daha vacib məsələlərdən biri son vaxtlar Rusiyada, Moskvada türkdilli xalqlarla bağlı baş verən proseslərə türkdilli ölkələrin yığışıb münasibət bildirməməsidir. Ona görə də gələcəkdə bu məsləyə diqqət artırılmalıdır. 20 il qabaq biz Rusiyadan daha asılı vəziyyətdə idik. Rusiya bu gün əmək miqrantlarını bəhanə edib azərbaycana təzyiq edə bilir. Heç olmasa gündəlik çörəkpulu qazanmaq üçün Rusiyaya gedənlərin taleyi ilə bağlı ciddi düşünməliyik. Bu gün ölkədə gənclərin böyük əksəriyyət domino oynamaq, siqaret tüstülətməklə vaxt keçirir. Azərbaycan ailələrinin dağılmaması üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Ordan qayıdan vətəndaşlarımızın təhlükəsizliyi barədə indidən düşünməliyik”.

Sabir Rüstəmxanlı da bu mövzuya diqqət çəkdi: "Ola bilməz ki, Məclis işə başlayır, keçir beynəlxalq konvensiyaların təsdiqinə. Ancaq qonşu ölkədə baş verənlər müzakirədən kənarda qalır.

Bu gün bu məslə burda müzakirə olunmalı, Azərbaycan parlamenti Dövlət Dumasına müraciət etməlidir. Bunlar təzədən Azərbaycanı hansı bataqlığa çəkmək istəyirlər. Bizim bəzi məmurlarımız deyir ki, Avropa bizə nə verdi. Avropa Azərbaycana nə verməlidir? Dövlət məmuru Avropaya bu şəkildə meydan oxuya bilməz. Avropa səni tanıyıb, deyir məndən asılı olma, normal cəmiyyət qur. Avropa nümunə göstərir. Dünyanı özümüzə düşmən edib hara getmək istəyirik?

Bir adamın dediyi söz prezident üçün, digər rəhbər şəxslər üçün problem yaradır. Ya bu adamlar yerində deyil, ya da bilmirlər necə danışmalı, özlərini necə aparmalıdırlar”. S.Rüstəmxanlı Rusiyadakı azərbaycanlıların məsələsinin müzakirə olunmasını təkid etdi: "Hanı Rusiyadakı azərbaycanlı milyarderlər, səsləri niyə çıxmır? Gedib biznesləri ilə bağlı Putinlə üzbəüz oturub söhbət edirlər. Niyə gedib demirlər ki, bu insanlar bizim insanlardır, onlar öz xoşlarına bura gəlməyib?”

Fəzail Ağamalı da dedi ki, cari məsələlərə vaxt ayrılmadığından Rusiyadakı proseslərə münasibət bildirmək ehtiyacı var: "Hesab etmirəm ki, bizim atdığımız addım Kremlin başlatdığı prosesin qarşısını almağa kömək edəcək, orda niyyət başqadır, Orxan məsələsi bir bəhanə idi. Lakin biz ordakı vətəndaşlarımızın taleyinə biganə qalmamalıyıq. Təklif edirəm ki, Azərbaycan-Rusiya parlament dostluq qrupu var, Arif Rəhimzadə onun sədridir, Rusiya dövlət dumasında da onu hörmətlə qəbul edirlər. Təklif edirəm ki, Arif müəllim Kremlə əlaqə saxlasın. Hər halda biz öz addımlarımızı ataq ki, ən azı siyasi qərarlar radikal notlarla müşayiət olunmasın”.

Qənirə Paşayeva da Orxan Zeynalov ətrafında hadisəni Rusiya hüquq-müafizə orqanlarının hazırladığı şou adlandırdı: "Biz parlamentdə Rusiyadakı bütün deputat həmkarlarımızı çağırırıq ki, öz açıqlamalarından ehtiyatlı olsunlar. İrqçilik istiqamətində bu çıxışlar sabah Rusiyaya da ziyan vura bilər”. Q.Paşayeva Rusiya rəsmilərinə, deputatlara, ekspertlərə çağırış etdi. O da dostluq qrupunun Dövlət Dumasının rəhbərliyi ilə görüş keçirməsini təklif etdi. Azərbaycanı viza və sair məsələlərlə qorxutmaq mümkün deyil.

O.Əsədov dedi MM də, dostluq qrupu da bu məsələ ilə məşğul olur: "Xahiş edirəm gündəlikdəki məsələdən danışaq”.

Ceyhun Osmanlı isə azərbaycanlıların qeyri-leqal, ucuz işçi qüvvəsi adlandırılmasına etiraz etdi: "Azərbaycanlılar artıq orta, iri sahibkarlardır. Guya ki, ruslar yay aylarında Antalyada, İspaniyada nə işlə məşğul olur”.

O.Əsədov dedi ki, qeyri-leqal azərbaycanlı çox azdır. Rusiyada ən çox qeyri-rus vətəndaşlar azərbaycanlılardır.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA