Ayaz Mütəllibov İlham Əliyevdən dəvət gözləyir - müsahibə

img

18-10-2013 [21:27]


Azərbaycan bu gün dövlət müstəqilliyinin 22-ci ildönümünü qeyd edir. Dövlət Müstəqilliyi haqqında Aktı 22 il əvvəl prezident Ayaz Mütəllibov imzalamışdı. Amma o, bundan cəmi bir neçə ay sonra istefa verdi. 

Çoxları indiyə qədər də belə hesab edir ki, İlham Əliyevdə olan qətiyyət A.Mütəllibovda olmadığı üçün o, istefaya getdi. Belə idimi? Virtualaz.org-un müxbiri bu suala A.Mütəllibovun öz dilindən cavablar alıb.

- Ayaz müəllim, siz Müstəqillik Aktını imzalamış prezidentsiniz. Üstündən 20 ildən çox vaxt keçir. O zamankı qərarınıza görə peşman deyilsiniz ki?

- Əlbəttə, yox. Bu, tarixi bir an idi. Biz o vəziyyətdən çıxış yolunu müstəqilliyin qazanılmasında görürdük. Bunu da etdik.

- Necə düşünürsünüz, Azərbaycan müstəqillik imtahanından çıxa bildimi?

- Şübhəsiz ki, çıxdı. Lakin hər işdə olduğu kimi bu işdə də daha çox şeylərə nail olmağı arzu edirsən. Görünür, hələ daha çox işlər görməyimiz lazımdır. Amma əsas odur ki, biz müstəqil dövlət kimi mövcud ola bildiyimizi sübut elədik və irəliyə doğru getmək tendensiyasını qoruyub saxladıq.

- 18 oktyabr Müstəqillik günü bayram kimi qeyd olunmur. Bu, sizi üzmür ki?

- Adama xoş gələn odur ki, xalqımız oktyabrın 18-ni unutmur və onu qeyd edir. Əlbəttə, oktyabrın 18-nə milli bayram statusu verilsə, çox yaxşı olardı.

- İndiki prezident İlham Əliyevin fəaliyyətini təhlil edənlərin çoxu deyir ki, əgər siz də onun kimi qətiyyət göstərə bilsəydiniz, hakimiyyəti bəlkə də əldən verməzdiniz...

- Əvvəla, bunlar ayrı-ayrı dövrlər, tarixi şəraitlərdir. İkincisi, o zaman elə vəziyyət yaranmışdı ki, mən istefaya getməkdən başqa çıxış yolu görmürdüm. Bu addımı da 1992-ci il, martın 6-da atdım. Söz yox, mən güc tətbiq edə, Milli Məclisin qarşısındakı meydanı təmizləyib sakitcə öz iqamətgahıma qayıda bilərdim. Lakin o zaman vəziyyət mənim xeyrimə deyildi. Ölkə daxilində Qarabağ cəbhəsi, müxalifət cəbhəsi kimi bir neçə cəbhə vardı. Bundan başqa, ermənilərin lobbi qrupları vardı. Bu qruplar Moskvada artıq əvəzlənmiş yeni hakimiyyətlə birgə mənə qarşı çirkin kampaniyaya başlamışdılar. Biz Çaykənddə ermənilərə qarşı uğurlu əməliyyat aparandan sonra mənə hücumlar daha da gücləndi. Özü də həm ölkə daxilində, həm də xaricdə. Bu barədə elə də çox danışılmır, amma bu fakt mənim sonrakı taleyimdə həlledici rol oynadı. Özünüz baxın, mən tarixin hansı burulğanına düşmüşdüm?! SSRİ-nin süqutu, Qorbaçovun uğursuzluğa düçar olması... O dövrdə Yeltsinlə bir-birimizi anlaya bilmədik. Xocalı faciəsi baş verəndən sonra isə daxili müxalifət də məni devirməyi qarşısına məqsəd qoydu. Geosiyasi amil də bu proseslərdə ən ciddi şərtlərdən birinə çevrilmişdi. O dövrdə Yeltsinin yaxın ətrafı - Burbulis, Starovoytova da Azərbaycan demokratları ilə birlikdə mənə hücum edirdilər.


- O zaman ABŞ dövlət katibi Ceyms Beyker də Bakıya gəlmişdi. Deyilənə görə, o da sizə getməyin vacib olması barədə eyham vurmuşdu...

- Belə deyil. Bu, yalandır. Beykerlə yaxşı münasibətlər qura bildim. Əvvəla, o, Bakıya təsadüfən gəlməmişdi. Beyker ümumiyyətlə Azərbaycana gəlməyi planlaşdırmamışdı. O, İrəvandan birbaşa Aşqabada getməli idi. Mən bundan tam təsadüfən xəbər tutdum və diplomatik kanallarla ona nail oldum ki, Beyker Bakıya da gəlsin. Həmin vaxt mən müəyyən adamlar vasitəsilə prezident ata Corc Buşun nəzərinə çatdırdım ki, biz Beykeri Bakıda gözləyirik. Beyker Bakıya belə gəldi. Beyker mənə xəbər göndərmişdi ki, onun görüş üçün yalnız bir saat vaxtı var. Amma son nəticədə bizim görüşümüz bir neçə saat çəkdi. Beyker gedəndən sonra mənə xəbər verdilər ki, o, elə təyyarədəncə prezident Buşa zəng vurub və Mütəllibovla geniş məzmunda söhbət elədiyini bildirib.

- İndi Rusiyada miqrantlara qarşı kampaniya gedir. Bu haqda nə deyərdiniz?

- Bu haqda yalnız mətbuatdan xəbər tutmuşam. Biri deyir ki, bu, Azərbaycan-Rusiya münasibətlərini korlamaq üçün törədilən təxribatdır. Başqası deyir bu hər nədirsə başqa şeydir. İstənilən halda bu, xoşagəlməz hadisədir. İki ölkənin xalqları arasındakı münasibətlərin gərginləşməməsi üçün bütün zəruri addımlar atılmalıdır. Bizim diplomatlar Rusiya tərəfi ilə məqsədyönlü iş aparmalıdır.

- Daha bir problem yetişir. Bakı ilə Qərbin münasibətləri soyuyur. Bunu necə şərh edərdiniz?

- Bütün məsələlər istənilən halda qarşıdurma olmadan, sakitcə həll olunmalıdır. Gərginlik bizə yaxşı heç nə vəd etmir. Hansısa problemlər varsa, onlar diplomatik müstəvidə həll edilməlidir.

- Nəhayət, sonuncu sual. Sizi prezident İlham Əliyevin andiçmə mərasiminə dəvət etsələr, gedəcəksinizmi?

- Əlbəttə. Əgər mənə belə dəvət gəlsə, mütləq gedəcəyəm.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA