MSK üzvü partiya liderini niyə saymadı?- açıqlama

img

18-10-2013 [10:39]


Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 9 oktyabr prezident seçkisinin yekunu barədə protokol tərtib edilib, komissiyanın 18 üzvündən 17-si protokolu imzalayıb. Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb. 



Akif Qurbanov bəyan edib ki, seçkidə iştirak edən müxtəlif maraqlı tərəflərin şifahi və yazılı müraciətlərini, yerli və beynəlxalq müşahidəçilərin rəylərini, pozuntulara dair faktları, KİV-in seçki materiallarını və aşağı seçki komissiyalarında fəaliyyət göstərən komissiya üzvlərinin verdiyi məlumatları nəzərə alaraq 9 oktyabr seçkisi haqda xüsusi rəy tərtib edib. Xüsusi rəyində Akif Qurbanov seçki prosesində rast gəldiyi neqativ hallardan və saxtakarlıq faktlarından bəhs edib.

"Media forum” saytına açıqlamasında Akif Qurbanov bildirib ki, MSK-da Ümid Partiyası adından təmsil olunsa da, mövqeyini yalnız qanunun tələblərinə uyğun qurmağa çalışıb: "Əlbəttə, mənim Ümid Partiyası ilə bir mənəvi bağlantım da var. Mən hesab etmirəm ki, mövqeyimlə partiyanın mövqeyində ziddiyyət yaranıb. Çünki partiyanın da məndən gözləntisi konstitusiyaya, qanunlara hörmət prinsipi ilə fəaliyyət göstərməyim olub. Seçkinin nəticələrinə dair partiyanın mövqeyinə gəlincə, bu mövqe belə ifadə olunmayıb ki, seçki azad və ədalətli keçirilib. Partiyanın sədri bundan sonrakı dönəmə baxmaq, bundan sonrakı dönəm üçün çalışmaq haqda bəyanat verib. Bu mövqe seçkinin şəffaf və ədalətli keçirildiyini ifadə etmir. Mən hazırda siyasi partiya üzvü deyiləm və komissiya üzvü olaraq məsələyə yalnız hüquqi qiymət verməliyəm. Mən də öz vəzifəmi icra etmişəm”.

Akif Qurbanov deyib ki, rəyini açıqlamamışdan öncə Ümid Partiyasının sədri, 9 oktyabr seçkisində partiyanın prezidentliyə namizədi olmuş İqbal Ağazadə ilə heç bir məsləhətləşmə aparmayıb: "Buna ehtiyac olmayıb, çünki o, mənim mövqeyimi bilir və baxışlarımla tanışdır”.

Akif Qurbanov 2006-cı ildə Ümid Partiyasından Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA