İsa Qəmbər 18 Oktyabr günü ilə bağlı xalqı təbrik edib

img

18-10-2013 [00:21]


Müsavat Partiyasının başqanı İsa Qəmbər 18 Oktyabr – Milli Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

18 Oktyabr Milli Müstəqillik günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.

Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda ötən əsrin sonlarında başlayan xalq hərəkatı nəticəsində 1991-ci il oktyabrın 18-də parlament tərəfindən "Müstəqlllik Haqqında Konstitusiya Aktı” qəbul olundu. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi. Xalq hərəkatının lideri Ə. Elçibəyin rəhbərliyi altında hakimiyyətə gəlmiş demokratik qüvvələr bolşevik istilası nəticəsində süqut etmiş xalq cümhuriyyətinin yarımçlq ideallarını həyata keçirmək üçün ciddi islahatlara başladı. Az müddət ərzində dövlət quruculuğu sahəsində mühüm işlər görüldü, ərazi bütövlüyümüzün bərpası istiqamətində ciddi uğurlar əldə edildi, ölkəmizin siyasi, sosial-iqtisadi və milli-mədəni inkişafının əsas istiqamətləri müəyyənləşdirildi.
Lakin əsrin əvvəllərində olduğu kimi yenə də demokratik dövlət quruculuğu yönündə həyata keçirilən islahatların qarşısı alındı. Bu dəfə milli qiyafəyə bürünmüş əski kommunistlər qiyam yolu ilə hakimiyyətə yiyələnərək ölkənin inkişafını başqa istiqamətə yönəltdilər. Ölkədə demokratiya, azad vətəndaş cəmiyyəti qurulması əvəzinə avtoritar idarəçilik metodları tətbiq olunmağa başladı. Bu gün biz hamımız səriştəsiz idarəçiliyin, , xalqı öz ölkəsində hüquqsuz köləyə çevirməyə can atan qəddar bir rejimin girovuna çevrilmişik. Total korrupsiya cəmiyyətin bütün sahələrinə dərindən nüfuz eləyib, ölkə həm siyasi, həm də sosial-iqtisadi böhran içindədir. Bir qrup adamın hədsiz varlanması müqabilində xalqın böyük hissəsi kasıblıq və səfalət içində yaşayır.

Bu il də total saxtakarlıqlarla keçirilən növbəti prezident seçkilərində xalqın iradəsi yenidən qəsb edildi və ölkədə konstitusiyaya zidd olaraq qeyri-legitim bir hakimiyyət mövcudluğunu davam etdirmək istəyir. Yenə də insan hüquqları, söz, mətbuat azadlığı hər addımbaşı pozulur və ölkəmizin adı nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında çox pis hallandırılır. Bu gün Azərbaycan həbsxanalarında ölkədə demokratiyanın və siyasi azadlıqların bərpa olunması üçün mübarizə aparan onlarla həmvətənimiz günahsız olaraq cəza çəkir. Onların arasında saxta ittihamlarla həbs olunmuş və ədalətsiz məhkəmə qərarları ilə həbsə salınmış xeyli gənc var. Bu gənclərin yeganə günahı məhz azad bir cəmiyyət qurmaq və azad cəmiyyətdə yaşamaq arzularıdır.

Bu gün xalqımız çox ciddi sınaqlarla üz-üzədir. Biz sivil bir cəmiyyət olaraq toparlanmalı, xalqımızın, onun qədim və şərəfli tarixinə, mədəniyyətinə layiq bir dövlət qurmalı, azad bir vətəndaş cəmiyyəti formalaşdırmalıyıq. Ölkədə formalaşmış feodal idarəçilik sistemindən yalnız bu yolla yaxa qurtarmaq və müasir dünyanın bir hissəsinə çevrilmək mümkündür. Mən inanıram ki, ölkəmizi müstəmləkəçilikdən qurtaran, onu müstəqil bir dövlətə çevirən xalq azad, demokratik bir vətəndaş cəmiyyəti qurmağa da nail olacaq. Həm də bu, çox yaxın tariximizdə baş verəcək.

Hörmətli həmvətənlər!

Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, uğurlar və fəal vətəndaşlıq mövqeyi arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA