Fəzail Ağamalı: "Hakim komandanın yeniləşməsi istisna olunmur"

img

17-10-2013 [15:17]


Son bir neçə ayın siyasi gərginlikləri arxada qaldı. 9 oktyabr prezident seçkiləri başa çatdı. Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev üçüncü dəfə seçkilərdə qalib gələrək, prezident kürsüsündə oturmaq haqqı qazanıb. Seçkidə iştirak edən bəzi müxalifət qüvvələri çoxsaylı qanun pozuntularının olduğunu iddia edərək, nəticələri qəbul etməsələr də, hakim partiya və onun dəstəkçiləri də İ.Əliyevin qalib gəldiyini elan ediblər. Hakimiyyətyönlü siyasi kurs yürüdən Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı da prezident seçkilərində İlham Əliyevin böyük səsçoxluğu ilə qələbə qazandığını deyir və əks fikirləri qərəzli sayır: 

- 9 oktyabrda keçirilən prezident seçkiləri kifayət qədər siyasi fəallıqla müşahidə olundu, sakit şəraitdə keçdi. Azərbaycan xalqı öz iradəsini sərbəst şəkildə, demokratik mühitdə ifadə edə bildi. Kiçik və epizodik xarakterli yanlışlıqları nəzərə almasaq, demək olar ki, budəfəki prezident seçkiləri azad və ədalətli keçdi. Uzun illər siyasi prseslərdə iştirak edən, bu günə kimi keçirilən bütün seçkiləri izləyən bir şəxs kimi deyə bilərəm ki, 9 oktyabrda keçirilən seçkilər bütün mərhələləri ilə müsbət bir proses kimi dəyərləndirilməlidir. Əvvəlcədən bütün namizədlər üçün bərabər imkanlar yaradıldı. İstər namizədliyin irəli sürülməsi və imzaların toplanması mərhələsində, istər seçkilərin taleyinin həll olunmasında mühüm rol oynayan təbliğat-təşviqat mərhələsində, istərsə də seçki günü bütün namizədlər üçün bərabər imkanlar oldu və hər bir namizəd öz potensialı, öz imkanları daxilində bu prosesdə iştirak elədi. Əvvəldən görünən bu idi ki, digər 9 namizəddən fərqli olaraq, İlham Əliyev seçki prosesinə daha yüksək səviyyədə və peşəkar formada hazırlaşıb. Həm bu prosesin məntiqi nəticəsi, həm də İlham Əliyevin son on ildə Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlər onun qələbəsini təmin etdi. 

- Amma Milli Şura və onun namizədi Cəmil Həsənli nəticələrlə bağlı fərqli mövqe sərgiləyirlər. 

- Çox təəssüf edirəm ki, kifayət qədər sosial bazası olmayan, mitinqlərinə 1500 nəfəri zorla toplayan Cəmil Həsənli və onun təmsil olunduğu Milli Şura həqiqəti özündə ehtiva etməyən böhtan, qərəz, şər dolu bəyanatlarla çıxış edirlər. Bununla da Azərbaycan xalqının iradəsini şübhə altına qoyurlar. Bəlli olur ki, onlar öz ambisiyaları üçün istənilən anti-milli, anti-dövlət addımı ata bilərlər. 

- Yəni, hər hansı bir qarşıdurma yarada bilərlər, yoxsa... 

- Heç bir qarşıdurmadan söhbət gedə bilməz. Onların belə bir fon yaratmaq üçün imkanları da yoxdur. Sadəcə olaraq, bizi istəməyən qüvvələrə fürsət verirlər ki, Azərbaycanın üzərinə gəlsinlər. Əlbəttə ki, ermənilər bundan xüsusilə bəhrələnəcəklər. Mən çox təəssüf edirəm ki, Cəmil Həsənli məhz ermənilərə xidmət edən, onların bəhrələnə biləcəyi oyunun içərisindədir. Ancaq bu da onun seçimidir, özü bilər. Əgər Cəmil Həsənli seçkilərdə nöqsanları da göstərməklə, tənqid etməklə bərabər, seçkilərə obyektiv qiymət verib, nəticələləri tanısaydı, qalibi qələbə münasibəti ilə təbrik etsəydi, seçkidən öncəki Cəmil Həsənli imicinə qayıda bilərdi, tarixçi-alim nüfuzunu bərpa edərdi, Azərbaycan xalqının tarixində haqqa söykənən, ədalətli ziyalı kimi qalardı. Təəssüf ki, belə olmadı, Cəmil Həsənli onun arxasında duran AXCP və Müsavat Partiyasının revanşist, qisasçı, bütün uğurlara kölgə salan fəaliyyətlə məşğul olan partiya liderləri ilə bir sırada dayandı. Bu, onun öz seçimidir, ona müdaxilə etmək fikrimiz yoxdur. Ancaq bütövlükdə deyə bilərəm ki, 9 oktyabr seçkiləri Azərbaycanın demokratiya yolunda uğurunun növbəti təsdiqi oldu.

 - Prezidentliyə namizədlərdən biri də keçmiş müavininiz Zahid Oruc idi. Bu seçkidə onun fəaliyyəti, əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz? 

- Bu məsələyə hər hansı münasibət bildirmək istəmirəm. - Onun AVP sıralarından çıxarılmasının əsas səbəbi seçkiyə getməsi idi. Zahid Orucun bundan sonra partiyaya qayıtması mümkündürmü? - Biz onu partiya sıralarından azad eləmişik. Ona görə də Zahid Orucun yenidən Ana Vətən Partiyasına qayıtması mümkün deyil. O, sıradan bir məsələyə görə partiyadan çıxarılmayıb. Zahid Oruc həmin addımı ilə Ana Vətən Partiyasının ümumi qərarına qarşı çıxmışdı, bu səbəbdən də partiya həmin addımı atmaq məcburiyyətində qaldı. Düşünürəm ki, yenidən onun partiyaya qayıtması mümkün deyil. 

- Fəzail müəllim, artıq İlham Əliyev yenidən prezident seçildi və hər kəsi hakim komandada ediləcək dəyişikliklər maraqlandırır. Ќecə düşünürsünüz, hakim komandada ciddi dəyişikliklər olacaq? 

- İlham Əliyev özünün 10 illik idarəçilik təcrübəsində bütün məsələlərdə olduğu kimi, kadr rotasiyasına da təkamül prinsipi ilə yanaşıb və hər kəs bunun şahidi olub. Tükənən, dövlətçiliyə, idarəçiliyə lazımi səviyyədə xidmət göstərə bilməyən insanlar İlham Əliyevin prezidentliyi dövründə zaman-zaman digərləri ilə əvəz olunublar. Biz bu təcrübəni İlham Əliyevin bundan əvvəlki on illik prezidentlik dönəmində görmüşük. Əlbəttə, yeni prezidentliyi dönəmində İlham Əliyevin kimlərlə işləmək, kimlərləsə işləməmək hüququ var. Komandada hər hansı dəyişikliklərin edilməsi də İlham Əliyevin öz səlahiyyətindədir. Kiminsə buna müdaxilə etməsi, qarışması həm etik normalardan, həm də konstitusion hüquq normalarından uzaqdır. Ancaq bununla bərabər, hər bir Azərbaycan vətəndaşının, o cümlədən bizim də müəyyən gözləntilərimiz var. Əminəm ki, bu gözləntilər İlham Əliyevin bundan sonrakı beş illik fəaliyyəti dövründə gerçəkləşəcək. Bizim gözləntilərimiz ölkənin daha böyük uğurlara imza atması, torpaqlarımızın işğaldan azad edilməsində İlham Əliyevin apardığı xarici siyasətin real nəticələrini görmək, ölkəmizin inkişafını yüksəltmək, Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrinin 20-liyinə salmaq, bütün sahələrdə dünya səviyyəsinə çıxmaq və digər uğurlara nail olmaqdan ibarətdir. Bu günə kimi əldə olunan uğurlarda İlham Əliyevin komandası da vacib rol oynayıb. Buna baxmayaraq, hakim komandanın yeniləşməsi, müasirləşməsi istisna olunmur. Onu da nəzərə almalıyıq ki, İlham Əliyev son dövrlərdəki kadr dəyişikliklərində gənclərə daha çox üstünlük verir. Onun son təyinatlarında ən mühüm postlara təyin olunan şəxslərin yaşı 45-dən aşağı olub. Yəqin ki, bu tendensiya bundan sonra da davam edəcək. Əlbəttə ki, hazırda işləyən, öz vəzifələrini layiqincə yerinə yetirən, ölkənin inkişafına töhfələr verən komanda üzvləri də yeni komandada təmsil olunacaqlar. Hesab edirəm ki, komanda yeni formalaşdırılanda da həmin şəxslərin təcrübəsi, potensialı nəzərə alınmalıdır. 

- Cəmiyyətdə narazılıq yaradan amillərdən biri də hakim komandada əsas postlarda təmsil olunan şəxslərin dəyişməməsidir. Sizcə, 10-15 illik nazirlərin yaxın zamanlarda komandadan uzaqlaşdırılması mümkündürmü? 

- Mənə elə gəlir ki, sizin sualınıza cavab verdim. Bir daha təkrar edirəm ki, ölkə başçısı bütün sahələrdə olduğu kimi, öz komandasının formalaşmasına da "cərrahi əməliyyatlar"la deyil, həmin nazirin dövlətə və dövlətçiliyə verdiyi töhfələri nəzərə alaraq, qərar verir. Hər hansı bir problem ortaya çıxanda, hansısa nazirlə bağlı cəmiyyətdə birmənalı mənfi fikir formalaşanda ictimai rəy nəzərə alınmaqla, bu cür insanlar hakimiyyətdən uzaqlaşdırılır. Düşünürəm ki, İlham Əliyev komandasını yenidən formalaşdıranda komandanın köhnə üzvləri ilə yanaşı, yeni simaları da önə çəkəcək. 

- Baş verə biləcək dəyişikliklərdə Sizin partiyanın potensialından da istifadə edilməsi mümkündürmü? Yəni, yeni komandada AVP-dən kimlərinsə təmsil olunması gözlənilirmi? 

- Biz bir qayda olaraq, bu cür proseslərdə iştirak etmək təcrübəsi yaşamamışıq. Çünki İlham Əliyev öz komandasını istədiyi şəkildə formalaşdırır. Onun formalaşdırdığı komandada həm Yeni Azərbaycan Partiyasının potensialından istifadə olunur, həm də YAP-dan kənarda olan şəxslər komandaya cəlb edilirlər. Bu baxımdan, İlham Əliyevin öz komandasını formalaşdırarkən kimlərdən istifadə edib-etməyəcəyini proqnozlaşdırmaq qeyri-ciddi görünür. Bütün bunlar cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir, ona müdaxilə etmək doğru deyil. 

- Uzun müddətdir ki, parlament müstəvisində fəaliyyət göstərirsiz. Şəxsən Sizin yeni komandada hökumət üzvü kimi təmsil olunmanız mümkündürmü? Yaxud hazırda hökumətdə təmsil olunmaq istəyiniz varmı? 

- Etirafımı səmimi qəbul edin. Mən dövlətimizin əsgəriyəm. Azərbaycanın müstəqilliyi dövründə bunu öz fəaliyyətimlə təsdiq etmişəm. Bunu sübut edən kifayət qədər faktlar da var, eyni zamanda, bir jurnalist olaraq, sizə də bəllidir. İndiyə kimi Milli Məclis müstəvisində Azərbaycan dövlətinə onun bir əsgəri olaraq tövhələrimi vermişəm, indi də bu yolda davam edirəm. Ancaq elə bir situasiya yarana bilər ki, xidmətlərimi başqa bir müstəvidə də davam etdirə bilərəm. Əgər buna zərurət yaranarsa, ölkə başçısı belə bir qərar verərsə, hər bir sahədə dövlətimizin maraqlarını təmin edəcək fəaliyyət göstərə bilərəm. Ancaq hələlik Milli Məclisin deputatıyam və düşünürəm ki, deputatlıq fəaliyyətimlə dövlətimizə, xalqımıza yetərincə xidmət göstərirəm. Bundan sonra nə olacağı başqa söhbətin mövzusudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA