Əli İnsanovun vəkili danışdı: "O, əfv ərizəsi yazmır”

img

17-10-2013 [10:15]


"Əli İnsanov əfv ərizəsi yazmayıb. O, heç vaxt əfv olunması üçün müraciət etməyib. Ona görə də bu dəfəki əfv siyahısına da adı salınmayıb”. Bu sözləri həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev qəzetimizə açıqlamasında bildirdi. Vəkil prezidentin Qurban bayramı ərəfəsində əfv fərmanı imzalamasına münasibət bildirərkən qeyd etdi ki, Ə.İnsanov əfv üçün müraciət etməmişdi. Onun sözlərinə görə, Ali Məhkəmənin plenumunda sabiq nazirin işinə baxılacaq. 

Vəkil növbəti əfv fərmanında Ə.İnsanovun adının olub-olmayacağı ehtimalından danışdı: "Əfv fərmanı yazasan ki, əfv etsinlər. Əli İnsanov əfv ərizəsi yazmır”. 

Qeyd edək ki, Avropa Məhkəməsinin sabiq nazirin azadlığa buraxılması barədə qərarı var. 

Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun Əfv Komissiyasına təqdim etdiyi siyahıdan isə 2 məhbus azadlığa çıxıb. Onlar məhz Ə.İnsanovla birlikdə həbs olunan Fərhad və Rafiq Əliyev qardaşlarıdır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, hər bir halda əfv həmişə müsbət addımdır: "Ümumilikdə 150 dustaq ailəsinə qovuşub. Amma bizim siyahıdan 2 nəfər azad olundu. Ümidimiz daha böyük idi, belə gözləmirdik. Əli İnsanovun əfv siyahısında olmaması bizi məyus etdi. Çünki Əliyev qardaşları ilə birlikdə o da həbs olunmuşdu. Onlara əfv şamil edilir, ona niyə yox?”

N.Cəfəroğlu dekabrda növbəti əfv olacağını güman edir: "Biz Tofiq Yaqublu, İlqar Məmmədov, NİDA-çılar, islamçılar, Hilal Məmmədov və digər məhbusların azadlığa çıxmasını gözləyirik. Bizim siyahıya görə yanaşsaq bu əfv fərmanı kafidir. Ancaq ümumilikdə müsbət haldır, əfv verilməsi xoş hadisədir. Biz gözləyirik ki, İlham Əliyev böyük addım atsın, millətə barışıq jesti edərək bütün siyasi məhbusları azad etsin. Hətta bu addımı inauqurasiya mərasimindən sonra atsa çox yaxşı olar. Ancaq dekabrda inanıram ki, növbəti əfv fərmanı olacaq, siyasi məhbuslar azad ediləcək”. 

Bildirək ki, oktyabrın 15-də prezident əfv fərmanı imzalayıb. Azadlığa çıxan 150 məhbus arasında sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin də adı olub. Xatırladaq ki, Əliyev qardaşları və anası Şövkət Əliyeva ölkə başçısına əfv ilə bağlı müraciət etmişdi. Bundan öncə isə F.Əliyev və qardaşı R.Əliyev seçkilərdə YAP-ın namizədinə səs vermişdi.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA