Sabiq deputat Gültəkin Hacıbəyli seçkidən danışdı - müsahibə

img

10-10-2013 [11:23]


Sabiq deputat, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin vəkillərindən olan Gültəkin Hacıbəyliyə qarşı təzyiqlər davam edir.

Xəbər verildiyi kimi, ona qarşı qaldırılan iddia ərizəsi üzrə məhkəmə prosesi oktyabrın 14-nə qədər təxirə salınıb. Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən ilkin hazırlıq iclasında G.Hacıbəylinin vəkili Bəhruz Bayramov müvəkkilinə qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş iddianın icraata qəbul edilməməsi ilə bağlı vəsatətlə çıxış edib. İddiaçı, sabiq deputatın keçmiş əri Mahmud Mehdiyev isə cavabdehin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə ittiham edilməsini istəyib. Hakim G.Hacıbəylinin vəkilinin vəsatətini təmin etməyib və işə xüsusi icraat qaydasında baxılması haqda qərar verib.

Xatırladaq ki, Mahmudovlar G.Hacıbəylini şərəf və ləyaqətlərini alçaldan yalan məlumatlar yaymaqda ittiham edirlər. Həbs təhlükəsi qarşısında qalan G.Hacıbəyliyə yaranmış durumla bağlı bir sıra suallar ünvanlasaq da, cavablandırmaqdan imtina etdi.

O, "mən bu gün ancaq gündəmin əsas məsələsi olan seçki ilə bağlı danışa bilərəm” dedi və təbii ki, biz də həmsöhbətimizin rəyinə hörmətlə yanaşıb G.Hacıbəylidən ancaq siyasi mövzularla bağlı suallara cavab istədik. 


- Gültəkin xanım, seçki ilə bağlı müşahidələriniz haqqında nələri deyə bilərsiniz?

- Milli Şura seçki ilə bağlı ölkənin bütün məntəqələrindən informasiyalar alır və biz vaxtaşırı baş verən qanun pozuntuları barədə mətbuata məlumatlar ötürürük. Hələlik, onu deyə bilərəm ki, seçkilər kütləvi qanun pozuntuları ilə müşayiət olunur. Daha geniş seçki dəyərləndirməsi isə irəliləyən saatlarda Milli Şuranın mətbuat xidməti tərəfindən veriləcək.

- Sizin kifayət qədər seçki təcrübəniz var. Söhbətləşdiyimiz bu anadək MSK 2 milyona yaxın seçicinin səs verdiyini açıqlayıb. Seçkilərdəki aktivlik və ya passivlik haqqında nə demək olar?

- Mən bu barədə konkret bir fikir söyləyə bilmərəm. Çünki bunun üçün məntəqədə bütün günboyu müşahidəçi olmaq lazımdır. Ancaq Milli Şuraya daxil olan məlumatlardan görünür ki, seçki aktivliyi bir qayda olaraq hakimiyyət tərəfindən təşkil olunan "karusel”lər tərəfindən təmin olunur. Yəni yüksək seçki aktivliyi müşahidə olunmur.

- Seçkinin nəticələrinin elan olunmasından sonra Milli Şuranın hansı qərar verməsinin tərəfdarısınız?

- Bu haqda heç nə deyə bilmərəm. Seçkilər hələ davam edir, ən mühüm mərhələ, səsvermə mərhələsi başa çatandan sonra bütün faktları araşdırıb obyektiv, hərtərəfli dəyərləndirmə aparacağıq və bundan sonra Milli Şura olaraq öz mövqeyimizi ortaya qoyacağıq.

- ABŞ Senatında seçkidən dərhal sonraya təsadüf edən Azərbaycanla bağı dinləmələr haqqında fikriniz nədir?

- İlk öncə seçkilərin nəticələrini gözləyək. Seçkilər bitən kimi Milli Şura olaraq nəticələri dəyərləndirəcəyik. Təəssüf ki, ilkin məlumatlar ürəkaçan deyil. Ancaq seçkilərdən sonra dəyərləndirmələr aparılacaq və düşünürəm ki, ABŞ-dakı dinləmələr də seçkilərə verilən qiymətlə bağlı olacaq. Seçkilər Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən necə dəyərləndiriləcəksə, ABŞ Senatındakı müzakirələr də bu istiqamətdə gedəcək.

- Bəs ABŞ Dövlət Departamentinin Azərbaycana azad və ədalətli seçki çağırışını etməsindən gözləntiniz nədir? Total saxtalaşdırmalar olacaqsa, bu dəfə ədalətli mövqe sərgilənəcək, yoxsa ənənəvi mövqeyin şahidi olacağıq?

- Mən ABŞ Dövlət Departamenti adından fikir söyləyə bilmərəm. Ancaq Amerika tərəfinin, Avropa Birliyinin israrlı şəkildə azad və ədalətli seçki çağırışlarını nəzərə alaraq düşünürəm ki, budəfəki seçkilərə Qərbin qiyməti daha obyektiv olacaq.

- Seçkilərdən sonra kütləvi aksiyaların keçirilməsi barədə Milli Şuranın qərarı və şəhər icra hakimiyyətinə müraciəti var. Siz seçki pozuntularına qarşı hansı mübarizə üsulunu effektli sayırsınız?

- Burada mənim fikrim, münasibətim önəmli deyil. Önəmlisi Milli Şuranın qəbul etdiyi qərarlardır. Bilirsiniz ki, artıq Milli Şuranın 12 oktyabrda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti var. Mən Milli Şuranın bununla bağlı qəbul etdiyi qərara hörmətlə yanaşıram. Milli Şura demokratik bir qurumdur və qərarlarını da demokratik müzakirələr nəticəsində qəbul edir. Hesab edirəm ki, bu da düzgün qərardır.

- Seçki prosesinin gedişində professor Cəmil Həsənliyə, Milli Şuranın digər aparıcı şəxslərinə ünvanlı hədələr səsləndi. Seçkidən sonrakı mərhələdə onlara qarşı total hücumlar, repressiv tədbirlər gözləyirsinizmi?

- Birincisi, Cəmil müəllim MSK-nın rəsmi qeydiyyata aldığı prezidentliyə namizəd idi və seçki kampaniyası müddətində dediyi heç bir fikrə görə məsuliyyət daşımır. Bu baxımdan Cəmil müəllimə qarşı olan hədələri də kifayət qədər əsassız və mənasız sayıram. O ki qaldı Milli Şuranın üzvlərinə, demokratik cameəyə qarşı repressiyalara, şübhəsiz ki, cəmiyyətdə belə bir xof yaratmaq fikri var. Əslində həbslər də, təqiblər də buna xidmət edir. Müəyyən repressiyalar, təqiblər ola bilər. Ancaq bunlar demokratik prosesin qarşısını almaq gücündə olan təqiblər və hədələr deyil. Azərbaycanda demokratik proses başlayıb və seçkilərin nəticələrinin necə olmasından asılı olmayaraq bu, qarşısıalınmaz prosesdir.

- Milli Şuranın seçkilərdən sonrakı fəaliyyəti barədə fikriniz necədir? Siz qurumun bu formatda davam etməsini istərdiniz, yoxsa Milli Şuranı, onun namizədini aşağılayan şəxslərdən ayrılmaqla yola davam edilməsinin tərəfdarısınız?
- Milli Şura yaranarkən qarşısına təkcə Azərbaycandakı prezident seçkilərində iştirakı hədəf qoymayıb. Milli Şuranın əsas hədəfi Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin dinc bir şəkildə həyata keçirilməsindən ibarətdir. Milli Şura bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək və əminəm ki, Azərbaycanı demokratiyaya qovuşduracaq bir quruma çevriləcək. Milli Şura yekcins təşkilat deyil. Burada müxtəlif siyasi partiyaların nümayəndələri, vətəndaş cəmiyyətinin geniş spektri, gənclər, dindarlar, ziyalılar təmsil olunur. Cəmiyyətin tamamilə fərqli kəsimlərinin təmsilçiliyi əsasında formalaşan belə bir qurumda təbii ki, fikir müxtəlifliyi, ayrı-ayrı insanların səsləndirdiyi fərqli yanaşmalar da ola bilər. Milli Şurada kollektiv üzvlük yoxdur, burada fərdi üzvlükdən söhbət gedir. Hər bir insanın fikrinə fərdi münasibət bildirilməlidir. Bu baxımdan düşünürəm ki, Milli Şura bundan sonrakı fəaliyyətində də daha çox epizodik xarakter daşıyan, ayrı-ayrı insanların səsləndirdiyi fikirlərə yox, özünün əsas hədəflərinə köklənən bir fəaliyyət nümayiş etdirəcək. Milli Şura bundan sonra da fəaliyyətini davam etdirəcək. Hesab edirəm ki, bu seçkilərdən Milli Şura nəinki zəifləmiş bir səviyyədə çıxmayacaq, əksinə, daha da güclənəcək. Ola bilsin ki, müəyyən insanlarla bağlı fikir ayrılığı olsun. Kimlərləsə yollar ayrıla bilər, dediyim kimi, Milli Şurada 130-dan artıq insan təmsil olunur. Amma bütövlükdə bu, Milli Şuranın fəaliyyətinə heç bir mənfi təsir göstərə bilməz.

- Seçkilərin nəticəsi olaraq hazırkı dövlət başçısı İlham Əliyevin qələbəsi elan olunacaqsa, o halda üçüncü prezidentlik dönəmindən islahatlarla bağlı gözləntiləriniz varmı?

- Düzü, elə bir gözləntilərim yoxdur. Təəssüf ki, hadisələrin gedişi bu gözləntilərin doğrulma ehtimalını aşağı salır. Seçkilər dövründə köhnə simalar, köhnə yanaşma, köhnə taktika sübut edir ki, hakimiyyətdə islahatlar potensialı elə də böyük deyil. Açığı, mənim bu məsələ ilə bağlı böyük gözləntilərim yoxdur.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA