MSK seçki prosesinin bütün iştirakçılarından üzr istədi

img

09-10-2013 [21:30]


Mərkəzi Seçki Komissiyası qurumun rəsmi saytında olan məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədilə hazırlanmış proqramın sınaqdan keçirilməsi zamanı yol verilmiş anlaşılmazlığa dair bəyanat yayıb. MIA həmin bəyanatı təqdim edir:

"Seçki prosesində aşkarlığın daha geniş təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyasının rəsmi saytında olan bütün məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi və izlənməsini təmin edən proqram modulu və təminatı Mərkəzi Seçki Komissiyasının sifarişi əsasında bu sahədə ixtisaslaşmış "Happy Baku” MMC tərəfindən həyata keçirib. Proqrama veb kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin "online” izlənməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir. Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə şirkət qarşısında xüsusi tələblər qoyulub.
Sonradan bizə bəlli olub ki, proqramla iş başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə icraçı şirkət tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilib və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat verilməyib. Apple şirkəti tərəfindən təsdiq edildiyindən proqram modulunda 9 oktyabra təyin edilmiş prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və bu ilki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib.Test başa çatdıqdan sonra saytdan istifadə dayandırılsa da bu hal istifadəçilər tərəfindən haqlı olaraq anlaşılmazlıqla qəbul edilib.
Mərkəzi Seçki Komissiyası baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların bu ilki seçkilərə heç bir aidiyyətinin olmamasını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir və yaranmış anlaşılmazlığa görə seçki prosesinin bütün iştirakçılarından üzr istəyir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA