Prezidentliyə namizədə daha bir ağır ittiham irəlü sürüldü - açıqlama

img

01-10-2013 [14:01]



Tanınmış vəkil Aslan İsmayılov ictimaiyyətə Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizədi Araz Əlizadənin özünü qondarma Talış-Muğan Respublikasının rəhbəri elan etmiş Ələkrəm Hümbətovla əlaqələri barədə maraqlı fakt açıqlayıb. A.İsmayılov bu haqda "facebook” səhifəsində məlumat paylaşıb: "Araz Əlizadə Ələkrəm Hümbətovla əməkdaşlığını təkzib etməsə, bu mövzuya toxunmazdım. 1993-cü ilin 7 iyun tarixində işlədiyim Prezident Aparatından ictimai-siyasi vəziyyəti öyrənmək üçün Lənkərana ezamiyyətə göndərildim. Elə həmin gün rayonun bütün rəhbərliyi və Ələkrəm Hümbətovla ayrı-ayrılıqda söhbətlərim oldu. Xüsusilə, Ələkrəm Hümbətovla görüşdə durumun faciəli olduğunu anladım. Səhəri gün rayon aktivilə görüşdən sonra xəbər aldıq ki, bir neçə nəfər polis işçisini Hümbətovun adamları oğurlayıb, dağlara çəkiliblər. O dövrdə polis rəisi olan Əlövsət Abbasov başda olmaqla, heç kim polisləri azad edə bilmirdi. Elə bu məqamda Araz Əlizadə peyda oldu və söz verdi ki, Ələkrəm Hümbətovla danışıb, polisləri azad edəcək. Düzü, buna inanmadım. Ancaq Arazın Ələkrəmlə söhbətindən az sonra polislər azad edildi. Bundan sonra Arazın Ələkrəmlə münasibətini araşdırdıqda onların bir komandada olduğuna əmin oldum.

Ancaq çox heyf ki, qayıtdıqdan sonra Ələkrəm və havadarlarının Azərbaycanı parçalamaq, "Talış-Muğan Respublikası” yaratmaq haqqındakı fikirlərimi ciddiyə alan olmadı".

Xatırladaq ki, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasının yarandığını, özünün də bu dövlətin prezidenti olduğunu elan edən Ə.Hümbətov vətənə xəyanət ittihamıyla illərlə həbsdə saxlanıldıqdan sonra 2004-cü ildə azadlığa buraxılıb. Daha sonra vətəndaşlıqdan məhrum edilib və hazırda Hollandiyada yaşayır. O, bir neçə gün əvvəl isə Ermənistana səfər edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA