Abbas Abbasovdan Nazim İbrahimova sərt ittiham gəldi

img

28-09-2013 [17:09]



Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin "Azerros”u diaspora qurumu kimi tanımaması barədə qərarından sonra Rusiyada fəaliyyət göstərən Azərbaycan icmaları sərt bəyanat yayıblar.

Bu barədə "Azerros”un fnkaa.ru saytında məlumat yayılıb. Kifayət qədər sərt tonda bəyanatda Komitə sədri Nazim İbrahimov hədəfə alınıb.

Komitənin "Azerros”a yönəlik addımını böhtan və şər adlandıran icma üzvləri "Azerross”un diaspora quruculuğundakı fəaliyyətindən geniş söz açıblar.

Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin diaspora quruculuğu sahəsində tövsiyə və məsləhətlərini həmişə əldə rəhbər tutduqlarını bəyan edən icma üzvləri Nazim İbrahimovun ittiham ediblər. Sitat: "Bizlər, eləcə də "Azerros” həmişə müstəqil diaspora siyasəti yürütmüşük. Sizin oyunlarınızda iştirak etməmişik. Dünya Azərbaycanlılarının sonuncu qurultayında cənab İlham Əliyevin diaspora quruculuğunu tənqid etməsi belə sizdə və rəhbəri olduğunuz Komitənin effektsiz işində bir canlanma yaratmadı. Prezident bütün ölkələrdəki diaspora qurumlarını həmrəyliyə və birliyə səslədi. Siz cənab İbrahimov, bu birliyi təmin etmədiz. Əksinə, Rusiyadakı diaspora qurumları arasında parçalanma yaratdız. "Azerros”a qarşı atdığınız bu addım isə cənab prezidentin həmrəylik çağırışlarına daban-dabana ziddir”.

Bəyanatda daha sonra bildirilir ki, Nazim İbrahimovun apardığı diaspora siyasəti Azərbaycanın beynəlxalq imicinə də ağır zərbə vurub, dünya azərbaycanlılarının həmrəyliyinə mane olur, nifaq toxumu səpir.

Daha sonra qeyd olunur ki, çox milyonlu diaspora üzvləri arasında heç bir hörmətə və təsirə malik olmayan Komitə sədrinin hərəkətləri Heydər Əliyevin azərbaycançılıq ideyasına ağır zərbələr vurur.

Bəyanatda daha sonra "Azerros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun qısa vaxt ərzində diaspora quruculuğu sahəsində gördüyü işləri sadalayıb, onun Rusiyadakı bütün diaspora qurumlarını birləşdirə biləcək yeganə şəxs olduğunu qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA