Rəhim Qazıyevdən Araz Əlizadəyə sərt cavab

img

02-10-2013 [11:21]


Məlum olduğu kimi, tanınmış vəkil Aslan İsmayılov facebook səhifəsində ASDP sədri Araz Əlizadənin Ələkrəm Hümbətovla isti münasibətlərinin olmasından yazıb: "Ələkrəm Hümbətovun oğurladığı polisləri heç kim azad edə bilmirdi. Araz Əlizadə onunla danışdıqdan sonra polislər azad olundu. Ondan sonra əmin oldum ki, Araz Əlizadə Ələkrəm Hümbətovla eyni komandadadır”.

ASDP sədri Araz Əlizadə isə öz növbəsində bildirib ki, Aslan İsmayılovun dedikləri məntiqdən uzaqdır və həqiqəti əks etdirmir. Ancaq Araz Əlizadə bununla da kifayətlənməyib: "Ələkrəm Hümbətov Rəhim Qaziyevə qoşulmayanədək çox ağıllı, vətənpərvər bir insan idi. Nə vaxt ki, Rəhim Qazıyevə qoşuldu və onun təsiri altına düşdü, zayı çıxdı və dönüb oldu separatçı”,- deyə ASDP sədri bildirib.

Azadliq.info bildirir ki, haqqında deyilənlərə keçmiş müdafiə naziri Rəhim Qazıyev də münasibət bildirib: "Araz Əlizadə səviyyəsində bir adama cavab vermək istəməzdim. Ancaq bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Araz Əlizadə tərbiyəni 2 professordan alıb və mən həmin adamların hər tərəfini yaxşı tanıyıram. Ləyaqəti olan insan başqasının adına böhtan deməz. Araz Əlizadə açıqlama vermişdi ki, guya mən nazir olanda əməliyyat xəritəsini aparıb Rusiyada müzakirə etmişəm və bu haqda hava limanında Araz Əlizadəyə məlumat vermişəm. Bu qədər yalançı, ləyaqətsiz adama mən nə deyim?! Mən Ələkrəm Hümbətovla 1989-cu ildə tanış olmuşam. Həmin dəstələrdə qeyrətli oğullar çox idi və döyüşlərdə şəhid olanlar da var idi. Mən ekstrasens deyiləm ki, Ələkrəmin ürəyindən keçənlərin hamısını biləm. Mən bir dəfə Ələkrəmə dedim ki, sən bir də Talış-Muğan söhbəti eləsən, səni mən güllələyəcəm. Mən Ələkrəmin mövqeyini müdafiə etmirəm və lənətləyirəm. Ələkrəmin ləyaqəti çatmır ki, açıb desin ki, kimin sifarişiylə Talış-Muğan söhbətini qabartmışdı.

Araz Əlizadə yaxşı olar ki, ayıbına qısılsın, prezidentliyə namizəd kimi çıxışlarından utansın. Özünü namizəd sayan adam Ilham Əliyevə vəkillik edib yaltaqlanmaz".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA